Bu haqda “The Newsweek” dərgisi yazır. Məqalədə ötən yay Krımda tatar fəal Ilmi Umerov-un Simferopol xəstəxanasında yüksək qan təzyiqindən müalicə olunarkən başına gələnlərdən söz açılır.
Rusiyanın FSB təhlükəsizlik agentliyinin əməkdaşları onu psixiatrik klinikaya köçürürlər, yoxlamaq istədiklərini deyirlər.
Krım tatar məclisinin keçmiş sədr müavini olan Ilmi Umerov Moskvanın yarımadanı ilhaq etməsini açıq tənqid edirdi. 2016-cı ilin mayında FSB onu separatçılıqda ittiham edib, çünki o, “Rusiyanı Krımdan çıxmağa məcbur etməliyik” bəyanatını dilə gətirib.
Buna da bax: 'Umerov-u psixi xəstəxanadan buraxın'
“SADƏCƏ, BOYNUNA ALMALISAN Kİ...”
Umerov-un iddiasına görə, psixiatrik klinikada həkim ona deyib ki, o müalicə olunmayacaq, cəzalanacaq. “Sadəcə, boynuna almalısan ki, səhv etmisən və səni daha heç kəs narahat etməyəcək”, – Umerov-un “Euromaidan Press”ə dediyinə görə, həkim ona belə söyləyib.
Fəal razılaşmayanda FSB zabitləri onu klinikada saxlayıblar. Vəkilləri onu ruhi problemləri olan xəstələrlə bir otaqda saxlandığını, ürək və diabet dərmanlarının verilmədiyini, vaxtlı-vaxtında yemək almadığını bildirir. Qızı Ayshe Umerova nə ona, nə də vəkillərə atasıyla görüşə icazə verilmədiyini bildirir. Xəstəxana və FSB isə məsələni şərh etməyib.
Umerov üç həftə sonra buraxılıb, ancaq təqibi dayandırılmayıb. Hazırda onun məhkəməsi davam edir və “Rusiyanın ərazi bütövlüyünü pozmağı hədəfləyən ictimai çağırışlara” görə beş illik həbs cəzası ala bilər.
Buna da bax: Ukrayna Rusiya dövlət televiziyasının jurnalistini ölkədən çıxardı
İnsan haqları fəallarının fikrincə, Umerov-un məsələsi keçmiş Sovet İttifaqına cəzalandırıcı psixiatriyanın qayıtdığını göstərir. Bu metodun keçmiş KGB sədri Yuri Andropov tərəfindən hazırlandığı, 1960-cı illərdə dini və siyasi dissidentlərə, tanınmış yazıçı və aktyorlara qarşı istifadə olunduğu bildirilir. Qurbanlar Kremlə təhlükəli sayılan ideyalardan əl çəkəndən sonra buraxılırdılar.
DAHA ASAN YOL
Tənqidçilər bu metodun Rusiya prezidenti Vladimir Putin-in idarəçiliyi dövründə, eləcə də digər postsovet ölkələrində yenidən peyda olduğunu qeyd edir. Psixiatriya üzrə Qlobal Təşəbbüs Federasiyasının son hesabatında bildirilir ki, 2012-ci ildən 2017-ci ilin aprelinədək 30 belə hal qeydə alınıb. İnsan haqları fəalları və jurnalistlərin 10 ilədək psixiatrik klinikalarda saxlandığı hallar olub. Təhlilçilər real rəqəmin daha yüksək olmasına inanırlar. Bu QHT keçmiş Sovet İttifaqında psixiatriyada insan haqlarına nəzarət edir.
Buna da bax: Poroshenko Krım üzrə yeni daimi nümayəndə təyin edib
“İndi psixiatriya ittihamları əsaslandırmağa konkret sübut olmayan cinayət işlərində tez-tez rast gəlinən prosedurdur. Psixiatrik dəyərləndirmə almaq sübut toplamaqdan daha asan başa gəlir”, – Rusiyanın Müstəqil Psixiatrik Assosiasiyasının rəhbəri Yuri Savenko deyib.
Ancaq heç də hamı bu fikirlə razı deyil. 2015-ci ildə Rusiyanın “Novye Izvestiia” qəzetinə müsahibəsində psixiatr Mikhail Vinogradov deyib ki, cəzalandırıcı psixiatriya “nağıl”dır və diaqnozların çoxu düz qoyulub.
Di gəl, insan haqları qrupları əksini bildirir, Rusiya hakimiyyətinin həm böyüklərə, həm yeniyetmələrə qarşı bu metoda əl atdığını vurğulayır. 2016-cı ilin mayında 16 yaşlı Gleb Astafyev 15 günlüyə psixiatrik klinikaya salınıb. Bu, Moskvadan 1200 mil şərqdə yerləşən Kurqan şəhərində etirazdan sonra baş verib. O, dissident aktyor Pyotr Pavlensky-yə dəstək etirazı keçirib. Pavlensky ötən ilin əvvəlində ruhi xəstəxanada bir ay qalmışdı.
Buna da bax: Ukraynanın televizya kanalları Krımda yayıma başlayıb
DİGƏR NÜMUNƏLƏR
Fəal Alexei Moroshkin Çelyabinskdə psixiatrik klinikada 18 ay qalmağa məcbur edilib. O, 2015-ci ildə sosial mediada separatçılığın təbliği ittihamıyla həbs olunub. Ona da yüksək dozada trankvilizator verildiyi bildirilir.
Xarkov İnsan Haqları qrupunun üzvü Halya Coynash düşünür ki, Moroshkin-in cəzalandırılmaq üçün psixiatrik klinikaya salındığına inanmağa hər bir əsas var.
Rusiya və digər postsovet ölkələrində ruhi problemləri olanlara ictimai stiqma mövcuddur. İndi də, sovet dövründə olduğu kimi, fəalları ruhi dispanserlərə yerləşdirilməsi digər dissidentlərə mesaj verir və eləcə də onların etibarlılığına zərbə vurur.
Buna da bax: Sonuncu 'Bolotnaya məhbusu' Rusiyadan çıxıb
Məqalədə cəza psixiatriyasının Orta Asiyaya da qayıtdığı bildirilir. Məsələn, Özbəkistanda tanınmış jurnalist Jamshid Karimov məcburən belə bir xəstəxanaya yerləşdirilmişdi. O, mərhum prezident, əmisi Islam Karimov-un tənqidçisi idi.
Ancaq maralı olan odur ki, dissidentlər və digərləri bu metodun onları susdura bilmədiyini bildirir. Krım tatarı Umerov deyir ki, ruhi dispanserə yerləşdirilmək onu sındıra bilməyib.