Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

33 nəfər ev almaq istərkən pulunu da itirib


Mənzil
Mənzil

Son 10 ildə Bakıda yeni tikilən binalarda mənzil almaq istəyən yüzlərlə vətəndaş aldadılıb, buna görə xeyli adam cinayət məsuliyyətinə cəlb olunub. Lakin pulu ödənilmiş mənzillərin tikilib təhvil verilməməsi, eyni evlərin bir neçə nəfərə satılması kimi hallar yenə də var. Paytaxtın Yeni Yasamal ərazisində yeni tikilidə mənzil almaq istərkən pulunu da itirən daha 33 nəfər illərdir ki, öncə prokurorluğa, ardınca da Bakı Ağır Cinayətlər Məhkəməsinə gedib-gəlir. Bu məhkəmədə onları aldatmaqda suçlanan iki nəfərin -Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində bina inşa edən «Mega City Holding» MMC-nin payçılarından biri Aqil Qədirov və şirkətin icraçı direktoru Elnur Məmmədovun işinə baxılır.

Cinayət işinin materiallarında yazılıb ki, bu işdə zərərçəkən kimi tanınan 33 nəfəri aldadıb, onların təxminən 1 milyon manat pulunu mənimsəyiblər.

Təqsirləndirilən şəxslər CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Ancaq onlar özlərini təqsirli bilmirlər. Deyirlər ki, zərərçəkənləri aldadıb pullarını alanlar onlar yox, şirkətdə pay sahibi olmuş Maksim Zeynalovdur.

Təqsirləndirilən şəxslərlə yanaşı, zərərçəkənlərin bir çoxu da M.Zeynalovu günahlandırır.

Avqustun 28-də məhkəmədə hakim zərərçəkənlərdən ikisinin göndərdiyi məktubu elan edib. Yazıblar ki, A.Qədirov və E.Məmmədovdan şikayətçi deyillər, onları aldadan M.Zeynalov və şirkətin başqa payçıları olub. Digər payçılar arasında isə M.Zeynalovdan başqa, Fariz NuriyevFərhad Nəsirzadə də var.

Avqustun 28-də hakimlər məhkəmə istintaqının tamamlanması məsələsini müzakirəyə çıxaranda təqsirləndirilən şəxslərin vəkilləri etiraz edərək vaxt istəyiblər. Deyiblər ki, vaxt verilsin, zərərçəkənlərə dəymiş ziyanın ödənilməsinə, onlarla barışıq əldə olunmasına cəhd edilir.

Hakim isə bildirib ki, təqsirləndirilən şəxslərə bundan ötrü yetərincə vaxt verilib. Hətta bundan öncə bir dəfə məhkəmə istintaqı yekunlaşıb, prokuror cəza istəyib, lakin sonradan istintaq yenilənib. Buna baxmayaraq, zərərçəkənlərə dəymiş ziyan ödənilməyib. Hakimlər qərar verib ki, məhkəmə araşdırmaları tamamlansın.

Ardından prokuror çıxış edib, təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmədə sübuta yetirildiyini deyib. O, A.Qədirova 12 il, E.Məmmədova isə 11 il həbs cəzası verilməsini təklif edib.

Sentyabrın 6-da vəkillər çıxış edəcək, təqsirləndirilən şəxslər son sözünü deyəcək.

«Mega City Holding» MMC sözügedən yaşayış binasını 2007-ci ildə inşa etməyə başlayıb.

XS
SM
MD
LG