Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:19

Norveç bankı 'halal' kreditlər verə bilər


Bank
Bank

Norveç banklarından biri müştərilərinə islam prinsiplərinə uyğun faizsiz kreditlər verməyə başlaya bilər. Məsələ burasındadır ki, cəmi bir həftə ərzində 300-dən artıq potensial müştəri bu növ kreditlərlə maraqlanıb.

Yanvarda «Storebrand» bankı ənənəvi faizli kredit götürmək arzusunda olmayan müsəlman müştərilərin bu xidmətə maraq səviyyəsini ölçməkdən ötrü xüsusi vebsayt yaradıb.

Buna da bax-İpoteka krediti və depozitə pul qoymaq haramdırmı?

İslam borcdan faiz tutmağı qadağan etdiyinə görə bu növ kreditlərin verilməsi zamanı bank əmlakı müştərinin adına alır. Bundan sonra bank həmin əmlakı müştəri borcunu ödəyib bitirənə qədər ona «icarəyə verir». Norveç İslam Şurası, IslamNet və Norveçdəki digər müsəlman qurumları öz tərəfdarlarını bu sxemə maraq göstərməyə çağırıblar.

EV BAZARINA GİRMƏYİN YOLLARI

300-ədək insan telefon, e-mail və Facebook vasitəsilə bankla əlaqə saxlayıb və bu xidmətlə maraqlanıb.

«Biz artan qiymətlər şəraitində ev bazarına girməyin başqa yolunun olub-olmadığını öyrənmək istəyirdik. Xidmət gənclərin, universiteti yeni bitirənlərin, yaxud da dini səbəblərdən normal ipoteka kreditlərini qəbul edə bilməyənlərin işinə yaraya bilər», – «Storebrand» bankının internet səhifəsində deyilir.

«Storebrand»ın kommunikasiya meneceri Bjorn Erik Saettem deyir ki, bank bu ideyanı reallığa çevirməyin yollarını axtarmaqdadır.

Buna da bax-Azərbaycanda müsəlmanlar üçün halal banklar?

««Storebrand» hazırda belə bir kreditin bazar potensialını öyrənməkdə və bunun necə bir xidmət olacağını nəzərdən keçirməkdədir. Britaniya və Malayziyadan maliyyə müşavirləri bizə bu növ krediti yaratmaqda kömək etmək istəyirlər», – deyə Saettem bildirib.

HÖKUMƏT KÖNÜLSÜZ YANAŞIR

Ancaq, hələlik, hökumət bankın təkliflərini dəstəkləmək istəmir. «Dini qruplara xüsusi üstünlüklər vermək üçün qaydaları dəyişmək vacib deyil», – deyə ölkənin maliyyə naziri Siv Jensen Norveç Xəbər Agentliyinə göndərdiyi elektron məktubda yazıb.

Saettem-in sözlərinə görə, «bir ovuc» müştəri zəng vuraraq bankın təkliflərindən şikayət edib. Bir neçə müştəri isə hətta bankın xidmətlərindən imtina edib.

Bir zamanlar yalnız müsəlman ölkələrində mövcud olan islam bankçılığı, yaxud şəriət maliyyəsi son on il ərzində yüksəliş dövrünü yaşayıb. 2013-cü ildə Qərbi Londonda yerləşən «Al Rayan Bank» öz müştərilərinə icarə əsaslı kreditlər təklif etməyə başlayıb. 2015-ci ildə isə Frankfurtda Almaniyanın ilk faizsiz islam bankı açılıb. Ancaq bəzi yerlərdə islam bankçılığı xoş qarşılanmayıb. ABŞ-da, Nyu-Yorkda fəaliyyət göstərən hüquqşünas David Yerushalmi bu praktikaya qarşı kampaniya keçirərək, onun islam fundamentalistlərini gücləndirdiyini iddia edib.

XS
SM
MD
LG