Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Prokurorun istədiyindən də ağır cəza kəsilən inanclı: 'Evimin üstünə 'Ya Allah' yazmışdım deyə...'


Həbs
Həbs

Azərbaycanda son dövrlərdə narkotik ittihamı ilə həbs edilən yüzlərlə dini inanclıdan biri də Əlirza Firudinbəylidir. O bu ittihamı saxta sayır və deyir ki, cibindən çıxdığı iddia edilən narkotikin ona heç bir aidiyyəti yoxdur. Sözlərinə görə, narkotiki cibinə polislərin özləri atıb, özləri də çıxarıblar.

Əslən Lerik rayonundan olan 30-yaşlı Ə.Firudinbəyli paytaxtın Binə qəsəbəsində ailəsi ilə birlikdə yaşayıb. Həbs olunduğu ərəfədə - aprel ayında işi ilə əlaqədar Mingəçevirdə xalası oğlu ilə kirayədə qalırmış. Usta olan Ə.Firudinbəyli o qohumu ilə birgə bir obyektin təmiri ilə məşğulmuş.

"Təxminən 10-15 dəqiqə sonra…"

Cinayət işinin materiallarında iddia olunur ki, aprelin 9-da axşam - təxminən saat 9-da Mingəçevir şəhərində polislər onu saxlayaraq polis şöbəsinə gətirib, cibinə baxanda üstündən 18 qramdan çox narkotik tapılıb.

Özü cinayət işinin materiallarında yazılanları yalan adlandırıb və yada salır ki, aprelin 9-u oruc tutduğu günmüş. Axşam saat 8-ə qalmış kirayə qaldığı evdə orucunu açarkən qəfildən üç nəfər mülki geyimli evə daxil olub: "Xalam oğluna işdən zəng gəldi, getdi. Mən də iftarımı açırdım. Təxminən 10-15 dəqiqə sonra üç nəfər evə, sözün əsl mənasında, basqın elədi. Əl-qolumu bağladılar, stulun başındakı gödəkcəmi geyindirdilər. O gödəkcənin cibinə qoydular narkotiki...".

Ə.Firudinbəyli danışır ki, bu hadisədən az öncə - mart ayında Mingəçevirdə işlədiyi vaxt Bakıdan ona zəng gəlmişdi. Binə qəsəbəsində evinin divarına "Ya Allah" yazılmasına görə Xəzər rayonu, 3-cü polis bölməsinə çağrılmışdı. Deyir ki, gedib-gəlib və ondan sonra evin üstündəki həmin yazını silib. Amma bundan sonra yenə polis şöbəsinə çağrılıb: "Bu dəfə də tanımadığım polislər mənə dini mövzuda suallar verdilər, sonra sərbəst buraxdılar...".

"Bir nəfər alışqan istədi…"

Şərləndiyini vurğulayan Ə.Firudinbəylinin dediklərini xalası oğlu da təsdiqləyib. Onun sözlərinə görə, hadisədən təxminən 10-15 dəqiqə öncə işlədikləri obyektin sahibi onu dekor üçün daş göstərməyə çağırıb: "Evdən çıxıb yolu keçərkən bir nəfər alışqan istədi. Dedim ki, alışqanım yoxdur. Başqa biri yaxınlaşıb adımı soruşdu. Dedim ki, adımı neynirsən? Biri də gəlib, məni maşına dirədi, məcbur elədilər ki, adımı deyim. Dedim ki, adım Sakitdir. Kiminlə yaşadığımı soruşdular. Xalam oğlu Əlirza ilə yaşadığımı dedim. İkisi məni maşında saxlayıb, üçü evə getdi. Az sonra onu sürüyüb gətirdilər...".

Ə.Firudinbəyli təkcə məhkəmədə yox, istintaqdakı ifadəsində də deyib ki, narkotikin ona aidiyyəti yoxdur.

Ə.Firudinbəyliyə ittiham verilən Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Prokuror onun 5 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib. Bilal Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası isə prokurorun təklifindən də ağır – 6 il həbs cəzası kəsib.

Xatırlatma

"Müdafiə Xətti" insan haqları təşkilatının məlumatına görə, Azərbaycanda 2023-cü il ərzində yüzlərlə dini inanclı şəxs narkotik ittihamı ilə həbs olunub. Onların əksəriyyətinin məhkəməsi hazırda davam edir. Həbs edilənlər narkotik ittihamının saxta olduğunu, şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları yalanlayıb və həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu bəyan edib.

XS
SM
MD
LG