Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:15

Lukoil sədrinin müəmmalı ölümü


Rusiya Prezidenti Vladimir Putin (solda) Ravil Maqanovun "Aleksandr Nevski Ordeni" ilə təltif edib, arxiv fotosu
Rusiya Prezidenti Vladimir Putin (solda) Ravil Maqanovun "Aleksandr Nevski Ordeni" ilə təltif edib, arxiv fotosu

Moskva fevralın 24-də işğala başlayandan bəri bir neçə rusiyalı biznesmen müəmmalı şəkildə vəfat edib

Rusiyanın ən böyük özəl neft şirkəti LUKoil sədrinin “ağır xəstəlik”dən vəfat etdiyini açıqlayıb. Yerli media isə onun xəstəxana pəncərəsindən yıxılaraq öldüyünü xəbər verirdi. LUKoil Rusiyanın Ukraynaya təcavüzünə müxalif mövqeyini bildirmişdi.

“Ravil Maqanovun ağır xəstəlikdən vəfat etdiyini təəssüflə bildiririk”, – Lukoil sentyabrın 1-də bəyanatında qeyd edib. Bundan bir neçə saat öncə isə yerli media mənbələrə və adı çəkilməyən təhlükəsizlik rəsmilərinə istinadla 67 yaşlı biznesmenin Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq öldüyünü yazmışdı.

Mənbələrin dedikləri

Dövlətin nəzarətində olan TASS xəbər agentliyi hüquq-mühafizə orqanında adı çəkilməyən mənbəyə istinadla qeyd edirdi ki, Maqanov ürək tutmasıyla xəstəxanaya yerləşdiriləndən sonra altıncı mərtəbədən özünü ataraq intihar edib. RBK xəbər portalı da polisin intihar versiyasını araşdırdığını bildirirdi.

1990-cı illərin əvvəlindən LUKoil-da işləyən Maqanov Kremlə sadiq şəxs sayılırdı. O, 1993-cü ildən şirkətin direktorlar şurasının üzvü, 2020-ci ildən sədri idi. 2006-cı ildən şirkətin birinci icraedici vitse-prezidenti olaraq tədqiqat və hasilat bölümünə nəzarət edib.

Vəziyyətlə tanış iki mənbənin “Reuters” agentliyinə dediyinə görə, Maqanov xəstəxana pəncərəsindən yıxılaraq ölüb, ancaq necə yıxıldığı bəlli deyil. Moskva polisi sualları İstintaq Komitəsinə yönəldib.

LUKoil müharibəni pisləmişdi

Rusiya mediası meyitin Mərkəzi Klinik Xəstəxananın həyətində tapıldığını xəbər verib. Bu xəstəxananın pasiyentləri arasında Rusiyanın siyasi və biznes elitasının üzvləri olub.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də xəstəxanada keçmiş sovet lideri Mixail Qorbaçova ehtiramını bildirib. O, avqustun 30-da bu klinikada dünyasını dəyişib.

LUKoil martda, Rusiya Ukraynaya hücuma başlayandan bir neçə həftə sonra müharibəni pisləyib, onu “faciəvi” adlandırıb, “silahlı münaqişəyə mümkün qədər tez son qoymağa” çağırıb.

Sentyabrın 1-də yaydığı bəyanatda şirkət Maqanovun ölümü haqda əlavə detal açıqlamayıb.

Biznesmenlərin sirli ölümü

Ancaq Moskva fevralın 24-də işğala başlayandan bəri bir neçə rusiyalı biznesmen müəmmalı şəkildə vəfat edib.

Rusiya mediasının mayda yazdığına görə, LUKoil-un keçmiş baş meneceri Aleksandr Subbotin Moskva yaxınlığında bir evin zirzəmisində ölü tapılıb. Evin sahibi polisə ifadəsində deyib ki, Subbotin evə alkoqol və narkotikin təsiri altında gəlib, ev sahibindən sərxoşluqdan ayılması üçün ənənəvi ritual xahiş edib.

Bu hadisədən bir neçə həftə qabaq isə LUKoil-un təsisçisi və sahiblərindən biri Vahid Ələkbərov istefa verib. Qərb ona və bir sıra digər rusiyalı maqnatlara Ukraynaya işğaldan dolayı sanksiyalar açıqlamışdı.

Elə həmin gün Rusiyanın Novatek qaz nəhənginin keçmiş baş meneceri Sergey Protosenya arvadı və qızıyla birlikdə Barselona yaxınlığında kirayələdikləri villada ölü tapılıblar.

Bir sıra digər rusiyalı biznesmenlər və ailə üzvlərinin də meyitləri naməlum şəraitdə aşkarlanıb.

XS
SM
MD
LG