Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:00

Monqolustan Putini qırmızı xalı, fəxri qarovul ilə qarşılayıb


Vladimir Putin Monqolustanda
Vladimir Putin Monqolustanda

Rusiya prezidenti Vladimir Putin Monqolustanda səfərdədir. Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan bu ölkəyə Rusiya liderini həbs etməklə bağlı çağırışlar edilmişdi. 18 aydır Haaqada mənzillənən məhkəmə Putin barəsində həbs orderi çıxarıb. O, Ukraynanın işğal olunmuş hissələrindən uşaqların Ruaiyaya qanunsuz deportasiyasında ittiham olunur.

Putin həmin qərar çıxarılandan bəri ilk dəfədir BCM üzvü ölkəyə gedir.

Monqolustan rəsmiləri Ulan Bator beynəlxalq aeroportunda Putinin şərəfinə qırmızı xalı sərib, onu fəxri qarovul qarşılayıb. Putin ötən gecə Rusiyanın Tuva vilayətindən Monqolustana uçub.

Prezident Uxna Xurelsux Putini Hökumət Sarayına müşayiət edib. Liderlər qapalı görüşə başlamazdan öncə Çingiz xanın heykəlinə gül qoyublar.

Putin Monqolustanda beş il qabaq olub.

***

Monqolustan Rusiya prezidenti Vladimir Putini ya ölkəyə buraxmamalı, ya da hər halda gəldiyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BƏC) orderi əsasında həbs etməlidir.

Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.

Putin sovet və monqol qoşunlarının II Dünya Müharibəsində Xalxın-Qol çayında Yaponiya üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Monqolustana sentyabrın 3-də səfər etməlidir. Onu bayram şənliyinə ölkənin prezidenti Uxnaagin Xurelsux dəvət edib.

Bu, Putinin BƏC-in Roma statutunu ratifikasiya etmiş ölkəyə ilk belə səfəri olmalıdır. BƏC-in Putinin həbsinə dair mart ayından verilmiş orderi var və Monqolustan bu məhkəmənin yurisdiksiyasına düşdüyünə görə Rusiya prezidentini həbs etməlidir.

BƏC Rusiya prezidentini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz şəkildə Rusiyaya deportasiyasında ittiham edir.

Bloomberg agentliyinin məlumatına görə Ulan-Bator Moskvaya Putini həbs etməyəcəyinə zəmanət verib.

İnsan haqları müdafiəçiləri bildirirlər ki, Monqolustan Putini həbs etməzsə, özünün beynəlxalq öhdəliklərini pozmuş olacaq.

Putini CAR-a bu səbəbdən buraxmamışdılar

Human Rights Watch təşkilatının rəyinə görə Putinin Monqolustanda qəbul olunması, nəinki Rusiya ordusu qurbanlarının xatirəsinə təhqir olacaq, bu həm də qanunun aliliyi prinsipini pozacaq.

Monqolustan 2003-cü ildən BƏC-in üzvüdür. Əhdnaməyə görə bu ölkə beynəlxalq məhkəmə ilə əməkdaşlıq etməli, onun ərazisindəki cinayət şübhəlilərini saxlamalı və təslim etməlidir.

Əgər Putin hər halda bu ölkəyə səfər edərsə, Monqolustan, barəsində həbs orderi olan şəxsi qəbul edən və BƏC üzvü olan ilk ölkə sayılacaq.

Human Rights Watch xatırladır ki, Putin ötən ilin avqustunda BRICS liderlərinin Cənubu Afrikada keçirilən sammitində iştirak etməli idi. CAR da BƏC-in yurisdiksiyasına daxildir və bu səbəbdən Putinin səfəri ləğv olunmuşdu.

İnsan haqları müdafiəçiləri deyirlər ki, Putinin səfərinə icazə verilməsi Monqolustanın BƏC-i dəstəkləməkdən imtinası kimi qəbul edilməlidir.

Putin barəsində həbs orderi verilmiş üç liderdən biridir

Bu arada antimüharibə insan haqları koalisiyası Change.org platformasından Monqolustan hakimiyyətini Putini həbs etməyə çağırıb.

Bu müraciəti imzalayanların arasında rusiyalı müxalifətçi Vladimir Kara-Murza, xeyriyyəçi Boris Zimin, aktyor Artur Smolyaninov və jurnalist Yevgeni Kiselyov da var.

Müraciətdə Putinin mümkün həbsi haqqında deyilir:

"Əgər siz bunu etsəniz, birdən birə üç ölkəni – Ukrayna, Rusiya və Belarusu azad etmiş olacaqsınız. Bu ölkələrdəki insan iztirablarının zənciri qırılacaq və siz əbədilik xilaskar kimi tanınacaqsınız”.

Müxalifət siyasətçisi Vladimir Kara-Murza AzadlıqRadiosuna müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putin Ulan-Bator hava limanında təyyarədən çıxdığı anda həbs edilməlidir.

Onun sözlərinə görə Monqolustan hakimiyyəti “özünün hüquqi öhdəliyini yerinə yetirməli və vətəndaş Putini onun barəsində hərbi cinayətlər şübhəlisi kimi verilmiş beynəlxalq order əsasında həbs etməlidir.

Xəbər verilir ki, Putin artıq Monqolustandadır.

Putin, barəsində BƏC-in həbs oderi olan üç dövlət başçısından biridir.

BƏC bundan əvvəl 2008-ci ildə Sudan prezidenti Ömər əl-Bəşər, 2011-ci ildə isə Liviya lideri Müəmmər Qəzzafinin həbsi üçün order vermişdi.

XS
SM
MD
LG