Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:15

Hollivud hara köçüb


Hollivud
Hollivud

Pandemiya Hollivudun necə və harada işləməsini dəyişdirib. Nofilmschool saytı yazır ki, son 18 ay ərzində, bütün dünyada olduğu kimi, Hollivudda da koronavirusun təsirləri hər yerdə hiss olunur. Hollivud bu təsirlərin öhdəsindən gəlməyə çalışır. Çəkilişlər lokdauna görə dayandırılıb, ulduzlar xəstələnib, demək olar, hər bir görüş "Zoom" və ya telefon zəngi formatına keçib.

Los-Ancelesdən daha sərfəli

Bütün bunların fonunda Los-Ancelesdə çox sahədə bir çox dəyişiklik baş verib. Onsuz da, artmaqda olan kirayə qiymətləri insanların böhran ərzində işlərini itirməsi ilə rekord həddə çatıb. Kirayə qiymətlərinin bu qədər yüksək olması fonunda evsizlik səviyyəsi də kəskin artıb. Bir çox filmlərin çəkilişləri Los-Ancelesdən çıxarılaraq daha ucuz yerlərə aparılıb. Bir çox ştatlar vergi siyasətlərində düzəlişlər etdiklərindən indi istənilən yerdə yaşamaq Los-Ancelesdən yaşamaqdan daha sərfəli olub. Yaxşı, bəs Hollivud köçüb hara gedib? Cavab: hər yerə.

"Zoom" olan yerdə...

Keçmiş zamanlarda kino sahəsində karyera qurmaq istəyən Los-Ancelesə köçməli idi. İndi isə hər şey bundan daha qəlizdir. İndi siz Los-Ancelesə sadəcə ara-sıra bəzi görüşlər üçün gəlməli olursunuz. Ola bilsin ki, TV üçün ssenarilər yazmaq istəyənlər Los-Ancelesdə qalmalı olurlar. Ancaq o da əgər şouya cavabdeh şirkətlər "Zoom"dan istifadə etmirsə.

Hollivud hər zaman Corciya ştatında aktiv olub. "Marvel" və "Netflix" daim burada çəkilişlər ediblər. İndi isə kinematoqrafçılar Nevada və Texas ştatlarında da çox işləməyə başlayıblar. Əsas səbəb bu ştatların vergi siyasətlərindəki dəyişikliklər və kino studiyalarının bu imkanlardan yararlanmaq istəyidir.

Dəyişikliklər arasında kino çəkilişləri üçün vergi güzəştləri də var. Görünür, bu ştatlar həmin addımı məxsusi kino industriyasını cəlb etməkdən ötrü atıblar. Həm Şimali, həm də Cənubi Karolina, Yuta, Vayominq və Vaşinqton ştatları da film sənayesini cəlb etmək üçün səy göstərir.

Şəhərdən kənar

"Zoom" və telefon zəngləri hər şey deməkdir. İnsanlar ssenariləri oxuyanda onlara müəllifin harada yaşaması maraqlı olmur. Onlara maraqlı olan tək şey ssenarinin yaxşı olub-olmamasıdır. Bu isə həm də vaxta qənaət deməkdir. Çoxları bu vaxtdan istifadə edərək şəhərin özündən çıxır, ancaq bu sahədə çalışmağa davam edir. Şəhərdə qiymətlərin durmadan artması hətta şirkət rəhbərlərini belə buradan köçərək ətraf ştatlarda, yaxud birbaşa uçuşları olan hava limanları yaxınlığında ev almağa vadar edir. Təcili uçub gəlmək gərəkəndə hava limanı həmişə yaxındadır.

Yaradıcı peşələrdə çalışanların çoxu ilham pərilərinə daha uyğun yerlər tapmaq üçün şəhərdən çıxırlar. Bu yeni yerlər həm də onların daha az vergi ödəməli olduğu yerlərdir.

"Tamalewood"

Kino industriyasının sürətlə Nyu-Meksiko ştatına köçməsi nəticəsində mətbuat bu ştata "tamalewood" adını qoyub. Tamale Nyu-Meksikonun yerli yeməklərindən biridir. Nyu-Meksiko ştatı əyləncə sənayesinə, nə az, nə çox, 35 faizlik vergi güzəştləri təklif edir.

"Fox Business" yazır ki, "Netflix" və "NBCUniversal" kimi nəhəng şirkətlər artıq ötən ildən Albukerkedə özlərinə studiyalar tikiblər.

Nyu-Meksiko ştatının iqtisadi inkişaf naziri "Fox Business"ə deyib ki, ştatın gəlirləri rekord həddə yüksəlib. Ştatın 2021-ci ilin ilk yarısında təkcə əyləncə industriyasından 623 milyon dollar qazanc əldə etdiyi bildirilir.

XS
SM
MD
LG