Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Dilqəm Əhməd: 'Foto 100 faiz Rəsulzadənindir!'


M.Ə.Rəsulzadənin yeni fotosu yayılıb
M.Ə.Rəsulzadənin yeni fotosu yayılıb

Araşdırıcı-jurnalist Dilqəm Əhməd Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yeni fotosunu yayıb. AzadlıqRadiosu fotoyla bağlı daha geniş bilgi almaq üçün Dilqəm Əhmədə üz tutub.

- Xoş gördük, Dilqəm bəy! Bir neçə gündür M.Ə.Rəsulzadənin yeni fotosu mətbuatda yayılıb. Sirr deyilsə, fotonu haradan və necə tapdınız?

"Bu fotoşəkildə Rəsulzadənin böyük ehtimalla 43-45 yaşı var".
"Bu fotoşəkildə Rəsulzadənin böyük ehtimalla 43-45 yaşı var".


- Bilirsiniz ki, mən 5 ilə yaxındır ki, Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə məşğulam. Bu mövzuda "Fərqlilər", "Mühacirlərin dönüşü", "Bir ildən yüz ilə", "Mühacirlərin mirası" kimi kitablarım nəşr olunub. Eləcə də baş redaktoru olduğum "Çapar" tarix dərgisində yeni əldə etdiyim materialları müntəzəm dərc edirəm. Materialları isə kampaniyalar keçirərək alıram, bu kampaniyalarda mənə AzadlıqRadiosu da zamanında dəstək oldu. Bu baxımdan, əldə edilən vəsaitlə mən Türkiyənin İstanbul şəhərində bukinistlərdə, hərraclarda olan bizimlə bağlı materialları alıram. Bu fotoşəkli də İstanbulda bir bukinist vasitəsilə əldə etmişəm. Həmin bukinistdən toplu material aldığım zaman balaca ölçülü bu şəkli də üstündə hədiyyə etdi.

- Düzü, fotonu görəndə adam düşünür ki, bu həm Rəsulzadəyə oxşayır, həm də yox... Sizcə, bu şübhə nədən qaynaqlanır?

- Vətəndaşlarımız əmin olsunlar ki, yüz faiz Rəsulzadəyə aiddir. Bilirsiniz, Rəsulzadənin toplumda qəbul edilən görüntüsü onun daha çox qocalıq dövrünə aid şəkilləridir. Onun 40-50 yaş arası dövrünə aid şəkillər olduqca azdır. Xoşbəxtlikdən bir neçəsini mən əldə etmişəm.


Məsələn, onun çimərlik fotoşəkli. Həmin fotoyla müqayisə edilə bilər. Çünki həmin fotonun arxasında Rəsulzadənin imzası və qeydi var. Eləcə də Milli Azərbaycan Tarixi Muzeyinin arxivindəki toplu bir fotoşəklə də baxdığımızda o dövrdəki görüntüsünün fərqli olduğunu görə bilərik. Bu fotoşəkildə Rəsulzadənin böyük ehtimalla 43-45 yaşı var, Avropada çəkilib. Qeyd edim ki, fotoşəkli qrafik dizayner Rəsul Həsən rəngləndirib. Əslində, bu fotoşəkil 2015-ci ildə çap olunan "Fərqlilər" kitabımda dərc olunub. Amma Rəsul bəyin peşəkar rəngləndirməsinə görə gündəm oldu.

- Sizin bu yöndə əvvəlki çalışmalarınızdan xəbərdarıq. Fikrinizcə, Rəsulzadəyə aid fotolar gələcəkdə də üzə çıxa bilərmi və güman yeri daha çox haradır?

M.Ə.Rəsulzadə Həmid Atamanın qızının ad günündə
M.Ə.Rəsulzadə Həmid Atamanın qızının ad günündə

-Əlbəttə ki, çıxa bilər. Bu yaxınlarda professor Ədalət Tahirzadə Rəsulzadənin Ankarada Həmid Atamanın qızının ad günündə çəkilmiş süfrə başındakı fotoşəklini və eyvanda bir şəklini paylaşdı. Şəkilləri Ədalət bəyə Həmid bəyin qızı göndərmişdi. Düşünürəm ki, Azərbaycan Kültür Dərnəyinin üzvlərinin ailə arxivlərində görmədiyimiz fotolar var. Mən həmişə Türkiyədə kimlərdə hansı material var izləyirəm. Hazırda Rəsulzadənin 1920-ci illərə aid bir neçə məktubunu satırlar. Qiymətləri bahadır. Mənə dəstək olunarsa, tarixşünaslığımıza qazandıra bilərəm. Kampaniyamız aktivdir, sosial şəbəkələr vasitəsilə əlaqə qura bilərlər.

- Arxivinizdə Cümhuriyyət qurucularıyla bağlı son vaxtlar əldə etdiyiniz daha nələr var?


- Son dönəmlər Rəsulzadəyə göndərilmiş iki açıqca əldə etmişəm. Açıqcalardan birini istiqlal şairi Əmin Abid Gültəkin, digərini isə Cümhuriyyət tələbəsi Əli Yusif göndərib. Bu iki açıqca özü ilə bərabər bir neçə məsələyə aydınlıq gətirib. Şəxsi arxivlə yanaşı, özüm də Türkiyədə arxiv və kitabxanalarda çalışıram. İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümü ilə bağlı Əbdürrəhman Fətəlibəyli ilə bağlı yeni kitab hazırlamışam. İnşallah, yeni materialların olduğu bu kitab tezliklə çap olunacaq.

- Onda belə görünür, tezliklə Sizinlə yenidən görüşəcəyik.

- İnşallah!

XS
SM
MD
LG