Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

Azərbaycanda hərbçilərlə bağlı üç istiqamətdə dəyişiklik var


Xankəndidə hərbi parad
Xankəndidə hərbi parad

Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Analiz göstərir ki, hökumət, əsasən, üç məqsədi:

- hazırda xidmətdə olan hərbçilərin daha uzun müddət orduda qalmasına şərait yaratmağı;

- daha çox insanı hərbi qulluqçu olmağa həvəsləndirməyi;

- hərbi xidmətdən yayınanların sayını azaltmağı hədəfləyir.

Azərbaycan rəsmiləri tez-tez Qarabağ münaqişəsinin başa çatdığını dilə gətirirlər. Bu baxımdan, indiki durumda orduda gərəyindən çox hərbçi olmasına ehtiyac yoxdur. Belə bir şəraitdə hökumətin hərbi qulluqçuların sayını artırmağa yönəlik addımları daha çox son 3 il ərzində baş verən hərbi əməliyyatlardakı itkilərin yerini doldurmaqla bağlı ola bilər. Unutmaq olmaz ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibədən bəri Azərbaycanın 3 mindən çox hərbçisi həlak olub. Təkcə 44 günlük müharibədə yaralandığı açıqlanan hərbçilərin sayı 11 mindən çox idi. Bugünlərdə əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, 2020-ci ildən bəri Azərbaycanda əlillik təyin edilən hərbçilərin sayı 4 min nəfəri aşır.

Hərbçilərin pensiya yaşı artır

Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur. Deməli, qanuna dəyişiklik təklifi qəbul ediləndən sonra hərbi qulluqçular pensiyaya çıxmaq üçün indiki ilə müqayisədə 5 il daha çox işləməli olacaqlar. Hökumət bu dəyişikliklə bağlı açıqlamasında da pensiya yaşının artırılmasını hərbçilərin təcrübəsindən daha uzun müddət yararlanmaq istəyi ilə əlaqələndirib. Müstəqil ekspertlərin fikrincə, hərbçilərin pensiya yaşının artırılmasında daha bir məqsəd onların təqaüdlərinə ödənilən məbləğə qənaət etməkdir.

Pensiya yaşının artırılması ilə yanaşı, yeni dəyişikliklərdə hərbi qulluqçuların ordunu tərk etməsini çətinləşdirən və daha böyük yaşadək xidmət keçməyə yol açan yanaşmalar da var. Zabitlər indiyədək 5 il xidmət keçəndən sonra öz arzuları ilə hərbi xidmətdən buraxıla bilərdi. Yeni dəyişikliklərdən sonra bu müddət 10 ilə qaldırılacaq. Digər tərəfdən, indiyədək müddətdən artıq hərbi xidmət keçənlər, eləcə də gizir və miçmanlar sülh dövründə 45 yaşadək həqiqi hərbi xidmətdə ola bilərdi. Dəyişiklikdən sonra bu hədd 48 yaşa qaldırılacaq.

Yeni kollec və imtiyazlar

Dekabrın 14-də prezident İlham Əliyev "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Sənədə əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələri bitirəndən sonra Azərbaycan ordusunda beş təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçməlidir. Yalnız bundan sonra onlar İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlana bilərlər. Bu halda alınan mənzilin qiymətinin 15 faizədək olan bölümü dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Fərmanda o da qeyd edilir ki, qarşıdakı üç ay ərzində peşəkar gizir heyətinin hazırlanması üçün Bakı və Gəncədə, eləcə də Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç xüsusi təyinatlı hərbi kollec yaradılmalıdır.

Daha bir nazirlik çağırış prosesinə qatılır

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda çözülürdü. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

Azərbaycanda rüşvət müqabilində hərbi xidmətdən yayınmaq geniş yayılıb. İstənilən şəxs hərbi komissarlığa bəlli məbləğdə rüşvət ödəyərək hansısa xəstəlikdən əziyyət çəkməsi bəhanəsi ilə hərbi xidmətə yararsız sayıla bilirdi. Görünür, indiki şəraitdə hökumət bu prosesi bir qədər çətinləşdirmək istəyir. Azərbaycanda daha öncə də rüşvət hallarının aradan qaldırılmasına cəhdlər edilsə də, heç biri uğurlu olmayıb. Bu baxımdan, hərbi xidmətə çağırışa dair bu dəyişikliyin də rüşvəti kökündən bitirəcəyi inandırıcı deyil. Ancaq yeni qaydalardan sonra hökumət rüşvət qarşılığında hərbi xidmətdən yayınanları sayca nisbətən azalda bilər.

Müharibədən sonrakı ordu

Müharibə bitəndən sonra bir çoxları hərbi qulluqçuların sosial durumunun daha da yaxşılaşacağını düşünsə də, tam tərsinə, 44 günlük savaşın ardından hərbiçilərə maaş hesablama qaydası dəyişdi və onlara verilən əməkhaqqı azaldı. Bu, o dövrdə geniş narazılıq doğurmuşdu. İndi Azərbaycanda hərbi qulluqçu sayının artırılmasına yönəlik addımların bir əsas səbəbi də son üç ildə həlak olanlar, yaralananlar, əmək qabiliyyətini itirənlər daxil, çox sayda hərbi qulluqçu yerinin doldurulmasıdır. Təbii ki, bəzi digər səbəblər də hərbi qulluqçu sayına azaldıcı təsir göstərir. Məsələn, müharibədən sonra bir çox hərbi hissə xidmət yerini dəyişdirib. Azərbaycan Qarabağda nəzarəti bərpa etdikdən sonra ölkənin fərqli yerlərindən hərbi hissələr həmin ərazilərə köçürülüb. Belə bir ortamda bir çox hərbçinin də yaşayış yeri dəyişib. Müharibədən öncəki dövrdə keçmiş cəbhə xəttinə yaxın rayonlarda müddətdən artıq hərbi qulluqçu kimi müqavilə əsasında orduya qoşulmaq geniş yayılmışdı. Regionlarda iş yeri azlığından bir çox gənc tək iş ümidini orduya bağlayırdı. İndi xidmət yerləri dəyişdiyindən həmin şəxslər öz ailələrindən çox uzaqda çalışmağa məcburdur. Qarabağa giriş də məhdud olduğundan onlar bəzən aylarla evlərindən uzaqlarda qalırlar. Bu üzdən, müqavilə müddəti başa çatınca, müqaviləsini yeniləmək istəyənlərin sayı azalır.

XS
SM
MD
LG