Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Uşaqlar məktəbdə üşüməyəcək ki?


Qazax rayonu Birinci Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə palto və gödəkçələrdə otururlar. (Arxiv. 2014)
Qazax rayonu Birinci Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə palto və gödəkçələrdə otururlar. (Arxiv. 2014)

Sabah, noyabrın 15-dən Azərbaycanda istilik mövsümünə keçiləcək. Təhsil müəssisələri, o cümlədən məktəblərdə də istiliyin verilməsi həmin tarixdən təmin edilməlidir. Amma ötən il məktəblərin bir çoxunda istiliyin olmaması, bu il də həmin təhsil ocaqlarında bu problemlərin aradan qaldırılmaması ilə bağlı şikayətlər var.

"Buna görə xəstələnənlər də olub"

Paytaxt Bakının Nəsimi rayonunda 247 saylı məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni AzadlıqRadiosuna bildirib ki, ötən il həmin təhsil müəssisəsində istilik gec verilib: "O da zəif idi. Uşaqlar bir müddət soyuq siniflərdə dərs keçmişdi. Buna görə xəstələnənlər də olub. Qorxuruq ki, bu il də eyni mənzərə olacaq, çünki hər hansı hazırlıq işlərinin getməsini görmürük".

Soyuqda yerdə oturub dərslərini hazırlayan uşaqlar
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Şikayətə, hələlik, 247 saylı məktəbin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma hələ noyabrın əvvəlində payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov bildirmişdi ki, monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da istiliklə bağlı çatışmazlıqlar aşkarlanıb. Qeyd olunub ki, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir: "Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülür".

Noyabrın 11-də Milli Məclisdə dövlət büdcəsi layihəsinin müzakirəsində Ombudsman Səbinə Əliyeva da deyib ki, Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi, uşaqların xəstələnməsi və xəstəliyin yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçid havaya uyğun tənzimlənməlidir.

Binaya mərkəzi sistemdən istilik verilmir, amma sakinlərə qəbzi gəlir
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

"Çatışmazlıqlar aradan qaldırılır"

Bakı Şəhər Təhsil İdarəsindən "Turan"a bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ayın 15-dən məktəblərə istiliyin verilməsi başlanacaq. Habelə qeyd olunub ki, monitorinqlər zamanı aşkarlanan çatışmazlıqlar aradan qaldırılır: "Mediatur zamanı deyilən problemlər bütün monitorinqlər dövrünə aid idi və həmin günə aşkarlanan problemlər deyildi. Avqust ayında hazırlıq işləri başlayıb və artıq o problemlərin bir çoxu həll olunub. İstilik mövsümü başlayandan sonra hər hansı problem çıxarsa, o, operativ şəkildə həll olunur".

"Məktəblərin odunla, kömürlə təmin edilməsi…"

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, ölkədə 4 min 432 orta məktəbin 320-si paytaxt Bakıdadır: "Son 10 il ərzində 3 min 500 yeni məktəb binası tikilib, təmir olunub. Bu məktəblər müasir qazanxana və istilik sistemi ilə təchiz olunub. Yerdə qalan 932 məktəb isə bu problemi yaşayır".

K.Əsədov
K.Əsədov

Onun sözlərinə görə, məktəblərə istilik vaxtında verilmir: "Çox təəssüf ki, bu gün bəzi məktəblərin qazanxana işçiləri öz vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmirlər və məktəblər noyabrın 15-dək istilik mövsümünə hazır olmur. Digər tərəfdən, məktəblərin odunla, kömürlə təmin edilməsi də vaxtlı-vaxtında həyata keçirilmir".

"Bu qayda 1960-cı illərə aiddir"

K.Əsədov hesab edir ki, noyabrın 15-dən məktəblərə istiliyin verilməsi qaydası köhnəlib: "Bu qayda 1960-cı illərə aid olan qaydadır. Biz dünya təcrübəsindən istifadə etməliyik. Dünya praktikasına görə, ayın tarixindən asılı olmayaraq sinifdə temperatur 20 dərəcədən aşağıdırsa, avtomatik olaraq isitmə prosesi işə düşməlidir. Noyabrın 15-i gözləmək lazım deyil. Bizdə isə, təəssüf ki, köhnə qaydalar hələ də qüvvədədir".

XS
SM
MD
LG