Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Aclıq çəkən əfqanlar uşaqlarını işə göndərir. Günə yarım dollar qazanan da var...


Əfqan uşaqlar
Əfqan uşaqlar

Qulam Əli Əfqanıstanın paytaxtı Kabili taxta araba ilə dolaşaraq tərəvəz satır, günə 2 dollar qazanır.

Əlinin cəmi 14 yaşı olsa da, ailəsini dolandıran yeganə adamdır. Atası səhhətinə görə işləyə bilmədiyindən, Əli keçən il təhsilini yarımçıq qoyaraq çörəkpulu qazanmağa məcbur olub.

“Bir il əvvəl dərs oxuyur, bəzən işləyirdim. Amma bu il daimi işləməliyəm”, – səkkizinci sinifdə oxuyan Əli “Azadi” radiosuna deyib.

Əli gəlirlərin azaldığı və milyonlarla insanın aclıq astanasında olduğu Əfqanıstanda işləyən ən azı 1 milyon uşaqdan biridir. Bu uşaqlar ayaqqabı təmizləyir, maşın yuyur, küçələrdə dilənçilik edir və ya mədənlərdə işləyirlər.

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra uşaq işçilərin sayı artıb. Hakimiyyət dəyişikliyi ölkədə artıq mövcud olan böyük humanitar böhranı daha da ağırlaşdırıb. İnflyasiyanın artmasına və kütləvi işsizliyə aparan iqtisadi çöküşün başlanmasına səbəb olub.

6 milyon aclıq astanasında...

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 6 milyon əfqan aclıq astanasındadır və daha 28 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.

Talibanın qadınların məşğulluğuna ciddi məhdudiyyətlər qoyması, o cümlədən qadınların yerli və xarici QHT-lərdə işləməsini yasaqlaması da uşaq əməyini artırıb.

Qadınlar öhdəliyində olan ailələri saxlamaq üçün xeyriyyə təşkilatlarının pul və ərzaq yardımına güvənirdilər. Amma dekabrda Talibanın xarici QHT-lərin fəaliyyətini dayandırmasıyla, onların çoxu öz başının çarəsinə baxmalı oldu.

"Cəmi 13 yaşım var və evdə altı nəfərik. Evin xərclərini qarşılaya bilmirəm, bizə kömək lazımdır”, – deyən Saminin atası bir neçə il əvvəl vəfat edib. O, qərbdəki Farah şəhərində zibillikləri gəzərək satmağa təkrar emal oluna bilən plastik və metal axtarır. Gündə 50 sentə (0,50 dollara) yaxın pul qazanır. Ailəsi humanitar yardımdan məhrum olan Sami küçələrdə işləməyə məcburdur.

Hər ailədən bir uşaq...

“Save The Children” təşkilatının 2022-ci ildə apardığı araşdırmaya görə, Əfqanıstanda ailələrin beşdə biri uşaqlarını işə göndərmək məcburiyyətində qalır.

“Əgər bu ailələrin hər birində təkcə bir uşaq işə göndərilirsə, deməli, ölkədə bir milyondan çox uşaq əməyə cəlb olunub”, – Londonda yerləşən təşkilat bildirib.

Başqa bir sorğu üzə çıxarıb ki, 2022-ci ildə qadınların başçılıq etdiyi ailələrin 29 faizində ən azı bir uşaq işləməyə məcbur olub. Bu rəqəm 2021-ci ildə 19 faiz idi. Kişilərin saxladığı ailələrdə isə bu rəqəmlər 13 faizdən 21 faizə yüksəlib.

"Uşaqlarımızın gələcəyinə etinasız yanaşma ölkəmizin gələcəyini məhv edəcək", – bunu əfqan uşaq hüquqları üzrə ekspert Nisar Əhməd Kohin “Azadi” Radiosuna bildirib.

Fəallar Talibanı uşaq əməyinin qarşısını almağa çağırıb. Lakin silahlı qruplaşma problemin həlli ilə bağlı hər hansı plan açıqlamayıb.

Çarəsiz valideynlər

Əfqanıstanda ağır iqtisadi və humanitar böhran dərinləşdikcə uşaq işçilərin sayının artacağı ehtimal edilir.

Ötən ay BMT əfqanların təxminən 85 faizinin yoxsulluq həddinin altında yaşadığını açıqladı. Bu rəqəm, Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinin hakimiyyətdə olduğu 2020-ci ildən bu yana, 15 milyonluq böyük bir artım deməkdir.

Həbibullahın mərkəzi Bamiyan vilayətində avtomobil təmiri sexi var. Onun sözlərinə görə, ailələrini dolandırmaq üçün uşaqlarını işləməyə göndərən çarəsiz valideynlərin sayı artır.

“Ailələr hər gün gəlib məndən uşaqlarını şagird kimi götürməyimi xahiş edirlər. İqtisadi şərait insanları övladlarının təhsilini qurban verməyə [və onları işə göndərməyə] məcbur edir", – Həbibullah “Azadi” radiosu ilə söhbətində deyib.

Bamiyandakı sosial işçi Mira Can Rasix isə “Azadi” radiosuna söyləyib ki, Taliban məsuliyyəti öz üzərinə götürməlidir: “Hökumət uşaqları ağır zəhmətdən qorumağa borcludur”.

XS
SM
MD
LG