Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:37

'8-ci sinfə gələn şagirdin barmağında nişan üzüyü var'


16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'

Azərbaycanın bir sıra bölgələrində bəzi valideynlərin qızlarını orta məktəbin 8-ci sinfindən sonra məktəbə buraxmaması ilə bağlı şikayətlər var. Erkən nikahların da bu üzdən baş verdiyi bildirilir.

İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən şəxsin məhrum edilməsinə görə- fiziki şəxslər 100, vəzifəli şəxslər 300, hüquqi şəxslər isə 5 min manat cərimə edilir.

"Uşaq hüquqları haqqında" Qanunun 22-ci maddəsinə görə isə, uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

Erkən nikahlara gəlincə isə, bununla bağlı 2022-ci ilin statistikası, hələlik, açıqlanmayıb. 2021-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında olan şəxslərlə bağlı müraciət daxil olduğu bildirilir. Amma iddialara görə, belə hallar, əsasən, rəsmi qurumlardan gizlədilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu "Turan"a bildirib ki, komitə daima bu hallarla mübarizə aparır: "Erkən nikahların qarşısının alınması istiqamətində ölkə ərazisində maarifləndirmə tədbirləri aparılır. Həmçinin valideynlərlə söhbət aparılır. Onlar əsas gətirirlər ki, əvvəllər də belə olub, istəyirlər ki, maddiyyat tərəfini qabartsınlar. Amma bunların göstərdiyi səbəb o deyil".

13-yaşlı qız 37-yaşlı kişiyə nişanlanıb?

Qurumun sözçüsü deyib ki, bugünlərdə Bakının Sabunçu rayonunda 13-yaşlı qızın 37-yaşlı kişi ilə nişanlaması xəbəri yayılıb: "Valideyn əsas gətirib ki, bu, sadəcə nişan olub, toyu isə yetkinlik yaşında edəcəyik. Amma bunlar, təbii ki, bir bəhanədir. Biz komitə olaraq dərhal icra hakimiyyətinin yanında komissiyanı məlumatlandırdıq, polisə də məlumat verildi və qarşısı alındı. Artıq həmin uşağın ailəsindən alınması, sığınacağa yerləşdirilməsi istiqamətində iş aparırıq ki, təhsilini davam etdirsin və etibarlı əllərdə olsun".

Məsələ ilə bağlı həmin uşağın yaxınları ilə danışmaq, hələlik, mümkün olmayıb.

"6-cı sinifdən sonra qızların sayı azalmağa başlayır"

"Qadın üçün" təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, son dövrlər qızların 8-ci sinifdən məktəbdən çıxarılması halları ilə bağlı o da məlumatlar alıb: "Hətta Yardımlı rayonunda mən belə faktla qarşılaşmışam ki, 6-cı sinifdən sonra xüsusilə kənd məktəblərində qızların sayı kəskin şəkildə azalmağa başlayır. Müəllimlərdən biri isə demişdi ki, 8-ci sinfə gələn şagirdlərinin bəzisinin barmağında artıq nişan üzüyü var".

Ekspertin sözlərinə görə, burada təkcə valideyni günahlandırmaq işin ən asan tərəfidir: "Rayon yerlərində adətən valideynlərdən "qızını niyə erkən yaşda ərə verdin" soruşanda deyirlər ki, "alim olmayacaqdı, getsin ailə qursun, evə yük idi". Yəni, xüsusən rayon yerlərində qızlar işləyə bilmədiyinə görə, təhsilə çatımlığı az olduğuna görə valideynlər onları artıq yük görürlər. Əlbəttə ki, burada mentalitetin tutanaqlı bir dayağı var".

Z.Yağmurun fikrincə, ən pis tərəfi isə odur ki, dövlət bu məsələlərə ciddi yanaşmaq üçün o qədər də həvəsli görünmür: "Çünki iqtidar patriarxal cəmiyyətinin bir parçasıdır və həmin o dəyərlər cəmiyyəti daha asan idarə etməsi üçün böyük bir sərmayədir".

Mövzu ilə bağlı Təhsil Nazirliyi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG