Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:18

İstanbulda Behbud xan Cavanşirə abidə qoyuldu


Behbud xan Cavanşir, 1918-ci il iyun-oktyabr Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri
Behbud xan Cavanşir, 1918-ci il iyun-oktyabr Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri

Dekabrın 18-də İstanbulda Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.

-1921-ci ilin yayında Behbud xan Cavanşir İstanbula niyə getmişdi?

-İstanbul səfərində Behbud xan hansı tarixi şəxsiyyətin evində qonaq oldu?

-Bu səfər niyə qanla boyandı?

AzadlıqRadiosunun “İZ” proqramı abidəsinin ucaldığı gündə bir daha Behbud xanın yaşam və ölüm tarixçəsinin izinə düşüb.

PƏNAHƏLİ XANIN KÖTÜKCƏSİ

Behbud xan Azad xan oğlu Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində doğulub. O, Şuşanın təməlini qoyan Pənahəli xanın kötükcəsidir. Tiflisdə alman dili təmayüllü Tiflis Real Məktəbində, Almaniyada Flayberq Dağ-Mədən Akademiyasında təhsil alıb və daha sonra ingilis dilini öyrənmək üçün Londonda 1 il kurs keçib. 1907-ci ildə Vətənə dönüb. ”Difai” təşkilatının qurucularından olub. 1918-ci ilin iyununda Azərbaycan Cümhuriyyətinin hökumət kabinetində daxili işlər naziri (1918-ci il iyunun 17-dən oktyabrın 6-dək), sonra sənaye və ticarət naziri (1918-ci il oktyabrın 6-dan) təyin olunub. İçərişəhərdə ilk polis məktəbini yaradıb, Gəncədə ilk polis orqanlarının, Qarabağda özəl birliklərin qurulmasına nail olub. 1918-ci ilin dekabrında Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxanda, Behbud xan Cavanşir də tutduğu vəzifələri tərk edib. 1919-cu ildən Bakıda “Dəyanət” kommersiya şirkəti açıb və uğurlu xarici ticarətlə məşğul olub. Bolşevik işğalından sonra həbs edilib. Bolşeviklər neft sahəsindəki bacarığını, xarici ticarətdəki uğurlarını dəyərləndirib onu həbsdən buraxıblar. Behbud xanN. Nərimanovun tapşırığıyla neft-mədən avadanlığı almaq üçün Cənubi Qafqaz Soveti Xarici Ticarət təmsilçisi kimi Almaniyaya ezam olunub. 1921-ci ilin yayında Behbud xanın bu səfərə həyat yoldaşı və qardaşları ilə birgə çıxıb və İstanbula gəlib...

Pera Palas oteli
Pera Palas oteli

QARABAĞA İLK AVTOMOBİLİ BEHBUD XAN GƏTİRİB

Avropa təhsilli Behbud xan Cavanşir dövrünün gözüaçıq, tərəqqipərvər, imkanlı şəxslərindən olub. Qarabağda yolların abadlaşdırılması onun adıyla bağlıdır. Qarabağa ilk avtomobili də Behbud xan gətirib. Almaniyadan yumşaq buğda növlərini öz torpağında əkib və yaxşı məhsul götürüb. Fermer təsərrüfatı yaradıb. Damazlıq mal-qara saxlayıb. Behbud xan alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilib.

“AÇIQ FİKİRLİ, TƏMİZ ÜZLÜ”

1921-ci ildə Böyük Millət Məclisinin Moskvaya göndərdiyi türk diplomatlar - Yusuf Ziya və Rza Nur bolşevik işğalındakı Bakıya da gələrək Behbud xanla görüşürlər. Rza Nur yazdığı “Həyat və Xatiratım” əsərində “gözəl üzlü, gözəl sözlü, açıq fikirli, təmiz üzlü, üstün zəkalı” Behbud xana təriflər yağdırır.

TALEYİN ACI İSTEHZASI?

1918-ci ilin mart qırğınlarının qarşısını almağa çalışanlardan biri də Behbud xan Cavanşir olub. O, barışıq komitəsinin üzvü idi.

Behbud xanın bir özəlliyi də vardı. Taleyin istehzasına bax ki o, Tiflis Real Məktəbində bu qırğınları törədən Stepan Şaumyanla 8 il birgə oxuyub...

ƏHMƏD BƏY AĞAOĞLUNUN QONAĞI

Behbud xan Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus həyat yoldaşı Tamara xanımla və qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olub (“Difai” firqəsini yaradan iki şəxs-red.) Onun ölümü Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanımın xatirələrində belə əks olunub: "Atam Maltadan qayıdandan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi... Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadəbaşındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rusəsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib "Pera Palas" mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam "Pera Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik" (Vilayət Quliyev. “Ağoğlular” kitabından).

QATİL TUTULDU

Qatili tutub ingilislərin qərargahı yerləşən “Kroker” otelinə gətirirlər. Torlakyan ingilis hərbi tribunalında mühakimə edilir. Torlakyana 2 erməni vəkil tutulur - Hasruyan və Barsamyan. Cavanşir ailəsinə təkcə Heydər Rifet bəy vəkillik edir. Məhkəmə prosesini izləyən “İrəli” qəzetinin müxbiri Əhməd Camaləddin (Saraçoğlu) prosesin bir cinayət davasından siyasi hesablaşmaya döndüyünü müşahidə edir və məhkəmə prosesindən “Torlakyan davası” adlı kitab yazıb həmin ildə çap etdirir. Kitabı uzun zamandan sonra 1990-cı ildə Murad Çölçü öz imzasıyla “Erməni intriqalarının pərdə arxası: Torlakyan davası” adıyla təkrar nəşr etdirir. Kitabın ilk elmi nəşri isə 2007-ci ildə baş tutur. Ərəb əlifbasından latına çevrilərək Bakıda Türkiyə səfirliyinin “Yom” dərgisinin kitab seriyasından “Torlakyan davası: Behbud xan Cavanşirin qətli” adıyla nəşr olunur. Kitabın naşiri o zamanlar Türkiyə səfirliyinin Kültür və Tanıtma müşaviri Fəthi Gədikli idi.

“ÖLDÜRÜLƏNİ BİR KƏRƏ DAHA ÖLDÜRMƏK”

Fəthi Gədikli kitabın əslinin “SD”-yə yazılan bir nüsxəsini Aksaray kitabxanasından əldə etmişdi. Yazdığı Ön sözdə Fəthi bəy kitaba niyə “Behbud xan Cavanşirin qətli” sözünü əlavə etməsini belə açıqlayır: “Kitabın adı “Torlakyan davası”dır. Biz onu qorumaqla bərabər, bu adın öldürülən insanı bir kərə daha öldürüb qatili yaşatdığını nəzərə alıb, bu əlavəni etməyi lazım bildik: Behbud xan Cavanşirin qatili”.

TAMARA XANIM: “ARXAYA BAXDIM, ƏRİM QANA BULAŞMIŞ HALDA YERDƏ UZANMIŞDI”

Kitabda Behbud xanın həyat yoldaşı Tamara xanım-ın ifadəsi də verilib. İfadə böyük olduğu üçün bəzi hissələrini diqqətə çatdırırıq:

“Axşam saat 11-dən sonra ərimlə və iki qardaşıyla Tepebaşı Teatrından çıxıb Pera Palas otelinə tərəf gedirdik. Bu əsnada arxamdan bir əl tapançasının atıldığını eşitdim. Tapança o qədər yaxından atılırdı ki, barıt qoxusunu belə hiss etdim... geri döndüm və ərimi yol üstündə yarıuzanmış şəkildə gördüm. Ərim qatilini yaxalamaq istəyirdi. Mən və qayınlarım qatili yaxaladıq. O bu anda tapançasını havaya sıxırdı. Küçədə adamlar vardı. Fəqət heç kimsə yanımıza gəlmədi. Ancaq biri qeyri-ixtiyari yanımıza gəldi. Arxaya baxdığım zaman ərimin qana bulaşmış halda yerdə uzandığını gördüm... Onunla birlikdə xəstəxanaya getməyimə icazə vermədilər. Ertəsi gün səhər ərimin xəstəxanada vəfat etməsi xəbərini aldım. Ərim ölümündən 3 gün sonra dəfn edildi... Ərim daima Azərbaycan müsəlmanları ilə ermənilər arasında sülhün təmin edilməsinə çalışırdı. Ərim heç bir zaman nə erməni qətliamlarında iştirak etmiş, nə də bu kimi qətliamlardan məsul bulunmuşdur... Müttəhimi ərimin qətlindən 2-3 gün əvvəl gördüyümü xatırlayıram. Məhkum Təpəbaşı bağçasında ərimi diqqətli nəzərlə süzürdü...”.

AİLƏ

Tamara xanım ərinin dəfnindən sonra Moskvaya qayıdır. Amma repressiya zamanında onu daşıdığı soyada görə Sibirə sürgün edirlər. Behbud xanın qardaşları bu qanlı olaydan sonra həmişəlik Türkiyədə qalmalı olurlar. Bakıda yaşayan qardaşı Rəşid ağa Sibirə sürgün edilir və sonra güllələnir.

“QATİL TİR-TİR TİTRƏYİRDİ…”

O vaxt ingilis işğalı altında olan İstanbulda hüquq fakültəsinin tələbəsi kimi məhkəməyə qatılan Sürəyya xanım Ağaoğlu xatirələrində yazır:

"Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokurorsa müttəhimin bəraətini istədi. Təbii, qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı”.

MƏHKƏMƏ, YA MƏZHƏKƏ?

Məhkəmə nə qədər çalışır qatilə bəraət verəcək bir dəlil tapa bilmir. Onda qatilin cinayəti işlərkən şüurunun yerində olub-olmamasının yoxlanması qərara alınır. Doktor Mezhar Osmanın başçılıq etdiyi həkim heyəti qatilin cinayəti işlərkən tam şüurlu olduğu qənaətinə gəlir. Məhkəmə bunu “tərəflidir” deyə rədd edir və bir ingilis doktor qatili yenidən “müayinə” edir və istənilən nəticə əldə edilir...

'Torlakyan davası' kitabı
'Torlakyan davası' kitabı

AZƏRBAYCANLI İTTİHAM ŞAHİDLƏRİ KİTABDA

Maraqlıdır ki, “Torlakyan davası” kitabı-nda ittiham şahidlərinin, həm də Azərbaycandan olanların Azərbaycan və Bakının o dövrdəki durumu barədə maraqlı ifadələri yer alıb. “Dördüncü şahid:

Qacar xanədanından olan prenses Ziba xanım”, “ Beşinci şahid: Yusuf bəy Qasımov”, hətta “”Birinci şahid: rusca çıxan “Azərbaycan” qəzetinin müdir və sermuharriri Şəfi bəy Rüstəmbəyov”...

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİNİN İFADƏSİ

-1918-ci ildə Bakıda siyasi partiyalar vardımı?
-Bəli, vardı. Ən mühüm partiya “Müsavat” partiyası idi. Sonra da “İttihadi-i İslam” partiyası və nəhayət, sosialist partiyası vardı.
-Bu partiyalardan birinə mənsub idinizmi?
-Bəli, “Müsavat” partiyasının mərkəzi komitəsinin üzvü idim.
-Cavanşirin həyatı haqqında məlumat verərsinizmi?

-Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf sənəti ilə məşğul olub siyasi işlərə qarışmazdı... Azərbaycan hökuməti yaranmazdan əvvəl “Müsavat” partiyasına mənsub idi. Azərbaycan Mərkəzi Komitəsinin üzvü olan Behbud xan Cavanşir mərkəzi milli komitənin də üzvü idi. Müsəlman və ermənilər arasındakı ixtilafı sülh yolu ilə həll etmək istəyirdi. Cavanşir həddindən çox sülhsevər bir şəxs idi və müsəlmanlar və ermənilər tərəfindən təşkil edilən heyət üzvü olaraq Gəncə və Qarabağa getdi və erməni-müsəlman qarşıdurmasını sülh yolu ilə nizamlamağa məmur oldu. Cavanşirin bilhassa Bakı erməniləri arasında bir çox yaxın tanışı vardı. Azərbaycan hökumətində daxili işlər naziri təyin olunmuşdu. Nəzarət müddətində fiili (əməl adamı, vəzifə, icra adamı-red.) adam olması etibarilə müsəlmanlar və ermənilər ondan çox razı idilər. Behbud xan Cavanşirin nəzarəti müddətində Ermənistanın heç bir tərəfində milli iğtişaşlar olmamışdır. Azərbaycan və türk ordusu Bakını azad etdikdən sonra və hökumət Gəncədən Bakıya gəldikdən sonra Behbud xanın gördüyü tədbirlər sayəsində Bakıda asayiş və intizam hökm sürdü və heç bir nümayiş olmadı. Bu babda “Müsavat” partiyasının proqramında ərazi və işçi məsələsinə aid bəzi dəyişikliklər həyata keçirildi. Müsavat partiyası özünü demokrat partiyası elan etdi və bundan dolayı Behbud xan istefa edərək çəkildi və öz işləriylə məşğul olmağa başladı. Behbud xan haqqında bildiyim bundan ibarətdir.

Behbud xan Cavanşirin İstanbulda abidəsi
Behbud xan Cavanşirin İstanbulda abidəsi

SONSÖZ: “MƏNİ ANCAQ...”

Behbud xan ağır yaralı halda xəstəxanaya çatdırılır. Ancaq onun həyatını xilas etmək mümkün olmur. Ölüm ayağında bu sözləri deyir:

”Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər”.

“PƏNCƏRƏLƏRİ AÇIN...”

Bir də, Behbud xanın bu sözləri tarixin yaddaşına həkk olunur: “Cənablar, pəncərələri açın, havam çatışmır, mən ağırlaşıram...”.

Behbud xan Cavanşir İstanbulda izdihamlı mərasimlə Beşiktaşda - “Yəhya Əfəndi Dərgahı” məzarlığında torpağa tapşırılır. Onun dəfn mərasimi kütləvi nümayişə çevrilir...

LƏNƏTLƏ AN HAQQA SALDIRAN ƏLİ...

Deyilənə görə, məzar daşında dövrün məşhur şairi Cəlal Sahir Erozanın bu misraları həkk olunub:

Yolçu, bu gördüyün bir makber değil,

Zülme zebun olan haqqın heykeli.

Geçme, dur önünde, hürmetle eğil,

Lanetle an hakka saldıran eli.

XS
SM
MD
LG