Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Fransa Milli Assambleyası Azərbaycanla bağlı qətnaməyə səs verib


Fransa Milli Assambleyası
Fransa Milli Assambleyası

Fransanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Dekabrın 1-də Fransanın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin saytında yer alan açıqlamaya görə, müvəqqəti işlər vəkili Jülyen Lö Lana Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) “Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı qəti etiraz” bildirilib.

XİN bildirir ki, Fransanın beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri cavablandırılıb:

“Müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib.”

Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, Fransanın müvəqqəti işlər vəkilindən ayrıca münasibət almaq mümkün olmayıb.

Milli Məclis Milli Assambleyanın qətnaməsini tənqid edib

Azərbaycan Milli Məclisi də Fransa Milli Assambleyasının qətnaməsinə münasibət bildirib.

Milli Məclis Senatın noyabrın 15-də qəbul etdiyi məlum qətnaməni də xatırladaraq baş verənləri Fransa qanunverici orqanlarının "siyasi avantüra meydanına çevrilməsi" kimi dəyərləndirir.

Müəllif deputatlar hesab edirlər ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmamasıdır: "Vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması,… bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur".

+++

Fransa Milli Assambleyası noyabrın 30-da Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni qəbul edib.

Sözügedən qətnamə bir müddət öncə Fransa Senatında qəbul olunmuşdu. O zaman Azərbaycan Fransaya nota verdi.

Qətnamədə erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış yer alır. Eyni zamanda hökumətə təklif olunur ki, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları və işğalı davam etdirərsə, fərdi sanksiyaların tətbiqini nəzərdən keçirsin.

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qətnamənin “yalan və iftira dolu” olduğunu deyərək, “Fransanın Azərbaycana qarşı növbəti təxribatı” adlandırıb.

XİN yaydığı şərhdə qeyd edir ki, bu qətnamə “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır”.

+++

Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycan XİN-in məlumatına görə, Fransa Senatında noyabrın 15-də qəbul edilmiş qətnamə ilə bağlı ona etiraz notası təqdim olunub.

Bildirildiyinə görə, səfirin diqqətinə çatdırılıb ki, Fransanın bu addımı regionda sülhün bərqərar olmasına ciddi zərbə vurmaq məqsədi daşıyır, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirəcək: "Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi, ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib".

Milli Məclisdən Fransa rəsmilərinə sanksiya təklifi

Azərbaycan Milli Məclisi noyabrın 16-da Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxararaq qəbul edib.

Bəyanat müəlliflərinə görə, bu sənəd Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə iki ölkə arasında imzalanan müqavilənin bəndlərini pozur.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir.

Milli Məclis Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyənə qədər onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi...

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi,... və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

- İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamofobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkofobiya siyasətinin gündəliyə çıxarılması.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Azərbaycan XİN Senatın qətnaməsini təxribat sayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatında "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnaməyə münasibət bildirib.

XİN hesab edir ki, qətnamə tamamilə həqiqətdən uzaqdır və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir: "Hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə öz töhfəsini vermək niyyətini açıqlamış ölkə kimi Fransanın növbəti dəfə qərəzli, birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir".

Vurğulanır ki, qətnamədə Azərbaycanın ərazilərini 30 ilə yaxın Ermənistanın işğalı, mülki əhalinin qırğınları, şəhər və kəndlərin talan edilməsi, yüz minlərlə məcburi köçkünlərin hüquqlarının tapdanması ilə bağlı faktlar göz ardına alınır: "Qətnamədə "Dağlıq Qarabağ" adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları, təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək".

Fransa Senatı Azərbaycana qarşı qətnaməni qəbul etdi

Fransa Senatı noyabrın 15-də Fransa hökumətini “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnaməni 295 səs leyhinə, 1 səs əleyhinə nisbəti ilə qəbul edib.

Qətnamədə habelə “Azərbaycanın sentyabrda Ermənistan ərazisinə hücumu pislənir, Bakıya qoşunlarını Ermənistan ərazisindən çıxarması üçün” çağırış edilir.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, qətnamədə habelə Laçın dəhlizinin statusunun dəyişməyəcəyinə qarantiya tələb olunur:

“Biz hökuməti Avropa müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına, Azərbaycan liderlərinin mülkiyyətinin müsadirəsi və Azərbaycanın neft və qazının idxalına mümkün qadağanın qoyulmasına baxılması da daxil, güclü və adekvat reaksiya verilməsinə çağırırıq”.

Fransa Senatının qətnaməsi habelə Qarabağda humanitar ofisin açılması məsələsinə baxılmasına, Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına çağırır.

Noyabrın 15-də Senatda keçirilən debatlarda xarici işlər nazirini təmsil edən Oliver Bext qətnamənin qəbuluna etiraz etməyib, lakin hökumətin Azərbaycana qarşı sanksiyaları qəbul edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirməyib.

Fransa Senatında bu qətnamənin müzakirəsi ilə bağlı Fransadakı Azərbaycan icması etiraz aksiyası keçirirdi.

Tatoyan: 'Azərbaycan Cermuxun ətrafına yol çəkib'
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Ziyafət Əsgərov: “Fransanın sülh danışıqlarında iştirakından imtina olunmalıdır”

“Fransanın hər hansı formada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində, sülh danışıqlarında iştirakından imtina olunmalıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, bugün, noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan bədnam qətnamə qəbul edib:

“Biz həm Vətən müharibəsi (İkinci Qarabağ Müharibəsi), həm də sonrakı dövrlərdə Fransa prezidentinin, qanunverici orqanı üzvlərinin Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqeyinin dəfələrlə şahidi olmuşuq.”

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Onun fikrincə, noyabrın 15-də Fransa Senatının qəbul etdiyi qətnamə də beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı nümayişkəranə hörmətsizliyin növbəti təzahürüdür.

O əlavə edib ki, torpaqlarını işğaldan azad etmiş Azərbaycanın suverenliyi, ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayacaq:

“Biz bugün azad edilmiş torpaqlarımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə cənnətə çevirməkdəyik. Bu baxımdan Fransa Senatının qətnaməsi bizim üçün ancaq bir kağız parçasıdır və Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdan başqa heç nəyə yaramır”.

“Fransada Azərbaycanın heçmi dostu yoxdur?”

“Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır.”

Bunu isə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə””

Onun fikrincə, Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər.

Politoloq daha sonra sual edib:

“Fransada Azərbaycanın heçmi dostu yoxdur? Fransadan bu illərdə nə qədər heyət Bakıya gəldi, qonaqlıqlar verildi, “dostluq və tərəfdaşlıq” haqqında tostlar deyildi. Heç biri işə yaramadı…”

Əli Kərimli: “…İlham Əliyev hakimiyyətinin də məsuliyyəti var”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də hesab edir ki, Fransa Senatının Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etməsi, separatçıların xeyrinə, Azərbaycan üçünsə çox neqativ hadisədir:

“Kiçiltmək, əhəmiyyətsizləşdirmək lazım deyil.”

Əli Kərimlinin fikrincə, Fransa Senatının qətnaməsi obyektivlikdən uzaqdır, Azərbaycana münasibətdə qərəzlidir, Ermənistanın saxta arqumentləri əsasında qəbul edilib:

“Belə bir obyektivlikdən uzaq, qərəzli qətnamənin qəbul edilməsində şübhəsiz ki, Fransada yaşayan erməni diasporasının rolu və Fransanın Ermənistana daha xoş münasibətinin təsiri var.”

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Bununla belə o hesab edir ki, Fransa ilə münasibətlərin bu həddə gərginləşməsinə görə, İlham Əliyev hakimiyyətinin də məsuliyyəti var:

“Erməni təəssübkeşliyi məgər Fransada bugünlərdə yaranıb? Əliyevlər Fransanı Minsk qrupuna dəvət edəndə böyük erməni diasporasının bu ölkənin siyasətinə təsirini bilmirdilər? Bəs İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva Fransa ordeni ilə təltif olunanda, Azərbaycanın milyonları Fransa muzeylərinin təmirinə xərclənəndə bu ölkə ermənipərəst deyildi?”

O sonda fikirlərinə bunları əlavə edib:

“Aydın deyilmi ki, korrupsiya və repressiya çempionu, üstəlik də Rusiyanın müttəfiqi olmaqla müasir dünyada dost, tərəfdar qazanmaq mümkün deyil?”

Xatırlatma

Bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Amma bununla bağlı, hələlik, hər hansı müqavilə bağlanmayıb.

Daha əvvəl iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliklə ATƏT-in Minsk qrupu məşğul olub. ABŞ, Fransa və Rusiya qurumda həmsədr olublar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG