Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Fazil Mustafaya sui-qəsd işi: bir nəfərə ömürlük, üçünə 20 il həbs cəzası tələb edilir


Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafaya sui-qəsdlə bağlı yarım ildən çox sürən məhkəmə istintaqı tamamlanıb. Avqustun 2-də prokuror məhkəmədə çıxış edərək, təqsirləndirilən şəxslərdən birinə ömürlük, üçünə 20 il, birinə isə 5 il həbs cəzası istəyib.

Prokuror iddia edir ki, təqsirləndirilən şəxslərə verilən dövlətə xəyanət, siyasi xadimin həyatına sui-qəsd, qanunsuz silah saxlama və s. ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Azər Səricanova ömürlük, Rəşad Əhmədovun, Elşad ƏsgərovSəbuhi Şirinovun hər birinə 20 il, Emin Əliyarova isə 5 il həbs cəzası verilməsini təklif edib.

Vəkillər prokurorun çıxışıyla razılaşmırlar

Ömürlük cəza tələb olunan A.Səricanovun vəkili Bəxtiyar Hacıyev deyir ki, ittihamların bir hissəsi tam əsassızdır. Məsələn, A.Səricanova terrora hazırlıqla bağlı ittiham verilib, amma hansı terrora hazırlıqdan söhbət getdiyi bilinmir.

Vəkil vurğulayıb ki, Fazil Mustafaya qarşı baş verənlərin səbəbi onun siyasi xadim olması yox, dini mövzuda səsləndirdiyi fikirlər olub. Bu üzdən, ictimai-siyasi xadimin həyatına sui-qəsd ittihamı da əsassızdır:

“Bu adamlar dindardırlar. Fazil Mustafanın səsləndirdiyi fikirlər də onların dini inancına toxunub”.

Səbuhi Şirinovun vəkili Elçin Sadıqov müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. O vurğulayıb ki, hüquqlarını müdafiə etdiyi şəxs F.Mustafanın dinlə bağlı səsləndirdiyi fikirləri özünə təhqir kimi qəbul edib və bu üzdən cinayəti törədib.

Təqsirləndirilən şəxslərdən Emin Əliyarova yalnız qanunsuz silah saxlama ittihamı verilib. Onun vəkili Kamandar Nəsibov müvəkkilinə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini – qanunda nəzərdə tutulan cəzanın minimum həddindən də aşağı cəza verilməsini istəyib.

Zərərçəkmiş qismində tanınan F.Mustafanın nümayəndəsi Əjdər Əhmədov prokurorun çıxışı və təklif etdiyi cəzalarla razılaşdığını bildirib.

Məhkəmə prosesi avqustun 7-də digər vəkillərin çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək. Ardınca hökm oxunacaq.

Xatırlatma

Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin önündə gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bunlar Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov və Rəşad Əhmədovdur.

Cinayət işində iddia edilir ki, F.Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası barədə tapşırıq verilib və bu məqsədlə Bakıya 30 min dollar göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar verilib.

Onlar özlərini qismən təqsirli bilir, ancaq deputatı vurduqlarını təsdiqləsələr də, hadisənin İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər vurğulayıblar ki, deputatı öldürmək niyyətləri olmayıb, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəliblər. Onlar iddia edirlər ki, bu üzdən də F.Mustafanın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açılıb.

XS
SM
MD
LG