Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:20

'3+3' formatı ilə bağlı: 'ABŞ və Avropa İttifaqını əngəlləmək istəyirlər'


İstanbulda "3+3" regional məşvərət platformasının üçüncü iclası
İstanbulda "3+3" regional məşvərət platformasının üçüncü iclası

Oktyabrın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin iştirakı ilə "3+3" formatında üçüncü görüş keçirilir.

"3+3" formatına Gürcüstan da daxil edilsə də, bu ölkə əvvəlki görüşlər kimi, bu görüşdə də iştirak etməyəcəyini açıqlayıb.

"TRT Haber" kanalının məlumatına görə, görüşdə rəsmi Ankaranın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanması, habelə buna paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyi ifadə olunacaq.

Rasim Musabəyov
Rasim Musabəyov

"Hər hansı nəticəni gözləməyə dəyməz"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, hər bir halda bu, bir dialoqdur: "Orada hər hansı müqavilələrin imzalanması və ya bəyanatların verilməsi nəzərdə tutulmayıb. Amma bir dialoq platforması kimi faydalıdır".

Deputat qeyd edib ki, platforma görüşü çərçivəsində qısa da olsa, Azərbaycan-İran, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan danışıqları aparıla bilər: "Hər bir halda həm ikitərəfli, həm çoxtərəfli dialoq faydalıdır. Ancaq hər hansı nəticəni gözləməyə dəyməz".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Məqsəd regiondankənar dövlətlərin mövcudluğunu məhdudlaşdırmaqdır"

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, "3+3" formatı formalaşdırılan zaman onun əsas məqsədi açıq şəkildə elan edildi: "Regionun üç böyük dövləti və Cənubi Qafqazın üç dövləti arasında əməkdaşlıq kontekstində bir müzakirə müstəvisi yaradılsın. Burada məqsəd regiondankənar dövlətlərin hərbi-siyasi mövcudluğunu məhdudlaşdırmaqdır. Xüsusilə burada Avropa İttifaqı və ABŞ nəzərdə tutulur ki, onların regionda aktiv iştirakını bu format vasitəsilə mümkün qədər əngəlləmək istəyirlər".

Ekspertin sözlərinə görə, ikinci məqsəd ondan ibarət idi ki, mövcud olan münaqişələri, ziddiyyətləri bu format daxilində müzakirə edərək yoluna qoysunlar. Onun fikrincə, məqsədləri odur ki, bununla regionda baş verə biləcək lokal münaqişələr zamanı kənar dövlətlərin bura daxil olması imkanını ardan qaldırsınlar.

N.Məmmədli vurğulayır ki, "3+3" formatından xüsusi bir gözləntisi yoxdur: "Bu, elə bir format deyil ki, hansısa qarşılıqlı öhdəliklər olsun. Bu, sadəcə bir müzakirə müstəvisidir".

Elə Azərbaycan Xarici İşlər Nazirliyinin bu görüş, orada nazir Ceyhun Bayramovun çıxışına dair yaydığı məlumatda da xarici qüvvələrin regionda "təhlükəli" gündəliklərindən bəhs edilir: "Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə geosiyasi eskalasiya... cəhdlərini artırması fonunda regional fəaliyyətin, dialoqun daha da vacib olduğu vurğulanıb".

Amma çıxışda xarici qüvvələrdən bəhs edərkən konkret ad çəkilməyib.

+++

"3+3" formatında ilk görüş üç il əvvəl, dekabrın 10-da Moskvada keçirilib.

Bundan əvvəlki iclaslarda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Gürcüstanda bu formatda iştirak etməmələrini Rusiya ilə münasibətlərinin yaxşı olmaması ilə izah edirlər.

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Xatırlatma

Son bir neçə ildə Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirlər" elan etsə də, Yerevan onu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

XS
SM
MD
LG