Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Öldürülmüş qırğız qanqsterinin anası yatağında mühakimə olunur


Kamçıbek Kölbayev
Kamçıbek Kölbayev

ABŞ-nin sanksiya tətbiq etdiyi məşhur heroin qaçaqmalçısı və reket Kamçıbek Kölbayev bir zamanlar Orta Asiyanın ən güclü adamlarından idi.

Ancaq ötən il oktyabrın 4-də keçirilən və hətta prezident Sadır Japarovun özünü belə təəccübləndirən güvənlik əməliyyatında Kölbayev öldürülüb.

“Mən də sizin kimi bu barədə internetdən eşitdim”, - Japarov hadisədən iki həftə sonra qətlə şərh verərkən belə demişdi və sözünü belə bitirmişdi:

“Əməliyyatla bağlı araşdırma aparılması və onun qanuni olub-olmadığının müəyyənləşdirilməsi üçün iş Hərbi Prokurorluğa təqdim edilib. … İrəliləmiş ölkələrdə cinayət aləmi adlı bir şey yoxdur”.

AzadlıqRadiosunun qırğız xidmətindən Aybek Biybosunov və Kris Rikltonun ortaq məqaləsində deyilir ki, Japarovun bu çox önəmli hadisəyə birmənalı olmayan reaksiyasının bir çox səbəbi ola bilər.

Birincisi, Kölbayevin dəfninə çox sayda insanın gəlməsi onun çoxlu dəstəkçisinin olduğunu göstərir. Dəfn Japarovun vətəni İssık-Kul bölgəsində idi.

İkincisi, bir çox siyasətçi və ictimai xadim Japarovun 2020-ci ildə məhz Kölbayevin dəstəsinin köməyilə hakimiyyətə gəldiyini düşünür. “Keçmiş müttəfiqin kim olursa-olsun, onun qəbri üstündə rəqs etmək yaxşı görünmür”, - məqalədə belə deyilir.

Üçüncüsü, bu əməliyyatın sifarişçisi Japarov olmaya da bilər. Mütəşəkkil cinayətkarlıqla mübarizəyə onun milli güvənlik idarəsinin çox güclü rəisi Kamçıbek Taşiyev rəhbərlik edir.

Kamçıbek Taşıyev
Kamçıbek Taşıyev

“Beş-altı zirehli maşın Kölbayevin anasının nəyinə lazımdır?”

Taşiyev ötən ildən bəri qırğız xalqına Kamçıbek Kölbayevin anası, 75-yaşlı Maya Aliyevanın nə üçün mühakimə olunduğunu da açıqlamağa çalışır.

“Çox sayda avtomobil [Kölbayevin] öz adına deyil, cinayətkar dəstəsindəki üzvlərin, qohumların, anasının adına qeydiyyatdan keçirilib. Beş-altı zirehli maşın Kölbayevin anasının nəyinə lazımdır?", - Taşiyev noyabrda keçirilən mətbuat konfransında bu sualı səsləndirib.

Vaxtilə oğluna görə şəninə tərif yağdırılan Maya Aliyeva indi öz yatağında mühakimə olunur. O, adına qeydiyyatdan keçirilmiş çox sayda aktivin yuyulmasında suçlanır. Ötən həftə prokurorluq, əmlakı müsadirə edilməklə, ona 10 il həbs cəzası tələb edib.

“O, demək olar, yeriyə bilmir, ata bildiyi ən böyük addım 10 santimetrdir”, - Maya Aliyevanın vəkili Baktıbek Jumaşevin sözləridir. Jumaşev məhkəməyə üz tutaraq, qadının məhkəməyə duruş gətirə bilib-bilməyəcəyinin müəyyənləşdirilməsi üçün fizioloji və tibbi müayinələrin aparılmasını istəyib.

“Onun hər şeyi anladığına ciddi şübhəm var. O, dinləmə zamanı nəyin müzakirə edildiyini anlamırdı. O, heç harada yaşadığı və harada doğulduğu barədə suallara da cavab verə bilmir, onun yerinə övladları cavablandırırdı”, - Jumaşev belə deyir.

Kölbayevin ailəsi və Yumaşev Aliyevanın 2014-cü ildə insult keçirməsi haqda tibbi sənədə də istinad edirlər.

Ancaq işə cavabdeh olan prokuror Kunduz Akunova bu arqumentləri nəzərə almır.

“O zamandan bəri o, çox sayda şənliyə qatılıb. Həmin vaxtlar şüuru yerində olub. İndi biz onun qəflətən, bir gecənin içində dönüb anlaqsız olduğunu nəzərə almalıyıq?”, - Akunovanın sözləridir.

Prokurorun eyham vurduğu şənliklərdən ən məşhuru Aliyevanın 2018-ci ildə keçirilən 70 illik yubiley şənliyi idi.

Ziyafətdən çəkilən görüntülərdə Qırğızıstanın bir neçə tanınmış şəxsini, o cümlədən nazirlər kabinetinin indiki sədri, o zaman hələ millət vəkli olan Akılbek Japarovu da görmək mümkündür.

Ötən il həmin tədbirin görüntüsü internetdə üzə çıxanda, Taşiyev Akılbek Japarovun buna görə cəzalandırılmayacağını bəyan etmişdi.

Ancaq o, siyasətçilərin qanqster və onların ailələri ilə oturub-durduğu günlərin geridə qaldığını da söyləmişdi.

Ötən ilin payızında dövlət güvənlik xidməti əməkdaşları Kölbayevi günün-günorta çağı bir restoranın ərazisində öldürərkən, cinayətkar qrupun onlarla üzvü videolarda özlərinin cinayət dünyası ilə əlaqələrini danmağa başladı.

Ötən ayın sonlarında Gömrük Xidmətinin rəhbəri Samat İsabekov Kölbayevin qətlindən bəri xidmətin 14 əməkdaşının onunla əlaqələrinin olması iddiası ilə bağlı işdən azad edildiyini bildirib.

Onlardan biri də Kölbayevin qardaşı Bakıt Asanbekdir. O, ötən il Gömrük Xidmətindəki işindən uzaqlaşdırılıb.

Biri də ötən il Azərbaycandan ekstradisiya edilib

İsabekov deyib ki, daha 62 gömrük məmuru Gömrük Xidmətinin Kölbayevlə birgə işlədiyi düşünülən keçmiş yüksək vəzifəli əməkdaşı Raimbek Matraimovla bağlantılarının olması iddiası ilə işdən qovulub.

Matraimov ötən il Azərbaycandan ekstradisiya edilərək, pulyuma və korrupsiyaya dair ittihamlarla həbs edilib.

Raimbek Matraimov Bişkekdə məhkəməyə aparılır
Raimbek Matraimov Bişkekdə məhkəməyə aparılır

Belə cəsur addımları atandan bəri Qırğızıstan rəsmiləri indi uzun müddət hökumət nəzarətinin olmadığı yerlərdə nəzarəti təmin etdiklərini iddia edə bilərlər.

İş adamları cinayət dünyasının basqısından qurtulsa da, dövlətin basqısı güclənməkdədir.

Bu basqıların ən son qurbanlarından biri koronavirus pandemiyası zamanı ölən maqnat və parlamentin keçmiş spikeri Çınıbay Tursunbekovun ailəsidir.

Tursunbekovun ölümündən sonra onun biznes imperiyası ağır hücumlara məruz qalıb, iki qızı isə qanunsuz özəlləşdirmədə suçlanaraq, həbs edilib. Bu özəlləşdirmələrin bir qismi hələ 15 il öncə baş veribmiş.

Tursunbekovun hər iki qızı hazırda ev dustaqlığındadır. Ancaq onlardan biri - Ayday Tursunbekova ötən ay bir həftədən çox həbsdə qalıb. Araşdırma altında olan aktivlər arasında bir un dəyirmanı, bir bank, İssık-Kul gölündə bir kurort və üzərində araq istehsalı müəssisəsi tikilmiş torpaq sahəsi var.

“Öz cibimə qoymuram, dövlətə qaytarıram”

Tursunbekovanın həbsxanadan çıxarılması haqda xəbərlərin yayılmasının ardınca mətbuata açıqlama verən Taşiyev məsələnin bir neçə milyon dollar müqabilində çözülməsi ilə bağlı özünün təklif verdiyi haqda deyilənləri təkzib edib.

“Mən bunların hər hansı birini öz cibimə qoymuram, dövlətə qaytarıram”, - milli güvənlik idarəsinin rəisi iyulun 22-də belə deyib və ardınca bu vədi verib:

“[Üzərində araq zavodu olan] həmin 1,5 hektarlıq torpaqda dövlət ipotekasına açıq yaşayış binaları olacaq. Bank satılacaq və əldə edilən gəlir bu binaların tikilməsinə xərclənəcək”.

XS
SM
MD
LG