Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Keçmiş deputata 9 il həbs cəzası?


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirliyə 9 il həbs cəzası istənilib. Prokuror sentyabrın 16-da belə bir təkliflə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edib. O, sabiq deputatın şantajla pul tələbinin məhkəmədə təsdiqini tapdığını iddia edib.

Ancaq N. Bəydəmirli bununla razılaşmır. O, prokurorun çıxışından öncə - hakim məhkəmə istintaqını yekunlaşdırmağı təklif edərkən, etirazını bildirərək deyib ki, hələ xeyli araşdırılmalı məsələ var. Hakimlər onun dediklərini nəzərə almayıblar.

Nazim Bəydəmirli buna etiraz olaraq, məhkəmədə həm vəkilindən, həm də bütövlükdə müdafiə prosesindən də imtina edib, belə sifarişli məhkəmələrdə müdafiəçinin heç bir rol oynamadığını vurğulayıb:

“İşimə ədalətli baxılmasından ötrü nə qədər vəsatətlər qaldırmışdım, hamısı qaldı. Mən də susmaq hüququmdan istifadə edirəm”.

N. Bəydəmirli müdafiə prosesindən imtina barədə ərizə yazıb məhkəməyə versə də, hakim onu qəbul etməyərək, qanunda belə halın - təqsirləndirilən şəxsin müdafiədən imtina etmək hüququnun olmadığını söyləyib. Keçmiş deputat razılaşmasa da, məhkəmə istintaqı tamamlanıb.

N. Bəydəmirli 1996-cı ildə Rusiyada azərbaycanlı işadamı Mürsəl İbrahimovu, ötən ilsə Bakıda özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC-nin rəhbəri Ədalət Bağırovu şantaj edib, onlardan pul almaqda suçlanır.

M.İbrahimovla bağlı olayın üstündən 30 ilə yaxın vaxt ötdüyündən, prokuror o ittihama xitam verilməsini, Ə.Bağırovun intim görüntülərlə şantaj edilib 10 min manat alınması ittihamına görəsə keçmiş deputata 9 il həbs cəzası verilməsini təklif edib.

Növbəti məhkəmə iclasında N.Bəydəmirlinin vəkili çıxış edəcək, daha sonra o öz son sözünü deyəcək və ardından hökm oxunacaq.

Xatırlatma

2005-2010-cu illərdə deputat olmuş Nazim Bəydəmirli ötən il iyulun 4-dən həbsdədir.

Cinayət işində iddia edilir ki, spirtli içki biznesiylə məşğul M. İbrahimovun özünü və ailəsini kriminal aləmdə olanlar vasitəsiylə cəzalandırmaqla hədələyən N. Bəydəmirli ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, üstəlik, ona 70 min dollar verməsini istəyib.

M.İbrahimov da şantajdan çəkinərək, 40 min dollarlıq yatırımdan imtina edib, N.Bəydəmirliyə də öncə 28 min, ardından daha 30 min dollar pul verib.

Ə. Bağırovla bağlı ittihama gəlincə, onun intim görüntülərinin yayılmasıyla hədələndiyi iddia olunur. İttihama görə, N. Bəydəmirli ondan 50 min manat istəyib, amma 10 min manat ala bilib.

N.Bəydəmirli deyir ki, hər iki ittiham saxtadır və belə olaylar yaşanmayıb. Sabiq deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarıyla əlaqədar kimisə qurban vermək lazım gəldiyindən, onu seçiblər.

Ötən ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun əhaliyə mənfi təsirinə ciddi etirazını dilə gətirmişdi.

XS
SM
MD
LG