Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:19

Nazirlər Kabineti karantini yenə uzadacaqmı?


Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır (Arxiv)

Azərbaycan ərazisində 4 il 3 ay əvvəl koronavirus pandemiyası ilə bağlı başlayan xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-da başa çatır. Amma bir sıra təhlilçilər hesab edirlər ki, Nazirlər Kabineti, bu illər ərzində dəfələrlə olduğu kimi, yenə karantinin müddətinin uzadılması ilə bağlı qərar verəcək.

Azərbaycanda bir sıra yumşaldılma tədbirlərindən sonra karantin məhdudlaşdırmalarından, əsasən, quru sərhədlərin bağlı olması qalıb. Hökumət bundan öncə, martda buna aid növbəti qərarında karantinin müddətinin uzadılmasını koronovirus infeksiyası ilə bağlı təhlükənin hələ də sovuşmaması ilə izah edib. Halbuki hələ ötən il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başa çatdığını elan edib. Amma son illər rəsmilərin dilindən bu məsələlərlə bağlı təhlükəsizliyə aid mülahizələr də eşidilməyə başlanıb.

Bəs bu dəfə Nazirlər Kabinetinin qərarı necə olmalıdır? Quru sərhədlərdə məhdudiyyət götürülməlidirmi?

Fazil Mustafa
Fazil Mustafa

Deputat: "Şərtlərin yumşaldılmasına ehtiyac var"

Suala, hələlik, bu qurumun özündən dəqiq cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: "Təbii ki, hökumətin açıqlaması daha çox koronovirusla bağlı riskin olması əsasındadır. Amma, görünür, başqa mülahizələr də ola bilər".

Deputatın sözlərinə görə, bu, xüsusilə də təhlükəsizlik, bölgədə müharibə şərtlərinin kəskinləşməsi və digər mülahizələrlə bağlıdır: "Amma, məncə, sərhədləri tamamən bağlamaq yerinə, müəyyən mənada yumşaldıcı addımlar atılmalıdır, çünki koronovirus riski xeyli aşağıdır. Düzdür, bəlkə, hansısa mülahizələrlə bunun bir riski olduğu barədə hökumətin əlində informasiyalar var, amma bütövlükdə tələbələr, xəstələr, müəyyən dərəcədə istirahətə gedənlər üçün şərtlərin yumşaldılmasına ehtiyac var".

F.Mustafanın fikrincə, quru sərhədlərin uzun müddət qapalı olması narahatçılıq yarada və vətəndaşları məmnun etməyən bir addım ola bilər: "Bu baxımından bunun yolları düşünülməlidir və daha yüngülləşdirici addımlar barədə fikirləşilməlidir".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Heç də pandemiya ilə bağlı deyil"

Siyasi şərhçi Nəsimi Məmmədlinin AzadlıqRadiosuna xatırlatmasına görə, ÜST-nin açıqlamalarından da görünür ki, dünyada koronovirus təhlükəsi ortadan qalxıb: "Bunu əsas götürərək sərhədləri bağlı saxlamaq məntiqə uyğun deyil. Eyni zamanda, bu onu göstərir ki, quru sərhədlərin bağlı qalması heç də pandemiya ilə bağlı deyil".

Ekspert hesab edir ki, bu, daha çox siyasi məsələdir: "Amma bu siyasi məsələnin arxasında dayanan amilləri təhlil edərkən çox maraqlı mənzərə ortaya çıxır. Əslində quru sərhədlərin bağlı olması həm dövlət, həm də vətəndaş üçün olduqca arzuolunmazdır və onların hər birinin ziyanına işləyir. Ancaq, görünür, ya regiondakı hadisələrin gələcək inkişafı ilə bağlı məsələlər var, ya da, ola bilsin, hökumət bu məsələləri özü üçün təhdid hesab edir".

N.Məmmədlinin sözlərinə görə, burada sanki Azərbaycan cəmiyyətinin üzərində məhdudiyyətlərin tətbiqini sınayırlar: "Bu məhdudiyyətlərlə cəmiyyəti öyrətmək eksperimenti var. Təəssüf ki, cəmiyyət artıq ona uyğunlaşmağa doğru gedir".

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Üstəlik, bəzi müstəqil iqtisadçıların ehtimalına görə, hökumət quru sərhədləri bağlamaqla ölkədən valyuta çıxışının qarşısını almaq istəyir. Onlar vurğulayır ki, məhdudiyyətlər olmayanda Azərbaycanın sadə vətəndaşlarının çoxu alış-veriş üçün İranın, Gürcüstanın, Rusiyanın daha ucuz sərhədyanı dükan və bazarlarına üz tuturdular. Eyni zamanda, pandemiyaya qədər insanların müalicə üçün kütləvi şəkildə İrana, Gürcüstana getdikləri xatırladılır. İndi isə bu, yalnız icazə ilə mümkündür.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün

vəfat etdiyi deyilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.

XS
SM
MD
LG