Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:43

Əliyevin 'alternativ danışıqlar' təklifinə Paşinyanın reaksiyası: Azərbaycan platformanı dəyişmək istəyir?


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib

Paşinyan: Azərbaycan başqa platforma təklif etməyə çalışır...

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanı danışıqlar meydançası kimi təklif etməsinə münasibət bildirib.

Paşinyan deyib ki, hazırda Brüssel görüşünün müzakirə olunduğu bir vaxtda Azərbaycan başqa platforma təklif etməyə çalışır və bunu başqa platformaya keçid kimi qiymətləndirmək olar:

“Qranadada görüş olub. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Avropa İttifaqının platformasında qeydə alınıb...Təbiidir ki, biz Brüsseldə görüşəndə, söhbət deməzdim ki, təkcə Ermənistan Respublikasının marağında olan prinsiplər çərçivəsindən gedib. Ermənistan Respublikası bu prinsipləri qəbul edib, yeri gəlmişkən Azərbaycan da qəbul edib. İndi bizim çərçivəsi olan Brüssel görüşü məsələsini müzakirə etdiyimiz bir vaxtda, Azərbaycanın başqa platforma təklif etməsi bizim tərəfimizdən belə yozula bilər ki, Azərbaycan başqa platformaya keçməklə artıq razılaşdırılmış prinsipləri neytrallaşdırmaq istəyir”.

Paşinyanın sözlərinə görə “gizli planın olmasından, hər şeyin güc tətbiqi, müharibə ilə nəticələnəcəyindən” olan narahatlqılar güclənir:

“Biz istənilən söhbətə qarşı deyilik, amma biz, bizi artıq razılaşdırılmış prinsiplər çərçivəsindən çıxaracaq məntiqə qarşıyıq”.

Tbilisi görüşü, yoxsa 3+3?

Paşinyan eyni zamanda bunu da bildirib ki, Yerevan 3+3 formatı üzrə danışıqlara da razıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, oktyabrın 10-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə prezident İlham Əliyev 3+3 formatının vacibliyindən danışıb.

O vurğulayıb ki, regional problemlər region ölkələrinin iştirakı ilə müzakirə olunmalıdır.

Ermənistan rəsmiləri bildirirlər ki, Əliyevin bəyanatından söhbətin Gürcüstan platformasında Azərbaycan-Ermənistan danışıqlarından, yoxsa 3+3 formatından getdiyi məlum olmur.

Bu format ilk dəfə 44 günlük müharibədən sonra Türkiyə tərəfindən təklif olunmuş, Moskva və Bakı tərəfindən qəbul edilmişdi. Amma Tbilisi onun ərazilərini işğal edən Rusiya ilə eyni formatda danışıqlardan imtina etdiyini bildirmişdi.

Ermənistan hələ iki il bundan əvvəl bildirmişdi ki, başqa platformalarda müzakirə olunan məsələlər, o cümlədən Qarabağ məsələsi 3+3 formatında müzakirə olunmamalıdır.

Əliyev: ‘Azərbaycan ilə Ermənistan nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər’

“Oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi.”

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

Onun əlavə etməsinə görə, Azərbaycan Rusiyanın vasitəçiliyini minnətdarlıqla qəbul edir:

“Çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir.”

Prezidentin sözlərinə görə, onlar təklifi müsbət qarşılayıb və xarici işlər nazirləri Rusiya və ermənistanlı həmkarları ilə görüşməyə hazır idi:

“Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi...”

İlham Əliyev deyib ki, Azərbaycan sülh sazişi üzərində işi davam etdirməyə hazırdır:

“Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək.”

Ermənistandan...

Bu fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma Ermənistan rəsmiləri bir qayda olaraq Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını deyirlər.

Bişkek görüşü ilə bağlı deyilənlərə gəldikdə isə, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin həmin şəhərdə keçiriləcək MDB sammitində xarici işlər nazirlərinin görüşünü keçirmək istəyinə münasibət bildirmişdi.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan demişdi ki, Yerevan bu görüşdə xarici işlər naziri ilə yox, onun müavini ilə təmsil olunacağını bildirib.

Badalyan əlavə edib ki, Yerevan bu barədə məlumatı MDB İcraiyyə Komitəsinə hələ oktyabrın 4-də göndərib.

Buna qədər Qranada görüşü...

Bundan öncə isə İspaniyanın Qranada şəhərində Avropa Birliyi İcmasının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənirdi, amma rəsmi Bakının imtinası üzündən gerçəkləşməmişdi.

Orada Avropa İttifaqı Şurası Prezidentinin, Fransa Prezidentinin və Almaniya kanslerinin də iştirakı nəzərdə tutulurdu. Həmin görüş Azərbaycan prezidenti olmadan keçirildi.

Rəsmi Bakı imtinanı bu görüşə Türkiyə tərəfinin də qatılmasına imkan verilməməsi ilə izah elədi. Rəsmi Bakı olmadan keçirilən görüşdə qəbul edilən sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanındığı da əks olundu.

Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonunu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər (Ermənistan və Azərbaycan) sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan arasında həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, onların silahları təhvil verməyə başladıqları açıqlanıb.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını da başlayıb.

XS
SM
MD
LG