Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:43

AXCP funksioneri təcridxanada televizor pultunun batareyasını udduğunu deyir


Elxan Əliyev
Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev saxlandığı təcridxanada televizor pultunun batareyasını udduğunu deyir. Mayın 27-də Bakı Apellyasiya Məhkəməsində bu haqda danışan E.Əliyev bildirib ki, qanunsuz həbsinə etiraz olaraq belə addım atıb.

Onun sözlərinə görə, bu olay mayın 26-da Bakı İstintaq Təcridxanasında yaşanıb. Dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılan E.Əliyevdən batareyanı əməliyyat yoluyla çıxarmaq istəsələr də, cəbhəçi fəal buna imkan vermədiyini söyləyir: "Dedilər ki, kimyəvi tərkiblidir, bədənə zəhərlənmə verəcək. Bu gün (mayın 27-də) məhkəməyə gətirilməzdən əvvəl qan analizi götürmək istədilər, qoymadım. Günahsızlığımı sübut etmək üçün başqa yol qoymadılar. Mən artıq qərarımı vermişəm".

Cəbhəçi vurğulayıb ki, Azərbaycanda məhkəmələrin durumuna bələd olduğundan apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmir.

Onun vəkili Nemət Kərimli də müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq bildirib ki, E.Əliyev dələduzluqda suçlansa da, bu cinayəti törətdiyini təsdiqləyən heç bir dəlil-sübut yoxdur. Müdafiəçi E.Əliyev haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmün ləğvini, ona bəraət verilməsini istəyib.

"Onun başına nəsə gəlsə, buna görə məhkəmə də məsuliyyət daşıyır"

N.Kərimli hüquqlarını qoruduğu şəxsin ailə və sağlamlıq durumunu da hakimlərin diqqətinə yetirib və vurğulayıb ki, E.Əliyevin himayəsində üç azyaşlı uşağı var, özü iki dəfə insult keçirib. Hazırda da haqqındakı ədalətsiz hökmə etiraz olaraq canına qəsd edir və həyatı təhlükədədir: "Onun başına nəsə gəlsə, buna görə həm də məhkəmə məsuliyyət daşıyır, çünki insanın həyatı sizin verdiyiniz qərardan asılıdır".

Nemət Kərimli
Nemət Kərimli

Prokurorsa, əksinə, E.Əliyevin 5 il azadlıqdan məhrum edilməsi barədə hökmün qüvvədə saxlanmasını təklif edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri də hökmü dəyişməyiblər.

E.Əliyevin televizor pultunun batareyasını udması barədə dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

E.Əliyev birinci instansiya məhkəməsində daha iki nəfərlə - Vəfadar AxundovYusif Əliyevlə birlikdə mühakimə edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, sadalanan təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluq ediblər.

Y.Əliyev satılan torpağın sahibidir. E.Əliyevsə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olurmuş. Təqsirləndirilən şəxslərdən V.Axundov da bu işdə vasitəçilikdə suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində cəbhəçi fəal istisna, digər iki təqsirləndirilənə şərti cəza verilib. E.Əliyevin fikrincə, belə ayrıseçkiliyin özü də ona qarşı qərəzli münasibətin, siyasi sifarişlə cəzalandırılmasının sübutudur.

Xatırlatma

Bu işə birinci instansiya məhkəməsində baxılarkən, E.Əliyevin vəkili onun həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu təqdim etmişdi. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir: "Zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir...".

E.Əliyevin sözlərinə görə, videoda bəhs etdiyi şəxs hazırda zərərçəkmiş qismində tanınan R.Şükürovdur. İş materiallarına əsasən, ondan alınmış 57 min manatdan E.Əliyevə, araçı kimi, 3 min 900 manat çatıb. Həmin pul da ona qaytarılıb. Ümumiyyətlə, 57 min manat tam şəkildə zərərçəkmişə ödənilsə də, pulu qaytarılan R.Şükürov E.Əliyevdən şikayətçi olduğunu məhkəmədə yenə təkrarlayıb.

Cəbhəçi fəal daha öncə də bir neçə dəfə polisə müqavimət ittihamıyla inzibati qaydada həbs edilib və ona hər dəfə 20-30 sutkalıq inzibati həbs cəzası kəsilib.

Hazırda AXCP-nin 10 nəfərə yaxın fəalı müxtəlif ittihamlarla həbsdədir. Onların heç biri özünü təqsirli bilmir, siyasi baxışlarına, etiraz aksiyalarına qatıldıqlarına və hökumətin ünvanına tənqidi fikirlərinə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə deyilənləri təkzib edir, siyasi fəalların konkret faktlar əsasında saxlandığını bildirir.

Hökumət rəsmiləri də ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG