Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:13

'İttiham aktını almadan, orada nə yazıldığını bilmədən məhkəmə qarşısına çıxarılır'


Möhyəddin Orucov
Möhyəddin Orucov

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Möhyəddin Orucovun müdafiə hüququnun pozulduğu bildirilir. Onun vəkili Nazim Musayev gənc fəalın məhkəməsində bunu dilə gətirib.

M. Orucov 7 aydan çoxdur həbsdədir. İyulun 24-də onun məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmə zalında M.Orucov şüşə kabinədə saxlansa da, əllərindəki qandal açılmayıb. Vəkili buna etiraz edərək deyib ki, Avropa Məhkəməsinin qərarlarında təqsirləndirilən şəxsin məhkəmə zalında bu vəziyyətdə mühakiməsi işgəncə kimi qiymətləndirilir.

Məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıqov ictimai fəalın əllərindəki qandalın açılmasına razılıq verməyib: “Bu, Penitensiar Xidmətin səlahiyyətində olan məsələdir”.

“Əgər məhkəmə təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması ilə razılaşırsa...”

Bu arqumentlə razılaşmayan vəkil deyir ki, məhkəmə iclasında bütün məsələlər hakimin göstərişiylə tənzimlənir. Üstəlik, M.Orucovun həbsdə olduğu müddətdə özünə və ya bir başqasına xəsarət yetirmək cəhdi olmayıb:

“Əgər məhkəmə təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması ilə razılaşırsa, o zaman açılmasın...”.

Vəkil M.Orucovun məhkəməsini izləməyə gələn yaxınlarının, ictimai-siyasi fəal və jurnalistlərin də məhkəmə zalına buraxılmamasına etirazını bildirib. O yada salıb ki, açıq məhkəmə iclasına prosesi izləmək istəyən hər kəs qatıla bilər: “Gələnlərin buraxılmaması məhkəmənin açıqlıq prinsipinin pozulmasıdır”.

Müdafiəçi N.Musayev vurğulayıb ki, müvəkkilinin hüquqları pozulur, axı, M.Orucov məhkəmə qarşısına çıxarılsa da onun nə özü, nə də vəkili ittiham aktını alıb. Vəkilin sözlərinə görə, istintaqın sonunda prokuror ittiham aktını tərtib edib, tanış olmaq üçün təqsirləndirilən şəxsə, onun müdafiəçisinə göndərməlidir. Ancaq onlar bugünədək ittiham aktını almayıblar:

“İttiham aktını almadan, orada nə yazıldığını bilmədən Möhyəddin Orucov məhkəmə qarşısına çıxarılıb. Halbuki, prokuror çoxdan göndərməliydi, biz də indiyədək tanış olmalıydıq”.

Hakim bildirib ki, məhkəmə ittiham aktını onlara təqdim edəcək. Bu üzdən, məhkəmə prosesi iyulun 30-na qalıb.

Xatırlatma

Möhyəddin Orucov ötən il dekabrın 13-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib. İddia olunur ki, saxlanılarkən, ictimai fəalın cibindən narkotik tapılıb. Ancaq o bu ittihamı qəbul etmir, narkotiki cibinə polislərin atdığını, ictimai fəaliyyətinə və tənqidlərinə görə cəzalandırıldığını deyir.

Həbsindən az öncə - 2023-cü ilin oktyabrında da M.Orucova polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 gün inzibati cəzası verilmişdi. Gənc fəal həmin vaxt da bildirmişdi ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub.

Ötən il avqustun 1-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib.

Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.

Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəal CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə suçlanıb.

Avqustun 4-də “İşçi Masası”nın daha bir üzvü - Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib.

E.Mustafayevdən bir neçə gün sonra Konferedasiyanın digər üzvü olan Ayxan İsrafilov da narkotik ittihamıyla həbs edilib. Ona da eyni cəza kəsilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu bildirib, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG