Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:23

Rusiyalılar gizli şəbəkə vasitəsilə səfərbərlikdən belə yayınırlar


Qriqori Sverdlin
Qriqori Sverdlin

Gürcüstanda müharibəyə qarşı çıxan bir qrup rusiyalının hərbi xidmətdən yayınmasına kömək edir. Qrup Moskva səfərbərlik sistemini sərtləşdirmək planlarını açıqlayandan minlərlə yeni müraciət aldığını deyir.

“Idite Lesom” (“Meşəyə gedin”) QHT-si gənc rusiyalıların səfərbəelikdən yayınmasına kömək üçün kampaniya aparır.

“Onların fərariyə çevrilməsinə kömək elədik”, – deyən qrup işindən fəxrlə danışır.

“İdite lesom” həm də postsovet məkanında idiomdu, “Bir də gözümə görünmə!” anlamını verir.

Azı 5 min rusiyalı...

Kreml çağırışı rəqəmsallaşdırmaqla bağlı yeni qanun qəbul edəndən bu qrupa yeni müraciətlər gəlməkdədir.

Prezident Vladimir Putin ötən sentyabrda “qismən səfərbərlik” elan edəndən yüzminlərlə rusiyalı ölkədən qaçıb. Ötənilki səfərbərlikdə məqsəd azı 300 min əsgəri orduya cəlb etmək idi.

Onların çoxu, o cümlədən uzun illər evsizliyə qarşı mübarizə aparmış fəal, “İdite lesom”un qurucusu Qriqori Sverdlin qonşu Gürcüstana köçüb.

QHT fəaliyyət göstərdiyi yarım ildə 6 min 800-cən rusiyalıya kömək etdiyini bildirir. Onlardan 5 min 100-ü döyüşə göndərilməkdən yayınıbmış.

Qrup bildirir ki, məqsədi 2-ci Dünya müharibəsindən bəri Avropada ilk irimiqyaslı hərbi işğalda “mümkün qədər az adamın tətiyi çəkməsidir”. QHT bunu “qeyri-zorakı dinc müqavimət” adlandırır.

3 günə 2 minəcən müraciət

“Rusiyanın bu qanunvericiliyinin əsas məqsədi adamları müharibəyə getməyə məcbur etməkdir. Hakimiyyət istənilən vaxt istədiyi sayda adam yığa bilər”, – Sverdlin ötən həftə AzadlıqRadiosunun gürcü xidmətinə söyləyib.

Sverdlin və müharibəyə qarşı çıxan digər rusiyalı – Darya Berq “İdite lesom”un üzdə olan təmsilçiləridir.

Onların işçilərinin sayı açıqlanmır, Rusiyadan kənarda “yüzlərlə” könüllüləri olduğu deyilir. Psixoloji və hüquqi məsləhət, eləcə də hərbi xidmətdən yayınmaq üçün praktik məsləhət verən bu adamlar təqiblərdən qorunmaq məqsədilə anonimliklərini saxlayırlar.

Qanun açıqlanandan və Putin onu imzalayandan sonra üç gün ərzində 2 minəcən rusiyalı Sverdlinin təşkilatına yardım üçün müraciət edib.

Yeni qanunvericiliyin hədəfi Ukraynadakı müharibənin ikinci ilində ölkə miqyasında çağırışı gücləndirməkdir. Bu arada siyasətçilər və hərbi təhlilçilər müharibənin uzanacağı ilə bağlı xəbərdarlıq edirlər.

Qanunda hərbi mükələfiyyəti olanların elektron reyestrinin yaradılması, elektron çağırış vərəqələri göndərilməsi nəzərdə tutulur. Orduya çağrılanların ölkədən çıxması qadağan olunur.

Məsləhətə nə daxildir

“İdite lesom” ordudan yayınanlara necə yardım göstərməsinin detallarını açıqlamır. Ancaq məsləhətlər sırasında yaşayış yerini dəyişmək, Rusiya daxilində sığınacaq tapmaq da var. Qrup Telegram mesajlaşma tətbiqi, həmçinin Instagram vasitəsilə kommunikasiya qurur, ianə yığır.

Sverdlin 2022-ci ilin martında Rusiyadan Gürcüstana gedib. Fevralın sonunda Rusiya Ukraynaya irimiqyaslı hücuma başlamışdı. Sverdlinin əvvəlki təşkilatının adı “Noçlejka” (“Gecə lampası”) idi, Moskva və Sankt-Peterburqda evsizlərə kömək edirdi.

Putin ötən ilin sentyabrında qismən səfərbərlik elan edəndən sonra o, döyüşmək istəməyən rusiyalılar üçün “İdite lesom” təşkilatını yaradıb.

O deyir ki, yeni qurulmuş qrupa reaksiya gözlənilməz olub, “səhər könüllü sayı 100 idisə, axşama 300-ə çatıb”.

Bir milyon rusiyalı Gürcüstanla sərhədi keçib

Ölkədən qaçan rusiyalıların ən çox üz tutduqları yerlər Qazaxıstan, Türkiyə, hətta Argentinadır. Ancaq bu ölkələr artıq rusiyalılar üçün müvəqqəti yaşamaq icazəsi qanunlarını sərtləşdirib, vizasız qalma müddətini azaldıb. Ancaq Gürcüstanda vəziyyət belə deyil, bu ölkənin hökuməti Rusiyaya sanksiyalara qarşı çıxıb, Moskva ilə ticarəti, digər kanalları açıq saxlayıb. Bu, Rusiyanın 2008-ci ildə beşgünlük müharibədən sonra Gürcüstan ərazisinin beşdə birini işğal altında saxlaması fonunda baş verir.

Etibarlı statistika əldə etmək çətin olsa da, rəsmi data 2022-ci ilin martından noyabrnadək azı bir milyon rusiyalının Gürcüstanla sərhədi keçdiyini göstərib. Bu, Rusiyanın işğalı başlayandan, sentyabrda səfərbərlik göstərişi veriləndən sonra baş verib.

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə 113 minədək rusiyalının olduğunu bildirir. Ötən həftə Sverdlin deyib ki, Zemo Lars sərhəd keçid məntəqəsindəki növbələrin keçən ilki kimi uzanacağı inandırıcı deyil.

“Rusiyadan çıxa bilənlər artıq çıxıblar”, – o, AzadlıqRadiosunun gürcü xidmətinə söyləyib.

Ancaq Sverdlin onu da əlavə edib ki, Gürcüstana, Rusiyanın başqa qonşularına rusiyalıların yeni emiqrasiya dalğasının baş verməsindən əmindir.

XS
SM
MD
LG