Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:39

Gorus-Qafan yolunda rüsum alınmasına dair məlumatlara rəsmi münasibət


Gorus-Qafan magistralı
Gorus-Qafan magistralı

Azərbaycan Dövlət Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına dair məlumatlara münasibət bildirib

Azərbaycan Dövlət Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına dair məlumatlara münasibət bildirib.

Bununla bağlı bu gün, sentyabrın 13-də Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumatda ölkə qanunverciliyi xatırlanır:

“...Bildiririk ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.”

Qurum habelə vurğulayıb ki, hazırda gömrük orqanları qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsini bütün ölkə ərazisi üzrə təmin edir.

Nə baş verib?

Azərbaycan polisinin sentyabrın 12-də saat 12:00-dan Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa başladığı bildirilir. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı.

Azərbaycanın bəzi media orqanları da məlumat yayıblar ki, son günlər İran yük maşınları Goris-Qafan magistral yolunun Azərbaycan ərazisindən (Qubadlı rayonunun Eyvazlı kəndindən) keçən hissəsində saxlanılır. Onlardan rüsum alindığı bildirilir.

Bu il avqustun sonunda isə Azərbaycanın silahlı Qüvvələri Gorus-Qafan yolunun iki hissəsini iki sutka bağlı saxlamışdı.

Bu da Ermənistanın Sünik vilayətinin iki hissəsi, eləcə də Ermənistanla İran arasında əlaqəni çətinləşdirmişdi. Yol Rusiya tərəfinin vasitəçiliyi ilə açıldı.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG