Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:42

Moskva görüşü başa çatdı. Putin: 'Vəziyyət tənzimlənmə istiqamətində inkişaf edir'


Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş başa çatıb.

Kremlin rəsmi saytında dərc olunmuş məlumata görə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün başlanğıcında deyib ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından keçən müddətdə çox hadisələr baş verib:

“Ümumilikdə, mənim nəzərimcə, heç bir mürəkkəbliklərə və problemlərə baxmayaraq vəziyyət tənzimlənmə istiqamətində inkişaf edir”.

Putin deyib ki, indiyədək tənzimlənmədən qalan məsələlər sırf texniki xarakter daşıyır.

Putinin sözlərinə görə üç lider maneələri aşmağın mümkün olduğu barədə razılığa gəliblər:

“Ümumən desək bunlar mövcud deyil, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara gəldik ki, ən yaxın zamanda...Rusiya, Azərbaycan və Ermənistan hökumət başçılarının müavinləri görüşəcək və belə demək mümkündürsə, hələlik təmizlənməmiş məsələləri həll edəcəklər. Mənə belə gəlir ki, bu yaxşı razılaşmadır, ümid yaradır ki, indiyədək həll olunmayan məsələlər həll olunacaq”.

Ayrı-ayrılıqda görüşlər

Mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin deyib ki, ikitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirib:

"Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik."

Vladimir Putin İlham Əliyevlə danışıqlardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.

Paşinyan bu görüş zamanı deyib ki, Ermənistanın sərhədçiləri və gömrükçüləri Azərbaycandan bütün nəqliyyat vasitələrinin Ermənistan ərazisi ilə normal keçidini təmin etməyə hazırdırlar:

“Biz hazırıq ki, həm sərhəd, həm də gömrük xidmətləri Ermənistan ərazisi ilə bütün nəqliyyat vasitələrinin – dəmir yolu qatarlarının keçidini təmin etsinlər. Biz gözləyirik ki, Azərbaycanın dəmir yolları da Ermənistan qatarlarının Naxçıvan və Azərbaycan ərazisi ilə Rusiyaya və İrana keçidinə açıq olacaq. Bu məsələnin paritet əsasda, ölkələrin suverenliyinə riayət edilməklə həllini gözləyirik”.

Putin Qarabağ barədə

RIA Novosti agentliyinin məlumatına görə Vladimir Putin Nikol Paşinyanla söhbəti zamanı deyib ki, Rusiya Dağlıq Qarabağdakı vəziyyətin Moskva, Yerevan və Bakı arasında üçtərəfli razılaşmalar çərçivəsində həllinə sadiq qalır:

“Siz üçtərəfli bəyanatda bizim Laçın dəhlizinə dair münasibətimizi bilirsiniz. Biz bu məsələdə mövqeyimizi heç vaxt dəyişməmişik, heç vaxt. Və bilirsiniz ki, biz erməni dostlarımızla, həm də Azərbaycanla müzakirələrimizdə və elə indi də məhz bu mövqedə qalırıq – hər şey hərfən və ruhən bizim həmin o üçtərəfli bəyanatımza uyğun olmalıdır və bizim mövqeyimiz dəyişməyib”.

Əliyevlə Paşinyan arasında mübahisə

Bu görüşdən əvvəl Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının sammitinə dəvətli idi.

Aİİ-nin Ali İqtisadi Şurasının iclasında İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mübahisə düşüb.

Əliyev bu iclasda etdiyi çıxışında “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etmişdi.

Buna reaksiya olaraq Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin sözünü kəsərək deyib:

“Öz çıxışında Azərbaycan prezidenti son illərdə Ermənistana qarşı ərazi iddiaları üçün şüara çevrilmiş ifadə işlətdi. Qeyd etmək istərdim ki, həm də bu 9 noyabr bəyanatının 9-cu bəndi çərçivəsində edilir. Vurğulayıram ki, bu bəyanatda yalnız bir dəhlizdən, Rusiya sülhməramlılarının nəzarətində olmalı olan və təəssüf ki, Azərbaycanın qanunsuz blokadası altında olan Laçın dəhlizindən söhbət gedir”.

Paşinyan dərhal vurğulayıb ki, Ermənistan regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır:

“Biz bunu erməni yol kəsişməsi adlandırırıq və biz regional kommunikasiyaların ölkələrin suverenliyi və qanunları çərçivəsində açılmasına hazırıq”.

Azərbaycan prezidenti isə Paşinyana cavab olaraq bildirib:

“Mən əlbəttə polemika açmaq istəmirəm, amma bizi Ermənistana qarşı ərazi iddialarında ittiham ediblər. Demək istərdim ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə belə bir məqam görmək üçün çox parlaq təxəyyülə malik olmaq lazımdır. Mənim işlətdiyim “dəhliz” sözünə gəlincə isə, mən bu sözü Şimal-Cənub , Şərq-Qərb dəhlizlərinə də şamil etmişəm. Düşünürəm ki, beynəlxalq terminologiya ilə tanış adamlar mənim sözümə Ermənistan baş nazirinin verdiyi mənanı verməzdilər”.

Bu mübahisəni yekunlaşdırmaq üçün Putin deyib ki, “yol”, “dəhliz” – bunların hamısı terminologiyadır:

“Mühüm olan odur ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımağa hazırsınız və bu məsələdə razılaşma var”.

***

Rusiya mediası yazırdı

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada bugün (25 may) keçirilən danışıqlarının yekunu olaraq azı iki üçtərəfli sənədin imzalanması gözlənilir”.

Bunu Rusiyada çıxan Kommersant qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Qəzetin məlumatına görə bu sənədlərdən biri Vladimir Putin, İlham ƏliyevNikol Paşinyan arasında 2020-ci ilin noyabrından bəri sayca beşinci üçtərəfli bəyanat olmalıdır.

İkinci sənədin isə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması barədə olacağı gözlənilir.

Qəzet yazır ki, mayın 23-də Moskvada üç ölkənin baş nazir müavinlərinin başçılığı ilə üçtərəfli işçi qrupun görüşü keçirilib.

Bu görüşdə regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına dair qərar qəbul olunması üçün daha bir cəhd göstərilib.

Kommersant yazır ki, Bakı bu danışıqlarda Azərbaycan və Naxçıvan arasında möhkəm logistika əlaqəsinin qurulmasını tələb edir.

Məqalədə deyilir ki, son iki gündə Azərbaycan, Ermənistan və Rusiya nümayəndə heyətləri intensiv danışıqlar aparıblar.

Dünən mayın 24-də kommunikasiyaların açılmasına dair sənədin müzakirəsi davam etdirilib.

Rusiya XİN rəsmisinin dedikləri

“Bakı və Yerevan arasında sülh müqaviləsi uzunmüddətli və dayanıqlı qərarlara söykənməlidir”.

Bunu RIA Novosti agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib:

“Bakı və Yerevan onların köklü maraqlarına nəyin cavab verdiyini və öz xalqları üçün dayanıqlı və etibarlı sülhü necə təmin edəcəklərini özləri həll etməlidirlər”.

Qaluzinin sözlərinə görə Azərbaycan və Ermənistan arasında barışığın əsasını Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar, ilk növbədə üçtərəfli bəyanatlar təşkil edir.

Qaluzin əlavə edib ki, Moskva öz missiyasını “təmas nöqtələrinin tapılmasında” və tərəfləri qane edən kompromislərin əldə olunmasında görür.

Xatırlatma

Mayın 25-də Moskvada Rusiya Federasiyasının vasitəçiliyi ilə yüksək səviyyədə Putin-Əliyev-Paşinyan görüşünün keçirilməsi gözlənilir.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltsun, Avropa Şurasının rəhbəri Şarl Mişelin, habelə Azərbaycan və Ermənistan liderlərinin iştirakilə beştərəfli görüşün iyunun 1-də Avropa siyasi icmasının ikinci sammitinin çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb.

Bu formatda Brüsseldə də görüş olacağı gözlənilir.

Mişel daha bir beştərəfli görüşün oktyabrda İspaniyada keçiriləcəyini deyib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG