Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:37

M.Ə.Rəsulzadənin 140 illiyi. 'Hökumət 'hə' deməsə, etməyəcəklər'


M.Ə.Rəsulzadənin Novxanıda abidəsi
M.Ə.Rəsulzadənin Novxanıda abidəsi

Yanvarın 31-də Azərbaycana demokratik ideyaları gətirən və onu yaşadan böyük şəxsiyyətlərdən biri – Məhəmməd Əmin Rəsulzadənin 140 yaşı tamam olur. 30 ildir bu günlər Əliyevlər iqtidarı məhz Rəsulzadəyə görə çox qınağa çəkilir. Niyə Rəsulzadəyə heykəl qoyulmur, niyə ev muzeyi açılmır, niyə layiq olduğu qiyməti almır?

Bəlkə də, əsas sual bu olmalıdır: Rəsulzadənin kimliyi və etdikləri Azərbaycan insanına gərəyincə tanıdılıbmı? Azərbaycan toplumu Rəsulzadənin kimliyini və onun Azərbaycan tarixindəki rolunu dərk edə bilibmi?

Ayrı-ayrı dövrlərdə istər keçmiş prezident Heydər Əliyev, istərsə də onun oğlu, 20 ildir prezident kürsüsündə olan İlham Əliyev M.Ə.Rəsulzadənin yubileyi ilə əlaqədar sərəncamlar imzalayıblar. Axırıncı dəfə prezident Əliyev dekabrın 30-da M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə sərəncam imzalayıb. Ötən il mərhum prezident Heydər Əliyevin 100 illiyi çərçivəsində orta məktəblərdə ona həsr olunmuş müsabiqələr, olimpiadalar, müxtəlif idarə və qurumlarda konfranslar, qaçış marafonları keçirildi, ölkənin bütün küçələrində, prospektlərində üçüncü prezidentin böyüdülmüş şəkilləri asıldı və s. Bütün bunlar M.Ə.Rəsulzadə üçün də keçiriləcəkmi?

Mədəniyyət Nazirliyindən AzadlıqRadiosuna şifahi olaraq bildirildi ki, 140 illik yubileylə bağlı tədbirlər planı hələ ki hazırlıq çərçivəsindədir və nazirlik təkliflərini irəli sürəcək.

Rəsulzadənin heykəli
Gözlə
Embed

No media source currently available

0:00 0:02:03 0:00

"Dövlətin gərək qərarı olsun"

Görəsən, nazirlik Heydər Əliyevin 30 il bundan əvvəl imzaladığı sərəncamı necə, tədbirlər planına salınacaqmı? 1992-ci ilin yanvarında Nazirlər Kabineti M.Ə.Rəsulzadənin Bakıda abidəsinin ucaldılması barədə qərar qəbul etmişdi. Həmin qərardan sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Ömər Eldarov heykəli hazırlamağa başlamışdı. Daha sonra bu məsələyə bir də 1993-cü ilin dekabrında yenidən qayıdılır. Prezident Heydər Əliyevin Rəsulzadənin 110 illik yubileyi ilə bağlı verdiyi sərəncamda ona Bakıda heykəl qoyulması, əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevrilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulmuşdu. Amma H.Əliyevin hakimiyyəti dövründə nə heykəl ucaldıldı, nə də ev muzeyi yaradıldı. 20 illik hakimiyyəti dövründə atasının yolunu davam etdirdiyini fəxrlə deyən İlham Əliyev də bu sərəncamı görməzdən gəldi. Həmin heykəlin qoyulmalı olduğu yerdə - Kukla teatrı ilə üzbəüz bağda indi fontan quraşdırılıb.

"...Heykəli düzəltmişəm, ancaq bu, keçid modelidir. Proyekt də olub. O vaxtdan nə Xalq Cəbhəsi vaxtında sifariş olub, nə də sonradan. Heykəltəraşlar belədir. Sifariş varsa, edirlər, sifariş yoxdursa, biz onu (heykəli) edə bilmirik". Bu müsahibəni AzadlıqRadiosu Ömər Eldarovdan 2009-cu ildə götürmüşdü.

97 yaşlı heykəltəraş 15 ildən sonra Rəsulzadənin 30 il emalatxanada qalan heykəlinin maketi barədə bunları deyir: "...Heç kim mənimlə danışmadı. Heç nə olmayıb. ...Bu, bahalı şeydir. Ancaq (məsələ) pulda deyil. Hökumət "hə" deməsə, etməyəcəklər, icazə verməyəcəklər quraşdırmağa. Pyedestal var. Dövlətin gərək qərarı olsun. ...Prezident. Prezidentsiz elə şey olmur. Gərək onu prezident etsin".

Ö.Eldarov onu da bildirdi ki, H.Əliyevin saysız heykəllərini düzəldib və, demək olar ki, hər rayonda var.

Rəsulzadənin evdə qorunan büstü
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Laqeyd yanaşma

Rəsulzadəyə heykəlin qoyulması, yaxud ev muzeyinin yaradılması məsələsi işin üzdə olan tərəfləridir. Əslində insanları hakimiyyəti sorğulamağa vadar edən işin mahiyyətidir. Yəni Azərbaycan tarixinin, hətta bütün Şərq tarixinin ən böyük şəxsiyyətlərindən birinə hakimiyyətin soyuq və laqeyd yanaşmasıdır. Məsələn, xeyriyyəçi Zeynalabdin Tağıyevə şəhərin mərkəzində heykəl qoyuldu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun Mərdəkandakı ev muzeyi təmir olundu. Yaxud Qarabağ işğaldan azad olunandan sonra bir-iki il ərzində ermənilərin dağıtdıqları Bülbülün ev muzeyi və heykəli, Natəvanın, Üzeyir Hacıbəylinin heykəlləri bərpa olundu, Vaqifin məqbərəsi ucaldıldı. Və bunların hamısı İlham Əliyevin nəzarəti və iştirakı ilə gerçəkləşdirildi. Hətta bugünlərdə prezident hökumətin nəzarətində olan media nümayəndələrinə Natəvanın Fransadakı heykəlinə hörmətsizlikdən danışdı və bunu vandalizm aktı kimi qiymətləndirdi.

Amma İ.Əliyev M.Ə.Rəsulzadənin Gəncədəki büstünün üç il sellofana bağlı vəziyyətdə qalmasına bir dəfə də olsun münasibət bildirməmişdi. 2015-ci ildə bu hadisə mediada ciddi səs-küyə səbəb olmuşdu. Deputat Sabir Rüstəmxanlı parlamentdə demişdi ki, gəncəlilər ona üç ildir şəhərdə hansısa qurumların Rəsulzadənin abidəsinin başına çuval keçirdiyini, təmir işi apardıqlarını deyirlər. Doğrudur, sonradan büstün üzərindən çuval çıxarıldı, lakin o kiçik park elə yenə də baxımsız olaraq qalmaqdadır.

Gəncədə Rəsulzadənin tək büstü örtülü qaldı... 2014
Gəncədə Rəsulzadənin tək büstü örtülü qaldı... 2014

BDU-da büst qoyulacaqdı...

Rəsulzadənin özünün əsasını qoyduğu Bakı Dövlət Universitetindən büstü 1999-cu ildə götürüldükdən sonra "Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır" yazılmış mərmər lövhə isə illərdir universitetin həyətində qalmaqdadır.

Məsələ burasındadır ki, aşağılar yuxarıları 30 ildir bu məsələ ilə qınağa çəkirlər. Amma istər abidənin ucaldılması, istərsə də ev muzeyinin yaradılmasında heç aşağıdan da təşəbbüs görünmədi. Ölkədəki ictimai birliklər, ictimai fəallar, digərləri 30 ildə bu mövzuda bir araya gəlib real təşəbbüs göstərmədilər.

Sual oluna bilər ki, heykəl mövzusu niyə ictimaiyyətdə bu qədər müzakirə olunur? Doğrudur, heykəl simvoldur, önəmli tarixi özündə əks etdirən abidədir. Əgər abidələrin, heykəllərin cəmiyyətdə bu qədər önəmli rolu olmasaydı, nə Heydər Əliyevə Azərbaycanda bu qədər heykəl qoyulardı, nə də SSRİ dağılan kimi o dövrə aid heykəlləri insanlar yerindən söküb atardı. Odur ki, önəmli olan o tarixin xalqların şüurunda və düşüncəsində olan yeridir.

XX əsrdə İranın görkəmli dövlət adamı olmuş Seyid Həsən Tağızadə Rəsulzadə haqqında yazırdı: "Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında misli-bərabərinə rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi".

Rəsulzadə tarix dərsliklərində

Görünən odur ki, Rəsulzadənin kimliyi və etdikləri Azərbaycan insanına gərəyincə tanıdılmır. Məktəblilər üçün "Azərbaycan tarixi" dərsliklərinin monitorinqi göstərir ki, cümhuriyyət tarixi və onun əsas simaları haqqında yetərincə bilgi verilməməklə yetişməkdə olan nəsildə onlar haqqında dolğun təsəvvür oyada bilmir. Məsələn, Azərbaycanda neçə şagird bilir ki, Cümhuriyyətin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin hələ də məzarı tapılmayıb, harada olduğu bilinmir? Yaxud məktəblilər bilirlərmi ki, Əlimərdan bəy Topçubaşov Parisdə Zəfər Tağından keçid edilərək dəfnə aparılan Türk-İslam dünyasının nadir şəxsiyyətlərindəndir? Və ya ömrünün sonuna qədər müstəqil Azərbaycan dövləti ideyasını yaşatmaq üçün Rəsulzadənin nələri qurban etdiyini tarix kitabları uşaqlara öyrədirmi? Təəssüf ki, bunların heç biri məktəblərdə tədris olunan tarix kitablarına daxil edilməyib.

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Adının məxfi saxlanılmasını istəyən tarix müəllimi bu vəziyyəti belə izah edir: "Uşaqlar dərsliklərdə onlara təsvir etməyə çalışdığımız keçmişimizi tarixi şəxsiyyətlərin aynası ilə tanımırlar. Məsələn, 5-ci sinif "Azərbaycan tarixi" dərsliyində "Bir kərə yüksələn bayraq bir daha enməz" başlıqlı 16-17 cümlədən ibarət mətndə yalnız bir yerdə Məmməd Əmin Rəsulzadənin və digər silahdaşlarının adı ümumiləşdirilərək verilir və bildirilir ki, Cümhuriyyətin qurulmasında bu şəxslərin böyük rolu olmuşdu. Yaxud XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq mübarizəsindən bəhs ediləndə orada sanki şəxsiyyətlər deyil, təşkilatlar təqdim edilir. Dərslikdə yazılır ki, Müsəlman Gənclik Təşkilatı yaradılıb. Və şagirdlər də yalnız 1903-cü ildə Müsəlman Gənclik Təşkilatının yaranmasına fokuslanır. Lakin o təşkilatı yaratmaq üçün Məmməd Əmin Rəsulzadənin hansı çətinliklərdən keçdiyi və ya hansı qayə daşıdığı məktəbliyə aşılanmır".

Bunları uşaqlara öyrətmək istəyən müəllimlərə isə yeni təhsil sisteminin qaydaları imkan vermir. Çünki dərslikdə olmayan məlumatı öyrətmək müəllimin şagirdi əlavə məlumatla yükləməsi deməkdir ki, buna da yeni təhsil proqramı icazə vermir. Lakin SSRİ-nin tarix kitablarında liderlərin qurultay çıxışları yazıldığı kimi, müstəqil Azərbaycanın tarix dərsliklərində də şagirdlərə ölkə başçısının konfranslardakı çıxışları öyrədilir.

"Dərsliklərin XXI əsrin müstəqillik dövrünə aid bütün mövzularında hər səhifədə Heydər Əliyevin BMT-dəki çıxışlarından, İlham Əliyevin Münhen konfransındakı, yaxud Davos Forumundakı çıxışlarından müəyyən hissələr verilib. Lakin Rəsulzadənin Azərbaycan tarixinin önəmli günlərində insanın ruhuna toxunan sözləri və çıxışları var ki, onların heç birinə tarix dərsliklərində yer verilməyib. Əgər bütün dərsliklərin hamısını bir yerə toplasaq, 12-15 yerdə Rəsulzadənin sadəcə adına rast gəlirik və arada da bir cümlə ilə ümumi məlumat verilir: "27 mayda Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi", - tarix müəllimi deyir.

Yəni, yeni nəslə Rəsulzadənin adı deyilir, amma kimliyi anladılmır. Ötən il AzadlıqRadiosuna danışan Bakı Dövlət Universitetinin 21-yaşlı tələbəsinin sözlərinə görə, universitetdə təbliğat yalnız bir istiqamətdə aparılır: "(Məmməd Əmin) Rəsulzadənin adı yazılan daşı həyətdə saxlayıb binanın içini addımbaşı Heydər Əliyevin şəkilləri ilə bəzəyiblər. Tələbənin beynini, gözünü yummaq üçün hər şeyi edirlər. Tarix dərslərində ölkə qurucusu kimi Heydər Əliyev göstərilir, Rəsulzadənin adı çəkilmir. Məktəbdə başlayan təbliğat universitetdə də böyüyür".

Cəmil Ünal: 'Azərbaycanda Rəsulzadə düşmənçiliyi davam edir'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Qısqanclıq?

Hətta bundan əvvəl cümhuriyyətin yaradılmasının ildönümü tədbirlərində belə İ.Əliyev 27 dəqiqəlik çıxışının iki dəqiqə yarımını Azərbaycan Xalq Cümhuriyyətindən danışandan sonra söhbətini mərhum atası H.Əliyevin və özünün uğurları barədə davam etdirirdi. Azərbaycan müxalifəti hakimiyyətin bu davranışlarını Rəsulzadəyə qarşı qısqanclıq kimi dəyərləndirir.

Bəlkə, məsələ qısqanclıqda yox, daha dərin mətləblərdədir? Məsələn, demək olarmı ki, problem Azərbaycan dövlətinin və millətinin gələcəyi ilə bağlı fundamental vizyona sahib Rəsulzadədən fərqli olaraq, ata və oğul Əliyevlərin belə bir vizyonla çıxış etməməklərindədir? Əgər məktəblərdə yetişməkdə olan nəslə Rəsulzadənin respublikaçılıq, demokratiya, parlamentarizm, milli təsanüdlə bağlı ideyaları öyrədilərsə, bəs Əliyevlərin hansı konseptual baxışları öyrədiləcək? Bəlkə, hakimiyyətin narahatlığı gənc nəsildə bu fərqdən yarana biləcək suallardadır? M.Ə.Rəsulzadənin baxışlarını və ideyalarını əks etdirən neçə-neçə kitabları və əsərləri var.

Ceyhun Hacıbəyli onun haqqında deyirdi ki, Rəsulzadə əsl demokrat və liderdir: "Yeni fikirlərlə qaynayır və ideyalarını həyata keçirməyi də bacarır".

Respublikaçılıq

M.Ə.Rəsulzadə silahdaşları ilə hansısa başqa üsuli-idarəni deyil, məhz demokratik respublikanı elan etmişdilər və bununla da Şərq dünyasında bir ilkə imza atmışdılar, lakin 100 il sonra 28 May bayramından "respublika" sözü rəsmən götürüldü. 2021-ci ildə Milli Məclis qərara aldı ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.

Əslində 28 May istiqlaliyyətlə bərabər həm də respublikaçılığın rəmzidir. Bəlkə də, Əliyevlər hakimiyyətinin Cümhuriyyət tarixinə, xüsusən də onun simvollarından birinə - Rəsulzadəyə soyuq və ögey münasibəti elə bundadır – dəyərlər fərqində? Yəni, respublikanı quran nəsillə respublikanı monarxik-monopolistik tərzdə idarə edən nəslin dəyərlərindəki fərqlərdə? Yoxsa fərq milli maraqlarla şəxsi maraqların toqquşmasındadır?

Bəlkə də, fərq birilərinin Qərbə üz tutmasında, digərlərinin isə Rusiyaya meyillənməsindədir. Yeri gəlmişkən, 100 il əvvəl Rusiya Azərbaycanın işğalına həm də yerli bolşeviklərin köməyi sayəsində nail olmuşdu. Bugünkü idarəetməni təhlil edən bəzi ekspertlər hazırkı siyasi elitanı məhz sovet partnomenklaturası nəslinin davamı kimi dəyərləndirirlər.

'Bugünkü vəziyyət bizim üçün müdafiə vəziyyətidir', - M.Ə.Rəsulzadə. 1920-ci il
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

"Bizi işğal edirlər"

M.Ə.Rəsulzadənin liderliyi həm də onun siyasi duyumunda idi. O, işğalçı dövlətin mahiyyətini və təbiətini duyurdu. 1920-ci ildə Azərbaycana gələn rus ordusu haqqında Rəsulzadə 100 il sonra üçün də aktual olacaq bu sözləri demişdi: "Rusiyadan gələn bu təcavüzkar ordu təxmin edirlər ki, həyat və ölüm mücadiləsində bulunan Türkiyənin xilası üçün gedir. Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi işğal edirlər. ...Anadolu bəhanəsi ilə yurdumuza girən bu ordu bir daha çıxmaq istəməyəcəkdi".

100 il sonra -1992-ci ildə milli hökumət qurulduqdan sonra rus ordusu Azərbaycandan çıxarılsa da, 2020-ci ildə sülhməramlı adı ilə yenidən Azərbaycana daxil oldu.

M.Ə.Rəsulzadənin fikirləri və ideyaları o qədər müasir və tərəqqipərvərdir ki, onları bugünkü inkişaf etmiş cəmiyyətlərin söykəndiyi dəyərlərdə görmək olur. Rəsulzadə sanki yenilikçiliyin inqilab rüzgarı idi və milli ideyanın daşıyıcıları arasında hərəkətverici qüvvə kimi öndə gedirdi.

Tarixçi professor Cəmil Həsənli Rəsulzadənin kimliyini silsilə yazılarında belə izah edir: "Öz çiyindaşları ilə milli dirilik fəlsəfəsinin banisidir. Müstəqilliyə gedən yol məhz milli dirilikdən keçirdi... "Milli dirilik"də belə bir həqiqəti ortaya qoydu ki, şəxsi maraqlar üzərində qurulan əməllər böyük ola bilməz".

XS
SM
MD
LG