Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:48

'Görünür, Qərb ilə 'bir addım irəli, iki addım geri' siyasəti artıq işləmir'


Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında.
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında.

Mayın 25-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 154 nəfərə şamil edilib.

Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

"Əfv Komissiyasının tərkibində dəyişikliklər olunmalıdır"

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Turan"a bildirib ki, əfv sərəncamlarının imzalanması həmişə müsbət bir addımdır: "Həbsdə olan adamlar azadlığa buraxılır, öz doğmalarına qovuşur".

Eyni zamanda, o, əfv sərəncamında barələrində məhkəmə qərarı olan jurnalistlərin adlarının olmadığına görə təəssüf hiss keçirir: "Həmçinin siyahımızda olanların heç biri əfvə düşmədi. Bu, çox təəssüfedicidir".

N.Cəfəroğlu hesab edir ki, Əfv Komissiyasının tərkibində dəyişikliklər olunmalıdır: "Həmin siyahıları komissiya tərtib edir. Jurnalist qurumlarının rəhbərləri və redaktorları, hüquq müdafiəçiləri prezident İlham Əliyev ilə görüşüb ona jurnalistlər ilə bağlı vəziyyət barədə məlumat verməlidir".

Rüfət Səfərov
Rüfət Səfərov

"Bir nəfər də olsun siyasi məhbusun adı yoxdur"

Hüquq müdafiəçisi Rüfət Səfərov AzadlıqRadiosuna deyib ki, əfv sərəncamı ilə bağlı ciddi gözləntiləri yox idi: "Gözləmirdim ki, yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan 300-ə yaxın şəxs bu sərəncamla azadlığa buraxılacaq. Amma müəyyən ümidlərim ondan ibarət idi ki, hakimiyyət son dövrlərdə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, siyasi güc mərkəzlərinin ard-arda etdiyi tənqidlərdən sonra müəyyən yumşalmaya gedər. Təəssüf ki, bu, baş vermədi".

R.Səfərovun sözlərinə görə, ilk dəfədir ki əfv sərəncamında bir nəfər də olsun siyasi məhbusun adı yoxdur: "Bu əfv sərəncamının ictimai-siyasi, hüquqi mənada Azərbaycan cəmiyyətinin ictimai maraqlarına xidmət etmədiyi qənaətindəyəm".

Fazil Mustafa
Fazil Mustafa

"Ölkədə xüsusi bir siyasi məhbus yoxdur"

Prezident yanında Əfv Məsələləri Komissiyasında isə fərqli düşünürlər. Komissiyasının üzvü, deputat Fazil Mustafa "Turan"a deyib ki, sərəncam üç aydır onların iclaslarında məsələlər müzakirə olunandan sonra ortaya çıxıb: "Cənab prezidentə bu müzakirələrin nəticəsi təqdim olundu, onun tərəfindən də belə sərəncam imzalandı. Bu, ənənəvi bir əfv sərəncamıdır, prezident dəfələrlə belə sərəncamları imzalayıb. Əsas məqsəd insanlara yenə də mümkün qaydada şərait yaratmaqdır ki, islah olunandan sonra cəmiyyətə qovuşsunlar".

Komissiya üzvü əfv sərəncamını humanist addım kimi qiymətləndirib: "Onun gerçəkləşməsi prezidentin insanlara bir şans tanımaq niyyətindən irəli gəlir. İnsanların əfv sərəncamı ilə azadlığa qovuşması müsbət bir hadisədir və bu ənənə davam edəcək".

F.Mustafa kiminsə siyasi məhbus kimi tanınması barədə məlumatlı olmadığını deyir: "Bildiyim odur ki, ölkədə xüsusi bir siyasi məhbus yoxdur. Hüquq müdafiə təşkilatlarında həbs olunan şəxslər ilə bağlı siyahılar var. Amma Əfv Komissiyasına hansı sənədlər təqdim olunursa, biz onların üzərində müzakirə aparırıq, sənədlər olmayanda müzakirə aparılmır".

O vurğulayıb ki, müraciət edənlərin adı siyahıda mütləq yer alır.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

"Bir addım irəli, iki addım geri"

Müxalifdə olan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli AzadlıqRadiosuna açıqlamasında ölkədə siyasi məhbusların olmaması ilə bağlı deyilənləri qəbul etməyib. Onun fikrincə, son əfv sərəncamı ölkədə sərtləşmə siyasətinin davam edəcəyini göstərir: "İlham Əliyevin kursu sərtləşir. Vətəndaş cəmiyyətinə, müxalifətə repressiyalar artacaq və ölkədə faktiki olaraq mövcud olan siyasi mühitin son işartıları da məhv ediləcək".

Amma, onun qənaətincə, görünür, Azərbaycan hakimiyyətinin son illər Qərb ilə apardığı "bir addım irəli, iki addım geri" siyasəti artıq işləmir: "Daha öncələr Azərbaycanda əfv sərəncamları ilə bir-iki nəfər siyasi məhbus əfv olunardı, Qərb ilə Azərbaycan arasındakı gərginlik aradan qalxardı və hakimiyyət özünü rahat hiss edərdi, yolunu davam edərdi. Amma indi, görünür ki, dünya düzəni dəyişir və artıq, ABŞ prezidenti Co Baydenin Respublika Günü ilə bağlı İlham Əliyevə ünvanladığı məktubda deyildiyi kimi, Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməlidir".

G.Hacıbəyli düşünür ki, Azərbaycan hakimiyyətinin bu davranışları uzunmüddətli perspektivdə yaxşı heç nə vəd etmir.

Xatırlatma

Azərbaycanda son əfv sərəncamı 2023-cü il mayın 8-də imzalanmışdı. O zaman sərəncam 801 məhkumu əhatə etmiş, onlardan 463-ü azadlığa buraxılmışdı. Azadlığa çıxanlardan bir neçəsi hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alırdı.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG