Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Dövlətin balıqartırma müəssisələri istifadəsiz qalıb


Qızıl balıq, arxiv foto
Qızıl balıq, arxiv foto

Xərc artır, balıq azalır


Hesablama Palatası ötən il dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə xərclənən vəsaitləri araşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilboyu 4 proqrama 48.5 milyon manat xərclənməyi proqnozlaşdırılıb. Ancaq yekunda nazirlik 36.1 milyon manat xərcləyib. Bu isə proqnozdan 12.4 milyon manat az deməkdir.

Araşdırmada özəlliklə “su bioloji resurslarının artırılması və mühafizəsi” üzrə xərclərə dair məqamlar diqqət çəkir. Ötən il sözügedən nazirlik bu istiqamətdə təxminən 1 milyon 300 min manat xərcləyib. Bu, 2021-ci illə müqayisədə 76 min manat çoxdur.

Xərclər artsa da, balıqartırma müəssisələrinin buraxdığı balıq sayı azalıb. Bu müəssisələr 2021-ci ildə 80 min qızıl balıq buraxmışdısa, ötən il həminu rəqəm 55 minə geriləyib. Çəkikimilərə aid balıq növləri üzrə göstəricilər daha çox azalıb. Bir il ərzində belə balıqların artırılması 3.8 milyondan 1.4 milyona enib.

Balıqçı: 'Kürdə balıq azalıb, heç nə tuta bilmirəm'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Balıqartırma müəssisələrinin də sayı azalıb

Dövlət Statistika Komitəsinin (DSK-nın) bilgilərinə görə, ölkədə 2000-2017-ci illərdə 12 ədəd, 2018-2019-cu illərdə 8 ədəd, 2020-ci ildə 7 ədəd balıqartırma müəssisəsi olub. Hazırda onlardan cəmi üçü gözəçarpan fəaliyyət göstərir.

Dörd müəssisənin işi iqtisadi baxımdan sərfəli sayılmadığından və maddi-texniki bazası yararsız olduğundan dayandırılıb. Bu müəssisələr özəlləşdirməyə açıq elan edilib. Rəsmi rəqəmlərdən bəlli olur ki, fəaliyyətini dayandırmış bu dörd müəssisənin saxlanmasına ötən il dövlət büdcəsindən 143 min manatdan çox vəsait xərclənib.

Bu baxımdan, istehsal fəaliyyəti dayandırılmış və özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi və uzun müddətdir özəlləşdirməyə açılsa da, durumun dəyişməməsi Azərbaycanda balıq sənayesinin inkişafını gerilədir, üstəlik, dövlət büdcəsinin yükünü çoxaldır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO-nun) statistik məlumatlarına əsasən, dünyada adambaşına balıq istehlakının orta illik göstəricisi 18 kq-dır. Azərbaycanda adambaşına orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın olub və son illərdə artaraq 7,5 kq-a çatıb. Bu baxımdan, rəsmi rəqəmlərdən də aydın olur ki, ölkədə balıq istehlakı dünya göstəricisindən aşağıdır.

Balıqçılar qəsəbəsində sakinlər: 'Su çəkilib, balıq yoxdur'
Gözlə

No media source currently available

0:00 0:08:20 0:00

Meşə sahəsi artmır

Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşəçilik sahəsindəki fəaliyyətini də araşdırıb. Bəlli olub ki, nazirlik meşə sahələrinin artırılması istiqamətində proqram icra etsə də, meşə sahəsi faktik artmayıb. Ötən il ölkədə meşə fondunun sahəsi 1 milyon 214 min hektar və ya 2021-ci ilin faktik göstəricisi ilə eyni olub.

Nəzərə almaq lazımdır ki, bu, ölkə ərazisinin 11.8 faizi deməkdir. Həmin göstərci Rusiya Federasiyasında 44 faiz, Latviyada 41 faiz, Gürcüstanda 39 faizdir.

Azərbaycanda adambaşına təxminən 0.12 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən uyğun orta rəqəmdən dörd dəfə azdır. Beynəlxalq təcrübəyə görə, meşələrin sahəsi ölkə ərazisinin 20 faizindən azdırsa, belə ölkələr meşə təminatına görə ən zəif qrupa aid edilir və həmin ölkələrdəki meşələrdə yalnız sanitar qırımlara icazə verilir.

Bütün bunları nəzərə alan Hesablama Palatası da bildirib ki, meşələrin qorunması və genişlənməsinə daha çox vəsait ayrılmasına və bu istiqamətdə idarəetmənin keyfiyyətcə yaxşılaşdırılmasına ehtiyac var.

Meşə əvəzinə daş hasar?
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00

Yeddi mindən çox obyekt atmosferə tullantı atır

Hesablama Palatası nazirliyin ətraf mühitin monitorinqinin təşkili istiqamətindəki fəaliyyətini də araşdırıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, ölkədə atmosferə tullantı atan stasionar mənbələrin sayı 7 min 217-ə yüksəlib. Bu, 2021-ci illə müqayisədə 57 ədəd artım deməkdir. Azərbaycanda su hövzələrinə (Xəzər dənizi istisna olmaqla) tullantı atan stasionar mənbələrinin sayı 1 min 35-dir.

Bu tip obyektlərin də sayı 2021-ci illə müqayisədə 6 ədəd çox olub. Atmosferə və su hövzələrinə tullantı atan obyektlərin sayı artsa da, nazirliyin bu yöndəki monitorinqlərinin sayı 826-dən 630-a enib, yəni təxminən 25 faiz azalıb. Üstəlik, belə monitorinqlərin təşkilinə 1.4 milyon manat proqnoza qarşı, 1 milyon manat xərclənib.

Hesablama Palatası öz araşdırmasında sözügedən nazirliyin və tabeli qurumların fəaliyyətinin maliyyə təminatında da səmərəsiz məqamlara toxunub. İstər birbaşa dövlət büdcəsindən, istər büdcədənkənar əməliyyatdan, istərsə məqsədli büdcə fondlarından oxşar xərclər proqnozlaşdırılır və sərf edilir.

Bu dağınıqlıq maliyyə resurslarından daha qənaətli istifadə imkanlarını məhdudlaşdırır, üstəlik, maliyyə-büdcə intizamının gücləndirilməsi üçün daha əlverişli ortam yaradılmasına ziyan vurur. Bu baxımdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı institutsional quruluş təkmilləşdirilməlidir.

XS
SM
MD
LG