Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:03

Gülnara Karimova ilə bağlantılı özbək kişi Honkonq bankından pul almağa çalışdığı iddiası ilə tutuldu


Gülnaranın pulunu yığmaq üçün göndərilən "çapar" Honq-Konqda həbs olundu
Gülnaranın pulunu yığmaq üçün göndərilən "çapar" Honq-Konqda həbs olundu

Bir zamanlar çox güclü fiqur olan Gülnara Karimovanın keçmiş ərinin Honkonqda həbs edildiyi bildirilir. Yaxşı, ilk dəfə 2014-cü ildə Özbəkistan məhkəməsinin mənimsəmə və vergi saxtakarlığında suçladığı Rustam Madumarovun Çində nə işi varmış?

Madumarovun Honkonqa Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yüksək rütbəli rəsmilərinin tapşırığı ilə getdiyi deyilir. O, burada Karimova ilə bağlantılı dondurulmuş bank hesablarına yol tapmağa çalışmalıymış. AzadlıqRadiosunun özbək xidməti bu bilgini anonimlik şərti ilə danışan dörd nəfərdən alıb. DTX-nın sözügedən rəsmiləri Özbəkistan prezidenti Şavkat Mirziyoyevin kiçik qızı ilə evli olan Otabek Umarova tabedir.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin bu qurumun özbək xidmətinin araşdırması əsasında hazırladığı məqalədə deyilir ki, həbs qərarının ayrıntıları və onu kimin verməsi aydın deyil.

Özbəkistanın mərhum prezidenti İslam Karimovun böyük qızı Gülnara Karimova uzun zaman Daşkənddəki qadın həbsxanasında cəza çəkib. Hökumətin bir neçə əməkdaşı Karimovanın bu yaxınlarda həbsxanadan buraxılaraq ev dustaqlığına qaytarıldığını bildirib.

Bir müddət ölkəsinin BMT-də səfiri olmuşdu

Bir zamanlar hətta bəzilərinin atasının mümkün varisi kimi gördüyü Karimova 2000-ci illərdə Orta Asiyanın ən güclü qadını idi. Modadan pop musiqisinə, xeyriyyəçilikdən diplomatiyayadək bir çox sahədə özünü göstərməyə çalışan Karimova bir müddət ölkəsinin BMT-dəki səfiri də olmuşdu.

ABŞ, İsveçrə, İsveç və bir neçə başqa ölkənin məhkəmə sənədləri onun ofşor hesablarla çox böyük pul topladığını göstərir. Bu pul, əsasən, daşınmaz əmlaka və İsveçrə banklarına yatırılıb.

2012-ci ildən bəri media Özbəkistanda biznes qurmağa çalışan İsveç və digər ölkələrin telekommunikasiya şirkətlərinin iştirakı ilə rüşvət qalmaqalı haqda xəbərlər yaymağa başladı.

2014-cü ildə əvvəlki nüfuzunu itirən Karimova sonradan ev dustaqlığına məhkum edildi. 2016-cı ildə ölən atasının yerini uzun zamandan bəri ölkənin baş naziri olmuş Şavkat Mirziyoyev tutdu.

Keçmiş prezidentin qızı Gulnara ev dustaqlığından həbsxanaya göndərildi
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

2017-ci ildə Özbəkistan prokurorluğu Karimovanın 2015-ci ildə korrupsiya ittihamları ilə məhkum edildiyini açıqladı. Həmin ilin dekabrında ona 10 illik həbs cəzası verildi. Bir neçə aydan sonra onun cəzası ev dustaqlığı ilə əvəzləndi və 5 ilə endirildi.

Ancaq 2019-cu ilin martında prokurorluq bildirdi ki, Daşkənd məhkəməsi Karimovanın ev dustaqlığının şərtlərini pozduğunu müəyyən edib. Bunun ardınca prokurorluq onun Daşkəndin məşhur Zanqiota həbsxanasına göndərilməsi haqda qərar çıxardı.

Bu qərardan cəmi iki gün sonra ABŞ Ədliyyə Departamenti Karimova və onun çoxdankı keçmiş köməkçisinə qarşı rüşvətxorluq və bəzi başqa ittihamlar irəli sürdüyünü elan etdi. Qurum bunun ABŞ Xarici Korrupsiya Praktikaları Aktı çərçivəsində baxılan ən irimiqyaslı rüşvət sxemi olduğunu bildirdi.

Evlənib boşanıblar?

Bu ilin sentyabrında isə İsveçrə prokurorluğu Karimovanı rüşvətxorluq və pulyuma da daxil, bir neçə cinayətdə suçladığını açıqladı.

Madumarovun Karimova ilə romantik münasibətləri ilk dəfə 2000-ci illərin əvvəllərində başlayıb. O zaman Karimova özbəkəsilli ABŞ vətəndaşı olan birinci ərini tərk etmiş, iki uşağı ilə Özbəkistana qayıtmışdı. Özbəkistan prokurorluğu Madumarovun adını çoxsaylı məhkəmə sənədlərində hallandırıb.

AzadlıqRadiosunun əldə etdiyi sənədlər Karimova ilə Madumarovun 2008-ci ilin noyabrında qanuni evləndiyini göstərir. Digər sənədlərsə onların bir aydan sonra qanuni boşandığını təsdiqləyir.

Rustam Madumarov
Rustam Madumarov

Özbəkistan prokurorluğu Madumarovun 2014-cü ilin fevralında mütəşəkkil cinayətkar dəstənin rəhbəri olmaqda ittiham edilərək həbs olunduğunu bildirir. Qrupda Karimova da daxil, bir neçə başqa üzvün adı çəkilir.

2014-cü ilin mayında Madumarova uzunmüddətli həbs cəzası kəsilib. Prokurorluq bundan iki il sonra Madumarovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstəyə məxsus milyonlarla dollarlıq ofşor aktivlərin aşkarlandığını bildirir. Bu aktivlətin arasında Honkonqda adı çəkilməyən bankda saxlanan 67 milyon dollar da var.

AzadlıqRadiosunun əldə etdiyi sənədlər Madumarov və Karimovanın Britaniyanın səhmləri açıq satılan "Standard Chartered" adlı bankının Honkonq filialında bir neçə hesab saxladığını göstərir.

Məlumat çox azdır

Madumarova qarşı çıxarılan hökm haqda çox az rəsmi bilgi var. Onun cəzasını harada çəkdiyi də açıqlanmır. Özbəkistan Ali Məhkəməsi AzadlıqRadiosunun bununla bağlı suallarına cavab verməyib.

Britaniyada saxtakarlıq və korrupsiya hallarının araşdırılmasına cavabdeh olan Ağır Saxtakarlıqlar İdarəsi (Serious Fraud Office) 2018-ci ildə Karimova və Madumarova qarşı irəli sürülən mülki iddianı açıqlayıb. Sənədin hədəfində Britaniyada Özbəkistandakı korrupsiya sövdələşmələrindən əldə edilən gəlirlə alındığı iddia edilən üç daşınmaz əmlak var.

Bu ilin iyulunda Britaniya məhkəməsi bu üç əmlakın, habelə Karimova və Madumarova məxsus bir neçə bank hesabının müsadirəsi haqda hökm çıxarıb. Bütün aktivlərin toplam dəyərinin 42 milyon dollar olduğu bildirilir.

Ağır Saxtakarlıqlar İdarəsinin orderində qurumun cənab Madumarovun dəqiq cəzaçəkmə yeri haqda məlumatlı olmadığı deyilir.

Məsələdən xəbərdar olan beş şəxsin verdiyi bilgiyə görə, Maduramov oktyabrın əvvəllərində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin iki zabitinin müşayiəti ilə Honkonqa gedib. Burada Maduramov həbs edilib, iki təhlükəsizlik əməkdaşı isə ərazini tərk edib.

Əməliyyatın hansı tarixdə və kimin əmri ilə keçirildiyi bilinmir, ancaq DTX sədrinin müavini Mirziyoyevin kiçik qızı Şahnoza ilə evli olan Otabek Umarovdur.

DTX sədrinin müavini Mirziyoyevin kiçik qızı Şahnoza ilə evli olan Otabek Umarovdur.
DTX sədrinin müavini Mirziyoyevin kiçik qızı Şahnoza ilə evli olan Otabek Umarovdur.

Madumarovun həbsi barədə əmrin haradan gəldiyi bilinmir

ABŞ Ədliyyə Departamentinə məsələyə dair şərh verməsi üçün müraciət edilsə də, qurum mail və telefon zənglərinə cavab verməyib. İsveçrə prokurorluğu da məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Honkonq polisi və Özbəkistanın Baş Prokurorluğu da heç bir açıqlama vermək istəməyib.

Karimovanın həbsi zamanı onun vəkili olmuş isveçrəli Qrequar Manja (Gregoire Mangeat) da şərh verməkdən imtina edib.

Karimovanın həbs edilməsindən və ona qarşı çoxsaylı mülki və cinayət işlərinin açılmasından bəri, İsveçrə və ABŞ da daxil, bir neçə ölkənin hökuməti onun və onunla birgə iş tutanların topladığı bank hesabları, daşınmaz əmlak və digər aktivlərə çıxış əldə etməyə çalışır.

Özbəkistan hökuməti bütün bu aktivlərin ona məxsus olduğunu, Karimova və onunla birgə iş tutanların törətdiyi saxtakarlıq cinayətlərinin qurbanı olduğunu iddia edir.

İsveçrə ötən il daha öncə dondurduğu aktivlərin bir hissəsini – 131 milyon dolları Özbəkistana qaytarmağa razılıq verib.

Apreldə isə ABŞ məhkəməsi Karimova, Madumarov və bir neçə başqa şəxsə qarşı qərar çıxararaq Ədliyyə Departamentinin İsveçrədəki üç bank hesabında saxlanan 200 milyon dolları müsadirə etməsinə icazə verib.

XS
SM
MD
LG