Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:03

'Əxlaq polisini görəndə başlarını örtür, onlar gözdən itən kimi açırlar'


Tehran, 16 iyul, 2023-cü il
Tehran, 16 iyul, 2023-cü il

İranda əxlaq polisinin böyük şəhərlərin küçələrinə qayıtması baş örtüsü qaydalarına məhəl qoymamağı seçən qadınları narahat etməyə başlayıb. Ancaq bu hal həm kişilərin, həm də qadınların müqaviməti ilə qarşılaşıb. Millət vəkilləri isə bu mühafizəkar üsulun effektivliyini sorğulamağa başlayıblar.

AzadlıqRadiosunun “Radio Fərda” fars xidmətinə danışan iranlılar adətən kişi zabitlər və qara çadra geyinmiş qadınlardan ibarət olan əxlaq polisinin etirazlardan öncəki qədər gözə dəymədiyini deyiblər.

Mental və emosional problemlər

"Əvvəllər biz küçəyə çıxanda onların küçədə dayanmış, yaxud hərəkət edən maşını olurdu. Hələlik, əvvəlki qədər müdaxilə etməyə cürət etmirlər. Ancaq onlar var və əsasən, mərkəzi meydanlardadırlar", – Tehranda yaşayan insan haqları fəalı Leyla Mirğaffari “Radio Fərda”ya söyləyib.

Mirğaffari əxlaq polisinin aylarla çəkən kütləvi etirazların əsasən sakitləşməsindən sonra yenidən ortaya çıxarılması qərarını əhali arasında “qorxu və terror” yaratmaq istəyi ilə əlaqələndirir.

"Bu bizə mental və emosional problemlər yaradır. Bu, streslidir, bizim və ailələrimizin düşüncələrini məşğul edir. Evdən çıxmaq istəyəndə, küçəyə çıxanda istənilən an əxlaq polisinin insanları həbs etmək üçün durduğu yerdən keçə bilərik”, – Mirğaffari deyir.

Bununla yanaşı, Mirğaffari və digər müsahiblər bu patrulların əsasən effektiv olmadığını və hətta hökumətin mühafizəkar tədbirlərinə qarşı müqavimətə yeni nəfəs verdiyini deyir.

“Radio Fərda”ya danışan Tehran sakinlərinin sözlərinə görə, bəzi qadınlar sadəcə, əxlaq polisini görəndə başlarını örtür, polis gözdən itən kimi isə dərhal açır. Bəzi hallarda isə əxlaq polisi qadınlara hücum edəndə ətrafdakı digər vətəndaşlar – həm kişilər, həm də qadınlar müdaxilə edərək polisi geri çəkilməyə məcbur ediblər.

Rəştdə toqquşmalar

İyunun 16-da hökumət əxlaq polisinin bərpa olunacağını bəyan edəndən dərhal sonra ölkənin şimalındakı Rəşt şəhərinin sakinləri üç qadının hicab qaydalarını pozma bəhanəsi ilə həbsinə etiraz üçün küçələrə çıxıblar.

Nümayişçilərlə polis arasında toqquşmanın meydana gəldiyi bildirilir. Polis gözyaşardıcı qaz işlədərək İranın dini hakimiyyətinə qarşı şüarların da səsləndirildiyi aksiyanı dağıdıb.

"Bilmirəm, onlar bu üsulla hara qədər getməyə çalışırlar, ancaq fikrimcə, bu üsulu davam etdirmək istəyirlərsə, onda qarşıdurmalar yenidən başlayacaq. Şəxsən mən onların hansısa qızı maşına apardıqlarını görsəm, qışqırıb onlara mane olaram … və məncə, əksəriyyət də mənim kimidir. Adamlar Məhsa hadisəsinin təkrarlanmasını istəmirlər…”, – adının çəkilməsini istəməyən bir kişi deyib.

Üç il həbs cəzası

Məhsa Əmini ötən sentyabrda guya hicabı düzgün bağlamadığına görə saxlanıb və polis nəzarətində vəfat edib. O vaxtdan bəri aylarla davam edən etirazlar zamanı hökumətin əxlaq polisini buraxması haqda xəbərlər yayılmışdı. Ancaq əxlaq polisinin bəzi şəhərlərdə heç vaxt heç yerə getmədiyi haqda da xəbərlər var idi. Amma baş verənlər ölkənin baş örtüyünü islamın əsas şərtlərindən biri kimi görən dini hakimiyyəti də düşünməyə vadar edib. İndi hökumət “İsmət və Hicab Qanununa” dəyişikliklər edərək tabe olmayanlara daha sərt cəzalar tətbiq etmək istəyir. Yeni dəyişikliyə görə, qanunu təkrar pozanlara üç il həbs cəzası da verilə bilər.

Hazırda parlamentdə təsdiqini gözləyən bu düzəliş cəmiyyətdə qızğın mübahisələrə səbəb olub. Bəzi millət vəkilləri bu addımı qadınları hicab tələblərinə tabe olmağa məcbur edəcək qədər sərt saymır. Digərləri isə qadınları tabe olmağa məcbur etməyin effektivliyini sorğulayırlar.

Parlamentin sosial komissiyasına rəhbərlik edən millət vəkili Vəli Esmaili deyib ki, əxlaq patrulunu bərpa etməzdən əvvəl “cəmiyyətin vəziyyətinə və bu addımların son 43 ildə nə dərəcədə effektiv olduğuna baxmalıyıq”.

XS
SM
MD
LG