Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:36

Otlaq sahəsi yoxdur, inəklər qoruqda otlayır


Mal-qara
Mal-qara

«Otlaq sahələrimizi əlimizdən alıb satıblar. İndi də mal-heyvanı otardığımız sahədən çıxarırlar ki, bura qoruq ərazisidir».

Neftçala sakini, iri heyvandarlıq təsərrüfatı olan Rabil Əsgərov deyir, bir aydan çoxdur ki, mal-heyvanı otarmağa yer tapmır. Fermerin iddiasına görə, rayon ərazisindəki otlaq sahələri kənardan gələnlərin istifadəsinə verilib, yerli fermerlər məcbur qalıb mal-heyvanı qoruq ərazisinə buraxırlar ki, acından ölməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə onları cərimələyir.

«QOYUNU, İNƏYİ HARDA OTARAQ?»

İndi fermerlər çıxılmaz durumda qalıblar. Rabil Əsgərov:

«Bəli, biz də hesab edirik ki, qoruqda heyvan otarmazlar. Ora nadir heyvanlar üçün nəzərdə tutulub, dövlətin balansındadır, qorunur. Ancaq bu vəziyyəti kim yaradıb? Əlbəttə ki, özləri... Bu fermer, bu kəndli yüzlərlə, minlərlə qoyunu, inəyi harada otarsın? Heyvandarlıqla məşğul olan rayonda otlaq sahəsi tapılmır».

Söhbət Şirvan Milli Parkının Neftçala rayonuna düşən ərazisindən gedir. Bir müddətdir ki, bu sahəyə heyvan gətirənlərin sayı artıb. Böyük bir hissə mal-qara üçün otlaq sahəsinə çevrilib. Qoruğun yaxınlığındakı sakinlər onun qorunması və saxlanmasından ötrü hökumətə müraciət ediblər. Qoruğun yaxınlığında yaşayan Tahir Musayev:

«Qoruqda təbiətin nadir canlılarından olan ceyranlar və adı Qırmızı Kitaba düşən başqa heyvanlar saxlanılır. Ancaq kənardan gətirilib otarılan heyvanların sayı artdıqca, qoruğun ərazisi də kiçilir. Nadir heyvanlar da hürkür, qoruqdan qaçıb gedir. Hər dəfə müvafiq qurumlara yazırıq, hər dəfə də cavab alırıq ki, qoruğa qoyun-quzu, inək, dana buraxanlar cərimələnir. Ancaq baxırıq ki, hərə öz işindədir».

30 MİN MANATLIQ CƏRİMƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, ərazini qanunsuz otlaq kimi istifadə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilib. Hətta bu şəxslərə yazılan cərimələrin həddi ümumilikdə 30 min manatı ötüb. Bununla belə, fermerlər qoruğa heyvan buraxmağa davam edirlər.

Neftçala rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirilib ki, rayon ərazisində heyvanların otlaması üçün kifayət qədər otlaq sahəsi var. Fermerlər otlaq sahələrinə görə icarəhaqqı ödəməsinlər deyə, heyvanları qoruğa salırlar:

«Bircə qarış otlaq sahəsi satılmayıb. Hamısı yalandır. İnəklərini otarmağa pulsuz yer tapıblar, sadəcə...».

XS
SM
MD
LG