Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:31

'Hər şey prezidentə məktubumdan sonra başladı...'


İsmayıllının Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov
İsmayıllının Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov

“Prezidentə yazdım, polislər həyətə tökülüşüb narkotik axtarmağa başladılar”

İsmayıllının Qubaxəlilli kənd sakininin deməsinə görə, prezidentə məktub yazması ona baha oturub. Polislər yaşadığı həyətə narkotik axtarmağa gəliblər.

“Kəndimizin torpaqlarının kənd camaatına deyil, kənardan gələn işbazlara uzunmüddətli istifadəyə verilməsinə etiraz olaraq dəfələrlə prezidentə şikayət məktubu göndərmişəm. Eyni zamanda, kənd bələdiyyəsinin sədri ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qaynar xəttinə şikayətlər etmişəm. Həmin şikayətlərimdə kəndimizin torpaqlarının xeyli hissəsini məmurların zəbt etdiyini də bildirmişəm. İndi başımı ağrıdırlar”.

Buna da bax: Plakatların arxasındakı kəndlər...

“YA PULU ÖDƏMƏLİYƏM, YA DA...”

İsmayıllının Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov şərlənib həbs olunacağından narahatdır.

Bir müddətdir ki, o, kənddəki torpaqların kənardan gələnlərə yox, elə kəndlilərə verilməsini tələb edir. AzadlıqRadiosu-na danışır ki, bələdiyyə sədrinin və icra başçısının hərəkətlərindən prezidentə yazandan sonra bələdiyyə sədri onu “işgüzar nüfuzuna xələl gətirilməsi” iddiası ilə məhkəməyə verib. İsmayıllı rayon Məhkəməsi kəndlidən 2014 manat alınıb bələdiyyə sədrinə təzminat kimi ödənilməsi üçün Qətnamə çıxarıb:

Buna da bax: Bələdiyyə sədrindən prezidentə yazdı, polisə çağrıldı

“Prezident deyir, ay vətəndaş, səni incidirlərsə, mənə müraciət elə. Mən də prezidentimə arxayın olub ona müraciət eləmişəm. Bu müraciətimə görə bələdiyyə sədri məni məhkəməyə verib, məhkəmə də vətəndaşın yox, onun tərəfində dayanıb. İndi prezident gəlsin, arxamda dayansın. Ya pulu ödəməliyəm, ya da əmlakım əlimdən alınacaq”.

“TORPAQ SAHƏLƏRİ ÖZLƏRİNƏ QAYTARILSIN”

Rüstəm Hüseynov deyir, kənddə işsizlik hökm sürür. 10 min hektardan çox əkinə yararlı torpaq sahələri ola-ola, adamlar ac-susuz qalıb. Prezidentə yazdığı məktublarda xahiş edib ki, məmurlar tərəfindən “işğal olunmuş” torpaq sahələrini “azad edib” özlərinə qaytarsın. Yuxarı instansiyalardan xahiş və tələb edib ki, kənd bələdiyyəsinin qanunsuz, özbaşına əməlləri araşdırılsın, hüquqi qiymət verilsin. Bu da rayon məmurlarının xoşuna gəlməyib.

Buna da bax: Prezidentə e-mail yazmağın axırı nə ola bilər

Kəndlinin deməsinə görə, məhkəməyə verilməsi az imiş, bu il sentyabrın 19-da 14 nəfərlik polis dəstəsi yaşadığı ünvana narkotik axtarmağa gəlib:

“Qoca ata-anama zor tətbiq ediblər. Azyaşlı övladımın qorxudan dili tutulub. Əraziyə təcili tibbi yardım çağırılıb. Qonşularım da şahiddir. Həyətə tökülüşüb narkotik axtarırdılar. Özbaşına gəlməmişdilər. Rayonun yüksək vəzifəli məmurlarının sifarişi idi. Ancaq heç nə tapa bilmədilər. Çünki qonşuların və biz ciddi nəzarət elədik ki, özləri ilə gətirdikləri narkotiki həyətə ata bilməsinlər. Sabahı gün icra başçısı və polis rəisi məndən, atamdan və üç qardaşımdan icra başçısının kabinetində üzr istədilər. O zaman onların əməllərini ictimailəşdirmədim. Düşündüm ki, “olan olub, daha üzr də istəyiblər”. Ancaq sonra gördüm ki, yox, bu adamların əməllərini ifşa etmədikcə, daha çox zərərini görməyə başlayırıq”.

“PREZİDENT KƏNDLİSİNƏ SAHİB ÇIXSIN”

Rüstəm Hüseynovun ölkə prezidentindən istəyi odur ki, “bu qədər məmurla torpaq savaşına çıxmış kasıb, kimsəsiz kəndlisinə sahib çıxsın, onun arxasında dayansın”.

İsmayıllı rayon Polis Şöbəsindən Qubaxəlilli kənd sakini Rüstəm Hüseynovun yaşadığı ünvanda narkotik axtarışı ilə bağlı suallara cavab verən olmayıb.

İsmayıllı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə Rüstəm Hüseynovun dediklərini təkzib ediblər. Qurumdan bildirilib ki, başçı ilə bağlı deyilənlər yalandır.

Buna da bax: Gənc şair prezidentə açıq məktub yazdı: "Sizi aldadırlar..."

“NİYƏ MƏHZ O EVƏ GEDİBLƏR?”

Qubaxəlilli kənd bələdiyyəsinin sədri Mirzəağa Mirzəxanov məsələyə belə münasibət bildirib:

O adamla heç danışmıram, düşüncələri tamam başqadır. Kəndin torpaqları adamların mülkiyyətindədir. Kimsə öz torpağını satırsa, buna mən neyləməliyəm? Tutaq ki, mən torpağımı satmıram, kim gəlib məndən onu ala bilər? Kimsə əkib becərə bilmir, texnikası, toxumu yoxdursa, torpağını satır, sənin kimi biri də gəlib alır, burda mənlik nə var ki...

Rüstəm Hüseynov deyir, sizdən və başçıdan prezidentə şikayət yazandan sonra yaşadığı ünvana polislər gəlib, narkotik axtarıb. İddia edir ki, bu işdə sizin əliniz var...

Kənddə 460 evdən niyə məhz o evə gediblər? Bu sualı ona niyə vermirsiz? Ağzına gələni danışır. Qapısında bir toyuq, qaz saxlaya bilmir, deyir dövlət buna nəsə eləsin. Adama deyərlər, “get işlə, canın çıxsın, başını saxla”.

XS
SM
MD
LG