Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

AZAL-ın qiymətlərini 'Silk Way' bahalaşdırır [qısa araşdırma]


AZAL-in qiymət siyasəti. İllüstrasiya.
AZAL-in qiymət siyasəti. İllüstrasiya.

Hətta prezidentin tənqidlərindən sonra belə AZAL biletlərinin qiymətinin niyə düşmədiyi məlum olub. Sirr pərdəsini Hesablama Palatası qaldırıb.

Palatanın hesabatından məlum olur ki, biletlərin qiymətinin yuxarı olmasının əsas səbəbi AZAL-ın hava gəmilərinə aviasiya və aeroport xidmətləri göstərən şirkətlərin yuxarı qiymətləri olub. Həmin şirkətlər xidmətlərin qiymətlərini ilbəil qaldırıb, bu isə dövlət aviaqurumunun xərclərinin «əhəmiyyətli hissəsini» təşkil etməsi ilə nəticələnib. Azmış kimi, həmin şirkətlər AZAL-ın balansındakı aktivlərdən (torpaq sahələri, binalar, tikintilər və qurğular) geninə-boluna istifadə edirlərmiş.

Buna da bax:​ Azərbaycan 1 milyard dollarlıq 10 'Boeing' alır

Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti məqsədilə «Azərbaycan Hava Yolları» QSC-də aparılan auditin nəticələrini açıqlayıb. Məlumat palatanın 2016-cı il üzrə illik hesabatının bir hissəsidir. Sənəddən məlum olur ki, 2005-ci ildə qəbul edilən qərara görə, aviasiya sahəsində inhisar subyekti olan şirkətlərin göstərdikləri xidmətlərin qiyməti dövlət tərəfindən tənzimlənməli olduğu halda, son 11 il ərzində AZAL və partnyorları arasındakı sövdələşmələr müəmmalı şəkildə dövlət tənzimlənməsindən kənarda qalıb.

Hesablama Palatası
Hesablama Palatası

Bu dövrdə Tarif (qiymət) Şurası yanacağın, əhaliyə göstərilən kommunal xidmətlərin qiymətlərini dəfələrlə qaldırıb. Elə hava nəqliyyatında ölkədaxili sərnişin daşımaları tariflərinə AZAL rəhbərliyinin təşəbbüsü ilə bir neçə dəfə yenidən baxılıb. Di gəl ki, AZAL və onun tərəfdaşları arasında biznes münasibətlərinə aydınlıq gətirmək «yada düşməyib».

Buna da bax: Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyətini kim verib?

Palata tövsiyə edir ki...

Hesablama Palatası hökumətə elə onun öz sənədlərinə istinad etməklə tövsiyələr verib. Hələ 2005-ci ilin sentyabr ayının 28-də Nazirlər Kabineti 178 nömrəli qərarı ilə aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətləri «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı»na aid etmişdi. Hökumət 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarla «Təbii inhisar subyektlərinin siyahısı»nı təsdiq edib.

Onların sırasında aeroport xidmətləri, eləcə də hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən qurumlar «Silkway Airlines» MMC-nin Ground Handling Company filialı, «Silk Way Holding» şirkətlər qrupunun digər üzvü - «Silkway Business Aviation» MMC, eləcə də 2011-ci ildə yaranmaqla dərhal təbii inhisarçıya çevrilən «VIP Aviasiya Xidmətləri Şirkəti» MMC də var.

Buna da bax:​ AZALJET-in tarifləri bilindi

Sən demə, bu şirkətlər AZAL-ın Bakı, Gəncə və başqa şəhərlərdəki yüz milyonlarla dollar dövlət sərmayəsi hesabına başa gələn infrastrukturundan pulsuz-parasız istifadə edirmiş. Özəl şirkətlər AZAL-a göstərdikləri xidmətin qiymətini qaldırır, AZAL QSC isə balansında olan aktivlərdən həmin şirkətlərin istifadə edilməsini qarşılıqlı hesablaşmalarda nəzərə almırmış.

Hesablama Palatası AZAL-ın bu «əməliyyatlardan» nə qədər itirməsinə hesabatında aydınlıq gətirmir. Əvəzində hökumətə tövsiyyə edir ki, «dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədilə aeroport ərazisində göstərilən xidmətlərin (işlərin) differensiallaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı hədləri» müəyyənləşdirilsin. Bu tövsiyəyə nə zaman əməl olunacağı hələlik məlum deyil. Tarif Şurası sonuncu dəfə bu ilin martın 6-da toplaşaraq Dövlət İmtahan Mərkəzinin tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərinin tariflərini təsdiq edib.

Buna da bax:​ Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]

Xədicə İsmayıl: «Prezident biletin baha olmağını demişdi, səbəbini isə gizlətmişdi»

Xədicə İsmayıl
Xədicə İsmayıl

Beynəlxalq təhqiqatçı jurnalistlər şəbəkəsinin üzvü, «Silk Way Holding» şirkətlər qrupunun AZAL-la əməkdaşlığının korrupsiyaya yol açan tərəflərini araşdıran Xədicə İsmayıl deyir ki, Hesablama Palatasının aviaşirkətdəki yoxlaması prezident İlham Əliyevin 2015-ci ildə AZAL-ı biletlərin baha olması ilə bağlı fikirlər səsləndirməsi ilə eyni vaxta təsadüf edir.

«İham Əliyev bu məsələni qaldırmışdı. AZAL-ı tənqid etmişdi ki, biletlər bahadır. Vəziyyət düzəlməliydi. amma düzəlmədi. İndi də səbəb bilindi. Hesablama Palatası da təsdiqləyir ki, biletlərin qiymətinin baha olmasının səbəbi İlham Əliyevin və Cahangir Əsgərovun ailələrinə bağlı şirkətlərin öz xidmətlərini aeroporta yüksək qiymətə satmasıdır. İstəsələr, bu məsələni ailə daxilində həll edə bilərlər, daha o boyda müşavirə keçirmək nəyə lazım idi?».

Buna da bax:​ AZAL-ın gəlirləri artıb

AzadlıqRadiosu "Silkway Holding"in prezident ailəsinə bağlı olduğunu hələ 2010-ci ildə araşdırıb üzə çıxarıb.

2015-ci ildə sosial şəbəkələrdə AZAL-ın yeritdiyi qiymət siyasəti ilə bağlı ciddi narazılıqlar əsas müzakirə mövzularından biri idi. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bu məsələyə də toxunmuşdu:

«Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?», deyə İlham Əliyev sual verirdi.

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Bir müddət sonra AZAL bir neçə istiqamət üzrə aşağı büdcəli AZALJET paketini təqdim etdi. Lakin əsas problemlərdən bir – aeroportların infrastrukturundan yaralanan və AZAL-a baha qiymətə xidmət göstərən şirkətlərin tarifləri tənzimlənməmiş qalırdı.

Ekspert: «AZAL-da araşdırma davam etdirilməlidir»

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı Azər Mehtiyev diqqəti AZAL QSC-nin dövlət büdcəsindən böyük məbləğlərdə subsidiya alan dövlət qurumlarından biri olmasına yönəldir. O hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabına texniki bazası davamlı olaraq yenilənən aviaşirkətin subsidiyalaşdırmanın nə dərəcədə səmərəli olmasının Hesablama Palatası tərəfindən xüsusi araşdırılmasına ehtiyac var. Bu məsələdə QSC-nin dövlət büdcəsinə ödənişlərinin məbləği ölçmə meyarlarından biri ola bilərdi.

Buna da bax: 'Bir ailənin hegemonluğu...'

Ekspert palatanın müvafiq illər üzrə büdcə rəylərində olan məlumatlara istinadən qeyd edir ki, AZAL-ın dövlət büdcəsinə ödənişlərinin məbləği:

2007-ci ildə - 28.1 mln. AZN;
2008-ci ildə - 19.8 mln. AZN;
2009-cu ildə - 11.7 mln. AZN;
2010-cu ildə - 15.0 mln. AZN;
2011-ci ildə - 20.3 mln. AZN;
2012-ci ildə - 23.0 mln. AZN;
2013-cü ildə 11.0 mln. AZN;
2014-cü ildə - 14.6 mln. AZN;
2015-ci ildə - 31.9 mln. AZN olub.

Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

«Rəqəmlərdən göründüyü kimi, ölkəyə böyük neft gəlirlərinin daxil olduğu illərdə aviaşirkətin ödənişləri nəinki artıb, əksinə kəskin azalıb. Amma 2015-ci ildə birdən-birə artım baş verib. Hesablama Palatası nədənsə qurumun fəaliyyətində olan boşluqları vaxtında aşkara çıxarmayıb, yalnız neft gəlirlərinin azalmasından sonra bu halları üzə çıxarmağa başlayıb». Hökumətə tövsiyələr verən Palataya Azər Mehtiyevin də deyəcəyi var. O təklif edir ki, HP məlum hallar üzündən dövlət büdcəsinin itkilərini də hesablayıb bəyan etsin və həmin itkilərin bərpa edilməsini təmin etsin, habelə səlahiyyətli şəxslərin cəzalandırılması üçün tədbirlər görsün.

XS
SM
MD
LG