Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Əli Kərimli: 'Bu işə İlham Əliyev baxıb qərar verəcək'


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) sədri Əli Kərimlinin fikrincə, onun məhkəməsində hökmü hakim yox, prezident verəcək.

“Mənim üçün fərqi yoxdur ki, bu işə siz baxacaqsınız, yoxsa başqa hakim. Mahiyyət üzrə bu işə İlham Əliyev baxıb qərar verəcək”, - Ə.Kərimli oktyabrın 14-də öz məhkəməsində belə deyib.

Beş il öncə AXCP-dən xaric olunmuş, sonradan məhkəmə qərarı ilə partiyaya bərpa edilən Aydın Əliyev xüsusi ittiham qaydasında iddia qaldıraraq, Ə.Kərimlinin cəzalandırılmasını tələb edir. O, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə AXCP sədrinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarındakı çıxışlarında ona böhtan ataraq, hakimiyyətlə əməkdaşlıqda suçlayıb.

AXCP sədri və vəkilinin məhkəməyə təqdim etdikləri bir sıra sənəddə A.Əliyevin İctimai Nəzarət Koalisiyasının üzvü olduğu, Heydər Əliyev muzeyi, İlham Əliyev guşəsinin yaradılmasında iştirak etdiyi göstərilib. Ə.Kərimli vurğulayıb ki, həmin sənədlər AXCP-nin siyasi kursuna A.Əliyevin zidd davrandığını, bu üzdən, partiyadan uzaqlaşdırıldığını sübut edir.

“Nümayəndə özü hakimə təzyiq edir”

A.Əliyevin nümayəndəsi Elvin Əliyev məhkəmə prosesinə sədrlik edən Babək Pənahova yazılı etirazını bildirib. O, Nəsimi rayon Məhkəməsinin önünə Ə.Kərimli ilə birlikdə çox sayda insanın gəlməsinə və bunun qarşısının alınmamasına etiraz edib: “Məhkəmədə bizim sözümüz kəsilir, yerdən replika atılır”.

Ə.Kərimlinin fikrincə, bu etiraz görüntü yaratmağı hədəfləyir və gələcəkdə uyğun rəy yaratmağa hesablanıb: “Halbuki, nümayəndə özü hakimə təzyiq edir. Hakimə deyir ki, “sizdən tələb edirəm”. Səlahiyyət həddini aşıb, məhkəmə zalından kənarda, binanın qarşısında baş verənlərə münasibət bildirir, hakimə deyir ki, niyə adamların gəlməsinin qarşısını almırsınız”.

AXCP sədri işin siyasi xarakter daşıdığını, o səbəbdən məsələyə hansı hakimin baxmasının fərqi olmadığını vurğulayıb və sadəcə, prosesin uzanmasının onu rahatsız etdiyini deyib.

Hakim etirazın baxılmamış saxlanmasına qərar verib.

A.Əliyevin nümayəndəsi məhkəməyə təqdim etmək üçün vəsatətləri olduğunu bildirərək, həmin sənədlərin hazırlanmasına vaxt istəyib.

Ona oktyabrın 22-nədək vaxt verilib.

Ə.Kərimli ona qarşı iddianın icraata götürülməsini və təqsirləndirilən şəxs statusunda tanınmasını “siyasi sifarişin icra olunması” kimi qiymətləndirib.

AXCP-nin qənaətincə də bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişiylə başladılıb. Bu düşüncə partiyanın bəyanatında əksini tapıb.

Bu bəyanata hakimiyyətdən reaksiya gəlməyib.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

AXCP sədri barədə daha öncə - 1994-cü ilin sentyabrında, təşkilat Azərbaycan Xalq Cəbhəsi adlandığı və Əli Kərimlinin həmin təşkilatda sədr müavini olduğu vaxt da cinayət işi qaldırılmışdı. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmiş və o, qısa müddət həbsdə saxlanmışdı.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən, 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət etmiş, ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək, ona yeni pasport verilməsindən imtina edilmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlamışdı. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirmişdi. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Əli Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar versə də, AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG