Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

Narışkin İspaniyada qətlə yetirilmiş Rusiya pilotunu ‘satqın’ adlandırdı


Maksim Kuzminov
Maksim Kuzminov

Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin fevralın 20-də verdiyi bəyanatla Rusiyanın Mi-8 helikopterini Ukraynaya qaçırmış rusiyalı pilot Maksim Kuzminovun həlak olmasını təsdiq edib.

Kuzminovun İspaniyada öldürülməsinə dair xəbəri Rusiyanın dövlət mediaları fevralın 19-da vermişdilər.

Narışkin bu hadisə barədə danışarkən deyib:

"Rusiyada ölülər haqqında ya yaxşı danışırlar, ya da heç danışmırlar. Bu satqın və cinayətkar özünün murdar və dəhşətli cinayətini planlaşdırdığı andan artıq mənəvi ölü idi”.

Kreml pilotun həlak olmasını rəsmi qaydada şərh etməmişdi. Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, bu barədə məlumatı yoxdur və bu məsələni Kremlin gündəliyi hesab etmir.

Üstündə Ukrayna pasportu olan şəxsin meyitini fevralın 13-də İspaniyanın cənub-şərq sahilindəki Alikante vilayətində kommunal maşın qarajının daxili yolunda aşkar etmişdilər. Onu güllələmiş, daha sonra üstündən onun öz maşınını sürmüşdülər.

Qatillər peşəkar olublar

El País qəzeti istintaq orqanlarındakı mənbələrə istinadla yazır ki, qətlin icraçıları cinayət yerindən qaçıblar.

İspaniyanın mülki qvardiyası əvvəlcə ehtimal etmişdi ki, mərhum saxta sənədlərdən istifadə edib. İspaniya hakimiyyət orqanları ölənin şəxsiyyətini rəsmən təsdiq etmirdilər.

Lakin El País qəzetinin Alikante polisindəki mənbələri ölənin məhz Kuzminov olduğunu bildiriblər.

El Español qəzeti isə istintaqdakı mənbələrinə istinadla yazır ki, şübhəlilər Kuzminovu uzun müddət izləyərək onun gündəlik həyatını müəyyənləşdiriblər.

Onların habelə Kuzminovun maşınını saxladığı qarajın təhlükəsizlik kameralarına çıxışları olub.

Mənbələr qətl icraçılarının peşəkar olduqlarını bildiriblər.

Ukraynada qalsaydı...

Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov “Ukrainskaya pravda” qəzetinə müsahibəsində danışıb ki, Ukrayna hakimiyyəti rusiyalı pilota Ukraynada qalmağı təklif etmişdi:

“Ölkəmizin təklifi belə idi ki, o Ukraynada qalsın. Onu burda mütləq mühafizə edəcəkdilər. Mən düşünmürəm ki, onlar İspaniyada törətdikləri biabırçılığı burda edə bilərdilər”.

Ehtimal edilir ki, rusiyalı pilot İspaniyada ona Ukrayna xüsusi xidmətlərinin verdiyi pasportla yaşayırdı. Həmin pasportda başqa ad və soyad göstərilə bilərdi.

Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov Ukrayna mediasına verdiyi şərhlərdə Kuzminovun öldürüldüyünü təsdiq edib:

"Axı o burda qalmaq əvəzinə İspaniyaya köçməyi seçmişdi. Bildiyimiz budur ki, sonradan keçmiş arvadını da ora dəvət edib. Sonra isə güllələnmiş meyiti tapılıb”.

İki leytenant plandan xəbərsiz idilər

Rusiya ordusunun kapitanı, 28 yaşlı Kuzminov iddia edirdi ki, o Ukraynadakı müharibəyə qarşıdır. O Ukraynanın xüsusi xidmətləri ilə əlaqəyə girmiş və avqustun 9-da qırıcılar üçün ehtiyat hissələri daşıyan helikopteri Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidə endirmişdi.

Onunla birlikdə helikopterdə iki leytenant – 35 yaşlı şturman Xuşbaxt Tursunov və 28 yaşlı Nikita Kiryanov da uçmuşdular. Onlar bu əməliyyat həyata keçirilərkən həlak olublar.

Rossia 1 dövlət telekanalının efirində müxbir iddia edirdi ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının zabitlərinə Kuzminovun qətli barədə komanda verilmişdi.

Zabitlərdən biri deyirdi ki, pilot mütləq aşkar edilərək cəzalandırılacaq, digər zabit isə bildirirdi ki, Kuzminov məhkəməsinədək sağ qalmayacaq.

Kuzminov demişdi ki, onunla uçan iki leytenant plandan xəbərsiz idilər və hətta ona mane olmağa çalışmışdılar. Onlar helikopter endikdən sonra Rusiya ilə sərhədə doğru qaçmışdılar. Nəticədə hər ikisi həlak olmuşdu.

Rossia 1 telekanı bildirib ki, iki leytenantın meyitləri helikopterin qaçırılmasından üç həftə sonra Rusiya tərəfinə verilmişdi.

“Arıquşu” əməliyyatı

Mi-8 helikopterinin qaçırılması üçün keçirilən “Sinitsa” (Arıquşu) əməliyyatı 6 aydan çox davam edib.

Bu əməliyyatı ali hərbi aviasiya məktəbinin məzunu, peşəkar pilot Kuzminov keçirirdi.

O 2022-ci ilin oktyabrında Ukraynanın işğal olunmuş ərazilərində xidmətə göndərilmişdi. Öz sözlərinə görə o burada anlamışdı ki, bu müharibəni Rusiya başlayıb.

Kuzminov ordudan tərxis oluna bilməmişdi. Onda qərara almışdı ki, Ukraynaya qaçsın. Kuzminov Ukrayna tərəfi ilə əlaqələrə daxil olmuş və onlara özünün Mi-8 helikopterini Ukrayanaya qaçırmaq planını açmışdı. Kuzminov əhvalatı belə danışırdı:

"Mən helikopteri sadəcə olaraq qaçırmamışam. Mən əvvəlcədən plaşlaşdırıldğı kimi onu rəsmən A nöqtəsindən B nöqtəsinə çatdırmışam. Sərhədi keçərkən mənə atəş açmağa başlayıblar. Kimlərin atdığını deyə bilmərəm. Amma düşünürəm ki, Rusiya tərəfi atırdı. Ayağımdan yaralanmışam. Sonra daha 20 kilometr uçaraq göstərilən yerdə enmişəm”.

XS
SM
MD
LG