Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Yeni qanun dövlət satınalmalarına şəffaflıq gətirəcəkmi?


Bir aylıq şirkət 48 minlik tenderi necə qazanıb?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Bir aylıq şirkət 48 minlik tenderi necə qazanıb?

Avqustun 19-da prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında" Qanunun yeni redaksiyada tətbiqi barədə fərman imzalayıb. Bu qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyənləşdirir. Yeni qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Onun hazırlanması iki ildən çox vaxt alıb.

Hər il Azərbaycanda dövlət satınalmalarına böyük həcmdə vəsait xərclənir. Məsələn, ötən il belə satınalmalarının toplam dəyəri 6 milyard 779 milyon manat olub. Başqa deyimlə, 32 milyard manatlıq ötənilki büdcənin 7 milyard manata yaxını – 20 faizindən çoxu dövlət satınalmalarına xərclənib. İctimai vəsaitlərdən satınalmalara bu qədər böyük məbləğlərin sərfi həmin ödənişlərin şəffaflığı ilə bağlı haqlı suallar doğurur. Di gəl, Azərbaycanda, bir çox digər sahədə olduğu kimi, dövlət satınalmalarında da şəffaflıq və hesabatlılıq istənilən səviyyədə deyil. Bu üzdən, bir çox dövlət qurumu büdcə vəsaitlərini səmərəsiz xərcləyir. Büdcə vəsaitlərinin necə xərclənməsinin auditini aparan Hesablama Palatası hər il bu xərclərin istifadəsində yol verilən çoxsaylı pozuntulara diqqət çəkir.

Ötən il Azərbaycanda dövlət satınalmalarının 35.4 faizi bir mənbədən satınalma yoluyla gerçəkləşdirilib. Deməli, rəqabətsiz ortamda baş tutub. Məbləğ baxımından bir mənbədən satınalmaların toplam xərclənən vəsaitdəki payı 33.6 faiz olub.

Yeni qanunda nələr var?

Yeni qanunda dövlət satınalmalarının yalnız portal vasitəsilə aparılması, təklifləri çoxaltmaqdan ötrü elanların portalda yerləşdirilməsi, məxfi bilgilərlə bağlı satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarda gerçəkləşdirilməsi nəzərdə tutulub.

Bu qanuna əsasən, hər hansı rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalara qatıla biləcək. Satınalma komissiyası təchizatçıların satınalmalara qatılmasına bu qanuna əsasən öncədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, eləcə də onların arasında ayrıseçkilik yaradan tələb, meyar və prosedurlar müəyyənləşdirə bilməz.

Dövlət satınalmalarına qatılmaq üçün sənəd və ya bilgilərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkünsə, həmin sənəd və ya bilgilər təchizatçıdan tələb edilməyəcək.

Ehtimal olunan qiymət 100 min manat və daha çox olarsa, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilməlidir. Ehtimal olunan qiymət 100 min manatdan az olarsa, satınalmalar kotirovka sorğusu metodunun tətbiqi ilə keçirilə bilər. Qiymətlər nə qədər olsa da, bu satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilməlidir:

- qapalı tender metodu;

- bir mənbədən satınalma metodu;

- çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

Açıq tenderlər üzrə ehtimal qiymət 1 milyon manatadək olarsa, elanlar 15 iş günündən öncə verilməlidir. 10 milyon manatadək tenderlər üzrə 20 gündən, 10 milyon manatı aşan tenderlər üzrə 30 iş günündən öncə elanlar verilməlidir.

Yeni qanun çatışmazlıqları aradan qaldırmağa yetərlidirmi?

Yeni hazırlanan qanunda dövlət satınalmalarına nəzarətin artırılması ilə bağlı maddələr olsa da, qanunun tətbiqi dövlət satınalmalarında korrupsiya hallarını tam aradan qaldırmağa yetərli deyil. Axı Azərbaycanda dövlət satınalmalarındakı pozuntuların əsas səbəblərindən biri ölkədə məmur sahibkarlığının geniş yayılmasıdır. İndiyədək yayımlanan jurnalist araşdırmaları sübuta yetirib ki, bir çox dövlət qurumunun elan etdiyi tenderlərin qalibləri elə həmin qurumların rəhbərlərinə məxsus şirkətlərdir. Bu rəhbər şəxslər çox vaxt ailə üzvlərinə və digər yaxın adamlarına məxsus şirkətlərin belə tenderlərdə qalib çıxmasını təmin edir. Bu baxımdan, ölkədə dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün ən vacib amil məmur sahibkarlığını, dolayısıyla, maraq toqquşmasını aradan qaldırmaqdır. Ancaq bu yöndə hər hansı kəsərli addım gözə dəymir. Təkcə onu demək yetər ki, "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" Qanun Azərbaycanda da qəbul edilsə və 2005-ci ildən qüvvəyə minsə də, hələ də icra edilmir.

Dövlət satınalmaları ilə bağlı tenderlərdə süni rəqabət yaratma halları da var. Bu zaman eyni şəxsə məxsus müxtəlif şirkətlərin tenderdə iştirakı təmin edilir. Həmin yalançı şirkətlər daha çox qiymət tələb edir. Eyni şəxslə bağlı başqa bir şirkətin daha az ödəniş tələbi onu qalib çıxarır və, beləcə, açıq tenderin rəqabət ortamında baş tutduğu görüntüsü yaradılır.

O biri yandan, yeni qanundakı bəzi maddələr də satınalmalarda korrupsiya hallarının davam etməsinə şərait yarada bilər. Məsələn, qanunun 49.1.3-cü maddəsi satınalmanın bir mənbədən keçirilməsinə yaşıl işıq yandırır. Di gəl, satınalma aparan orqanın bu mülahizə və qənaətə necə gəlməsi məsələsi açıq qalır. Həmin təşkilatlar heç də reallığı əks etdirməyən mülahizə və qənaətlər hesabına bir mənbədən satınalma keçirilməsini istəyə bilər.

XS
SM
MD
LG