Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:55

Yaxın Şərqdə böhran dərinləşdikcə diplomatiyaya ümid azalır


Beyrutda İsrailin hava zərbələri nəticəsində dağıdılmış binalar.
Beyrutda İsrailin hava zərbələri nəticəsində dağıdılmış binalar.

İsrailin Qəzza zolağı və Livan cəbhələrində apardığı müharibə və İranla eskalasiya təhlükəsi qaynamaqda olan Yaxın Şərq böhranını daşma nöqtəsinə gətirib. AzadlıqRadiosunun jurnalisti Maykl Skollon (Michael Scollon) bu haqda yazır.

Lakin ekspertlər deyir ki, İsrail və İran kimi regional güclər aralarındakı ölüm-dirim müharibəsi təhlükəsinin diplomatiya yolu ilə həllinə meylli deyillər. Onların fikrincə, tərəfləri təşviq etmədən, onları inandırmadan sülhə əsas əngəllər aradan qalxmayacaq. Vəziyyəti dəyişə biləcək aktorlar isə ya bunu istəmir, ya da vəziyyətin gərginləşməsi onlara sərf edir.

"Böhranın diplomatik həlləri var, ancaq onlar Fələstində işğalın aradan qaldırılmasına köklənməlidir, çünki münaqişənin əsas səbəbi budur", – Vaşınqtondan yerləşən Kuinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun həmtəsisçisi Trita Parsi deyib.

Parsinin sözlərinə görə, bu nəticənin alınması yolunda əsas əngəl rəsmi Vaşınqtonun İsraili işğala son qoymağa yönəltmək istəməməsidir: "Əgər ABŞ əsaslı şəkildə bu yanaşmanı dəyişsə, bu diplomatik həllər siyasi baxımdan real olacaq".

ABŞ İsrailin əsas müttəfiqi, onun əsas silah və yardım tədarükçüsüdür. Lakin İsrail ABŞ-ın bəzi təzyiqlərinə baxmayaraq, öz kursunu seçib. İsrail gərginliyi azaldarsa, digər oyunçuların öz hərbi fəaliyyətini səngidəcəyi naməlum qalır.

Genişlənən müharibə

İsrail ABŞ-ın terrorçu saydığı, İranın dəstəklədiyi HƏMAS və "Hizbullah"a qarşı, uyğun olaraq, Qəzza və Livanda hazırda müharibə aparır.

İsrail Qəzzada HƏMAS-a qarşı müharibəni təşkilatın ötən il İsraildə insan ölümlərinə səbəb olan hücumuna cavab olaraq başlayıb. Bu yaxınlarda İsrail Livan ərazisini bombalayıb və hərbi müdaxiləyə başlayıb. O, bunu "Hizbullah"ı, onun İsrailə raket zərbələri endirmək qabiliyyətini zəiflətmək niyyəti ilə edib.

İsrail son həftələrdə Livanın cənubuna hava zərbələri endirib və qurudan işğala başlayıb.
İsrail son həftələrdə Livanın cənubuna hava zərbələri endirib və qurudan işğala başlayıb.

"Hizbullah" Livanın cənubuna nəzarət edən silahlı qruplaşma və siyasi partiyadır. Aİ Livan parlamentində yer alan qruplaşmanın siyasi qanadını özünün qara siyahısına daxil etməyib.

Əsas düşməni İsrailə qarşı kölgə müharibəsi aparmaq üçün İran 40 il əvvəl "Hizbullah"ın yaradılmasına kömək edib. Son aylarda iki ölkə gözə-göz, dişə-diş prinsipi ilə bir-birinə hücum edir. Bu da iki regional qüvvə arasında geniş müharibəyə yol açacağı qorxusu yaradır.

Ekspertlərə görə, İsrail iki cəbhənin birində - Qəzzada diplomatik səylərin tərəfdarıdır. Buna səbəb HƏMAS-ın 2023-cü il oktyabrın 7-də ələ keçirdiyi xeyli sayda israilli girovun azadlığa buraxılmasına nail olmaqdır. Yaxınlarda keçirilən sorğuların nəticələri göstərib ki, İsrail ictimaiyyətinin fikrincə, Qəzzada gedən müharibənin əsas məqsədi əsirlərin azad olunmasıdır.

İsrailin 7 oktyabr hücumunun əsas təşkilatçısı və Vaşınqtonun "sülhə əsas maneə" saydığı HƏMAS lideri Yəhya Sinvarı öldürməsi mümkün irəliləyiş kimi görülür. ABŞ Dövlət Departamenti hesab edir ki, Sinvarın oktyabrın 17-də öldürülməsi Qəzzadakı münaqişəyə son qoya bilər. Bu, israilli əsirlərin buraxılması üçün imkan kimi dəyərləndirilib. Co Bayden (Joe Biden) deyib ki, irəliləyərək atəşkəsin əldə olunmasından ötrü zaman yetişib.

"Hizbullah" atəşkəs istəyir

Livanda "Hizbullah" və onu dəstəkləyən İran atəşkəs istəyir, çünki silahlı qruplaşma "çox güclü zərbələrə məruz qalıb", - Nyu-Yorkda yerləşən "Soufan Group" kəşfiyyat üzrə konsaltinq şirkətinin böyük məsləhətçisi, Yaxın Şərq üzrə ekspert Kennet Katsman deyir. "Düşünmürəm ki, İsrail diplomatiya istəyir", - o söyləyib.

Bu arada, İran özünün əsas obyektlərinə İsrailin zərbələrini önləməyə dəstək almaq üçün Ərəb körfəzi dövlətlərini inandırmağa çalışıb. İranın neft və hətta nüvə qurğularına İsrailin zərbə endirməsinə dair narahatlıq rəsmi Tehranın oktyabrın 1-də İsrailə 180-dək ballistik raket zərbəsindən sonra artıb. Baxmayaraq ki, bəzi Körfəz dövlətləri İsrail və İran ilə öz münasibətlərini normalaşdıra, apreldə İranın İsrailə raket və dron hücumunun qarşısını almağa kömək edə bilib, ekspertlər onların yaranmış vəziyyətə diplomatik yolla təsir edəcəyinə şübhə ilə yanaşırlar.

"Ərəb ölkələrinin İsrailə təsiri azdır, lakin Vaşınqtona müəyyən təsirləri var", – Parsi deyir.

Ekspertlərin fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin, həmçinin HƏMAS və bəzi Körfəz ölkələrinin atəşkəs əldə etməmək üçün səbəbləri var.
Ekspertlərin fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin, həmçinin HƏMAS və bəzi Körfəz ölkələrinin atəşkəs əldə etməmək üçün səbəbləri var.

"Hizbullah"ın zəifləməsini izləmək

Ekspertlərin fikrincə, Vaşınqton kimi, Körfəz dövlətləri də münaqişəni kənardan izləməkdə maraqlıdır. Onlar "Hizbullah" qruplaşmasının zəifləməsini istəyirlər.

ABŞ-da yerləşən "Century Foundation" beyin mərkəzinin direktoru Tanassis Kambanis deyir ki, Səudiyyə Ərəbistanı daxil, Körfəz dövlətləri regionda söz sahibliyi uğrunda İranla rəqabət aparır. Onun sözlərinə görə, "Hizbullah"a qarşı müharibəyə dözməyə hazır olmaları və hətta müharibəni dəstəkləmələri bu rəqabətdə onlara üstünlük verir.

Ekspert deyir ki, Qəzzada atəşkəsə nail olmaqda nə İsrail, nə də HƏMAS maraqlıdır. Hər iki tərəf hakimiyyəti əllərində saxlamaq üçün münaqişəni uzadır.

Kambanis hesab edir ki, Amerikanın ciddi rıçaqları ilə diplomatik proses "çox tez və çox asanlıqla" indiki formada münaqişəyə son qoya bilər. Bununla belə, əlavə edir ki, hazırda diplomatiya müharibənin dərin səbəblərini aradan qaldıra bilmir.

"Düşünmürəm ki, İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həlli üçün diplomatiyadan nəyisə gözləmək ağlabatandır. Eyni sözləri Livan və İsrail arasındakı sərhəd mübahisələrinin uzunmüddətli həlli ilə bağlı söyləmək olar", - Kambanis bildirib.

XS
SM
MD
LG