Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:05

İran Rusiyaya ballistik raket ixracından necə faydalanacaq?


İran Rusiyaya "Fəth-360" və "Əbabil" yaxınmənzilli ballistik raketlər ixrac etməyə hazırlaşır
İran Rusiyaya "Fəth-360" və "Əbabil" yaxınmənzilli ballistik raketlər ixrac etməyə hazırlaşır

İranın yaxınmənzilli "Fəth-360" və "Əbabil" ballistik raketlərini (YMBR) Rusiyaya ixrac etməyə hazırlaşdığı və bu yöndə Rusiya ordusunun şəxsi heyətinə təlim verməyə başladığı bildirilir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hücumunu başladandan bəri İranın Rusiyaya ballistik raket satmağa hazırlaşdığına, yaxud artıq onu belə raketlərlə təchiz etdiyinə dair xəbərlər yayılır. Bu xəbərlərin heç birini ABŞ və Ukrayna rəsmiləri təsdiqləməyib. İranın özü Rusiyaya silah verdiyini, yaxud bunu etməyi planlaşdırdığını inkar edir.

AzadlıqRadiosuna danışan təhlilçilər bu xəbərin doğruluğuna əmin olmasalar da, belə bir addımın Rusiyanın müharibədəki mövqeyini gücləndirə biləcəyini, habelə İrana həm fayda, həm də ziyan verəcəyini deyirlər.

Rusiya Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadəyə başlayanda Moskvanın öz arsenalını doldurmaq üçün İrana üz tutacağı ilə bağlı narahatlıq qısa müddətliyinə azalmışdı.

"Ancaq döyüş meydanının nəhəng tələbi Şimali Koreyanın təchizat imkanlarını gərmiş ola bilər", - Karneqi Beynəlxalq Sülh Fondunun təhqiqatçısı Nikol Qrayevski AzadlıqRadiosuna belə deyib.

Onun fikrincə, Moskva İranın ballistik raketlərinə Şimali Koreyadan asılılığını azaltmaq strategiyası kimi üz tutmuş ola bilər. Bu, Rusiyaya Pxenyanla Tehranı üz-üzə qoymaqla potensial olaraq öz strateji qazancını maksimallaşdırmaq imkanı verə bilər.

"Məhdud sayda" dron

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı məqalədə deyilir ki, avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri Moskvanın İrandan raket almaq niyyətinə dair şübhələri gücləndirib.

İran "Mohacer-10" dronunu bu ay Rusiyada nümayiş etdirib.
İran "Mohacer-10" dronunu bu ay Rusiyada nümayiş etdirib.

Rusiyanın Ukraynada apardığı müharibənin ilk aylarından bəri İranın "Şahed" və "Mohacer-6" dronlarından yararlandığı haqda şübhələr var. Ukraynanın şəhər və döyüş meydanlarında çox sayda İran dronu vurularaq yerə salınıb. İran ilk vaxtlarda Rusiyanı silahla təchiz etdiyini danırdı, ancaq sonradan Moskvanı müharibədən öncə "məhdud sayda" dronla təchiz etdiyini bildirib.

Çoxsaylı dəlillər olsa da, Tehran Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsi faktını hələ də danır. ABŞ və Aİ Moskvaya yardım göstərdiyi üçün İrana qarşı sanksiyalar tətbiq edib.

Qrayevski deyir ki, İran dronları texnologiya, istehsalat və əməliyyata yararlılıq baxımından Rusiya dronlarından üstündür, amma ballistik raketlər "keyfiyyət deyil, kəmiyyət məsələsidir".

Onun sözlərinə görə, Rusiyanı ballistik raketlərlə təchiz etməsi İranın təkcə nüfuzunu artırmayacaq, eyni zamanda ona "Fəth-360" və "Əbabil" raketlərinin döyüş performansı ilə bağlı mühüm məlumat qazanmaq imkanı verəcək.

"Üstəlik, Rusiyada modifikasiya edilmiş istənilən versiyanın əməliyyatlarda istifadəsi İrana raketlərinin bəzi çatışmayan özəllikləri ilə bağlı kömək edə bilər", - yenə Qrayevskinin sözləridir.

"İranın nüvə proqramı ilə bağlı çözümü çətinləşdirəcək"

Daha öncə yayılan xəbərlərdə İranın yaxınmənzilli "Fateh-110" və "Zülfüqar" raketlərini Moskvanın almaq istədiyi bildirilirdi. Ancaq Vaşinqtonda fəaliyyət göstərən Demokratik Quruluşların Müdafiəsi Fondunun aparıcı tədqiqatçısı Behnam Ben Taleblu deyir ki, bu raketləri Rusiyaya ixrac etməsi İranın Raket Texnologiyasına Nəzarət Rejiminin (RTNR) mənzil və yükləmə limitini pozması demək olardı.

"Fəth-360" və "Əbabil" raketləri isə RTNR-in qoyduğu 300 kilometrlik və 500 kiloqramlıq limitdən aşağıdır.

"Ancaq bu o demək deyil ki, YMBR-lərə məhəl qoyulmamalıdır. Bu raketlər Rusiyaya özünün istehsal etdiyi uzaqmənzilli raketləri qoruyub saxlamağa kömək edəcək. [Onlar eyni zamanda] Rusiya-İran münasibətlərinin dərinləşməsinin … əlamətləridir", - Taleblunun iddiası belədir.

RTNR-i pozmasa da, İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi Qərb dövlətlərinin qəzəbləndirəcək.

İranın raket idxal və ixracına BMT-nin qoyduğu qadağalar ötən ilin oktyabrında başa çatıb. Ancaq ABŞ və E3 dövlətləri (Britaniya, Fransa və Almaniya), eləcə də bütövlükdə Aİ İrana qarşı ballistik raket sanksiyalarının müddətini uzadıb.

"E3 dövlətləri İrana xəbərdarlıqlarında qətiyyətli idi. İran ballistik raketlərinin Rusiyaya ötürülməsi İranın nüvə proqramı ilə bağlı istənilən çözümü çətinləşdirəcək", - Qrayevskinin sözləridir.

Nüvə sazişinin bərpasına dair danışıqlar dayanıb, mövcud razılaşma da gələn ilin oktyabrında başa çatmalıdır. Bu üzdən, İran sazişin bərpası perspektivlərinin yox olması ehtimalına özünü hazırlamaq üçün Rusiya ilə münasibətlərini gəlişdirməyə çalışır.

İran Rusiyanın illik ordu sərgisinə qatılıb. 12-14 avqust tarixlərində Moskvada keçirilən sərgidə İran özünün ən yeni hərbi texnologiyasını, o cümlədən "Mohacer-10" dronlarını nümayiş etdirib. Bu dronlar Rusiyanın Ukraynada istifadə etdiyi "Mohacer-6" dronlarının yenilənmiş versiyasıdır.

Ancaq Qrayevski iddia edir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmaninin Moskvaya gəlişi daha önəmli hadisədir.

Taleblu deyir ki, İran Rusiyanı dronlarla təchiz etmək müqabilində bir çox şey əldə edib. Bura pul və qızıl da daxildir. Onun sözlərinə görə, İran bu əməkdaşlıqla artıq kiçik tərəfdaş olmaqdan çıxaraq öz rolunu artırmaq niyyətindədir və həmin səbəbdən bu əməkdaşlıq vektorunun dərinləşəcəyi gözlənilir.

XS
SM
MD
LG