Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:02

Kiprə investisiya qoyub AB pasportu alıblar


Şengen vizası
Şengen vizası

Kiprə sərmayə yatırmaqla vətəndaşlıq qazanan milyarderlərin siyahısı mediaya sızıb. «The Guardian» qəzeti yazır ki, bu proqram çərçivəsində Kipr 4 milyard dollarlıq sərmayə cəlb edə bilib.

Benefisiarların hər hansı yanlışa yol vermədiyi bildirilir.

LEBEDEV VƏ PONOMARENKO

2013-cü ilədək Kipr vətəndaşlığı nazirlər tərəfindən, fərqi qaydada verilirdi. «Qızıl viza» (Golden visa) proqramı isə ölkələrin investisiya əvəzində ölkə pasportunu, yaxud vətəndaşlığı satmasını nəzərdə tutur. Bu, bütün dünyada tam məxfi qaydada gerçəkləşdirilir. Bircə Malta ona müraciət edənlərin adlarını açıqlayıb.

Kiprə yatırım edən yüzlərlə biznesmenin siyahısını «The Guardian» əməkdaşları görüb, siyahıda tanınmış biznesmenlər, öz ölkələrində siyasi nüfuzu olan şəxslərin olduğunu qeyd edirlər.

Rusiya parlamentinin keçmiş üzvü, «Sintez Group»un sahibi Leonid Lebedev Kipr vətəndaşlığı almış yüzlərlə rusiyalıdan biridir. «Forbes» onun varidatını 1.2 milyard dollar dəyərləndirir. Lebedev məsələni şərh etməyib.

Digər siyasi baxımdan həssas ad rusiyalı sənayeçi Alexander Ponomarenko-dur. Onun 2011-ci ildə Rusiya prezidenti Vladimir Putin-in şəxsi mənfəəti üçün tikildiyi iddia olunan saraydan ötrü 350 milyon dollar verdiyi bildirilir. Ponomarenko deyib ki, Kipr vətəndaşlığını 2016-cı ildə investisiya proqramı çərçivəsində alıb və hazırda Rusiya və Kipr vətəndaşıdır. O, sarayın alışını «özəl sövdələşmə» adlandırıb.

SİYAHIDA OLANLAR

Gennady Bogolyubov və keçmiş biznes tərəfdaşı Igor Kolomoisky 1990-cı illərdə «PrivatBank»ı yaradıb, 2016-cı ildə Ukrayna hökuməti tərəfindən milliləşdirilənədək onun ən böyük səhmdarları olublar. Ukrayna mərkəzi bankı iddia edib ki, iki partnyor «PrivatBank»dan qanunsuz olaraq 4.2 milyard dollar çıxarıblar.

Bogolyubov-un vəkili onun 2010-cu ildə Kipr pasportu əldə etdiyini bildirib. O, «PrivatBank»la bağlı iddiaların «əsaslandırılmamış, həqiqətdən uzaq və böhtan» xarakterli olduğunu söyləyib.

Kolomoisky-nin sözçüsü onun Kiprə qoyduğu əsaslı sərmayələr əvəzində vətəndaşlıq aldığını, «PrivatBank»la bağlı Ukraynaya qarşı hüquqi addım atdığını bildirib.

Kiprə sərmayə qarşılığında bu ölkənin vətəndaşlığını almış digər milyarderlər sırasında «Severstaltrans»ın təsisçisi və kommersiya direktoru Nikita Mishin-in, «Invest Capital Ukraine»nın meneceri Konstantin Stetsenko-nun, Ukraynanın «Energy Standard Group» şirkətinin ən böyük sərmayəçisi Konstantin Grigorishin-in, milyarder Teddy Sagi-nin də adları çəkilir.

QALMAQALLAR

«Qızıl viza» sənayesi 1984-cü ildə yaradılıb. O zaman kiçik Sent-Kits və Nevis adaları qərar verirlər ki, pasport qarşılığında əlavə xarici investisiya cəlb etsinlər. Sonradan digər ölkələr də bu metoda əl atıblar. Bu sxemlərin əsas tələbi, adətən, daşınmaz əmlaka sərmayə qoyuluşudur.

Bu sənayenin tərəfdarları deyirlər ki, həmin proqram büdcə qıtlığı yaşayan ölkələrə sərmayə cəlb edir. Tənqidçilərsə bu sxemin vətəndaşlıq konsepsiyasına zərbə vurduğunu bildirir. Onlar xarici investorun aldığı, içərisində heç vaxt yaşanmayan daşınmaz əmlakın sosial dəyərliliyi barədə sual qaldırırlar.

Üstəlik, bu sənayedə qalmaqallar da əskik olmayıb. 2013-cü ildə Portuqaliyada 11 dövlət qulluqçusu və «qızıl viza» sahibi saxlanıb. O zaman polis həmin vizaların korrupsiya yoluyla verilib-verilmədiyini araşdırırdı. Malta siyasətçilərinin belə pasportların verilməsində «şapka» aldığı iddia olunub və sairə.

XS
SM
MD
LG