Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Ötən il Azərbaycanda ərzaq ən çox Zərdabda bahalaşıb


İl ərzində ən çox bahalaşan məhsul naringidir.
İl ərzində ən çox bahalaşan məhsul naringidir.

Dövlət Statistika Komitəsi (DSK) ötən il qiymətlərin dəyişməsi barədə yekun hesabatını yayımlayıb. Açıqlanan rəqəmlər inflyasiyanın rayon və şəhərlərdəki səviyyəsini də göstərir. 2023-cü ildə əhalinin əsas xərc istiqaməti olan ərzaq məhsullarında inflyasiya 9.6 faiz olub. Bunu ölkənin ayrı-ayrı rayon və şəhərlərində izləyəndə bəlli olur ki, ötən il Azərbaycanda ərzaq məhsulları ən çox Zərdab rayonunda bahalaşıb. Burada ərzaq inflyasiyası 16.5 faiz olub. Deməli, Zərdabda qiymətlər ölkə ortalaması ilə müqayisədə 72 faiz daha yüksəkmiş. Zərdabla yanaşı, Kürdəmir (15.5 faiz), Tərtər (15.4 faiz) və Beyləqan (15.2 faiz) rayonlarında da qida inflyasiyası 15 faizin üzərində olub. 2022-ci ildə ölkədə qiymətlərin ən çox bahalaşdığı rayon olan Qaxda (28 faiz) isə ötənilki qiymət artımları ölkə ortalamasına yaxın səviyyədə olub.

Naxçıvan Muxtar Respublikası (NMR) ilə bağlı bilgilər də diqqət çəkir. Öncəki illərdə, digər istiqamətlərdə olduğu kimi, inflyasiya baxımından da ölkə üzrə ən yaxşı göstəricilər Naxçıvanda qeydə alınıb. Bu baxımdan, müstəqil ekspertlər NMR-lə bağlı rəsmi statistik göstəricilərə güvənmirdi. Ancaq maraqlıdır ki, 2023-cü ildə ölkədə rəsmi olaraq ən yüksək ərzaq inflyasiyası qeydə alınan bölgələrdən biri məhz Naxçıvan Muxtar Respublikası olub. Ötən il muxtar respublikada ərzaq qiymətlərinin 14.4 faiz bahalaşdığı açıqlanıb.

Daha bir diqqətçəkən məqam paytaxt Bakı ilə bağlıdır. DSK-nın məlumatına görə, ötən il Bakıda ərzaq qiymətləri 8.8 faiz, yəni ölkə ortalamasından daha az bahalaşıb. Bu baxımdan, rəsmi rəqəmlərə görə, 2023-cü ildə bölgələrdə qiymət artımları paytaxtla müqayisədə daha yüksək olub. Rəsmi rəqəmlər ötən il Azərbaycanda ərzaq qiymətlərinin ən az Lənkəran və Yardımlı rayonlarında (hər ikisində 8.5 faiz bahalaşma) olduğunu göstərir.

Ən çox bahalaşan ərzaqlar

İnflyasiya göstəricilərini ərzaq qrupları üzrə gözdən keçirdikdə bəlli olur ki, 2023-cü ildə ət məhsulları üzrə bahalaşma nisbətən daha yüksək olub. Həm mal, həm də qoyun ətinin bir kiloqramının orta satış qiyməti il ərzində 1 manatdan çox artıb. Bahalaşma istər sümüklü, istər sümüksüz ətlərdə, istərsə mal ciyərində və mal ətinin farşında qeydə alınıb. Ətlə yanaşı, zeytun yağının və uşaq qidası üçün quru süd qarışığının da 1 litrinin qiyməti 1 manat bahalaşıb.

Bahalaşmanı faiz üzrə gözdən keçirdikdə isə bəlli olur ki, il ərzində ən çox bahalaşan məhsul naringidir. Ötən ilin sonunda naringinin 1 kiloqramının qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz daha baha olub. Saqqız (24 faiz), armud (17 faiz), balqabaq (14 faiz) və portağal (10 faiz) kimi məhsullar üzrə də bahalaşma ikirəqəmli həddədir.

DSK-nın açıqladığı rəqəmlərə görə, 2023-cü ildə ölkədə bəzi məhsullar üzrə orta satış qiymətinin ucuzlaşması müşahidə edilib. Qiymətində ən çox ucuzlaşma olan məhsul istixanada yetişdirilən xiyardır. Bu məhsulun satış qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz ucuz olub. Badımcan (23 faiz) və kartof (22 faiz) da ən çox ucuzlaşan məhsullar arasındadır.

Ən çox bahalaşan qeyri-ərzaq məhsulları

Statistika Komitəsi ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsulları üzrə də bahalaşma göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən il faiz etibari ilə qiyməti ən çox bahalaşan ilk iki məhsul tibb sahəsi ilə bağlıdır. Rəsmi rəqəmlərə görə, ötən il analgin (10 həbi) 48 faiz, tibbi termometr 41 faiz bahalaşıb. Tibbi məhsullarla yanaşı, nəqliyyat qiymətlərində də bahalaşma yüksək olub. 2023-cü ildə ölkədə metro ilə sərnişindaşıma 33 faiz, həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşıması isə 25-31 faiz aralığında bahalaşıb.

Məbləğ baxımından ən çox bahalaşma minik avtomobillərində baş verib. Ötən il alınan avtomobillərin orta satış qiyməti 2022-ci illə müqayisədə 1 min 843 manat artıb. Fərdi kompüterlərin orta satış qiyməti 163 manat, noutbukların satış qiyməti 104 manat bahalaşıb.

Bahalaşmanın xərclərə təsiri

Son illər qiymətlərin bahalaşmasının sürətlənməsi əhalinin xərclərinin artmasında da özünü göstərib. Rəsmi rəqəmlərə görə, ötən il pərakəndə - topdan alış-verişdə əhalinin hər nəfərinə düşən orta xərc 484 manat olub. Bir il öncə - 2022-ci ildə bu göstərici 432 manat idi. Deməli, il ərzində bir nəfərə düşən ortalama aylıq xərc 52 manat və ya 12 faiz çox olub. O da var ki, Azərbaycanda qiymətlərin sürətlə bahalaşması 2020-ci ildən etibarən müşahidə edilir. Bu baxımdan, adambaşına düşən xərclərin həmin dövrlə müqayisəsi daha kəskin artım olduğunu göstərir. Belə ki, 2019-cu ildə ölkədə adambaşına düşən aylıq ortalama pərakəndə ticarət dövriyyəsi 331 manat idi. Bu isə o deməkdir ki, 2019-2023-cü illərdə adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 153 manat və ya 46 faiz artıb.

XS
SM
MD
LG