Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:36

'Müdafiə Nazirliyində bizdən 4 faiz 'otkat' istəyirdilər' - məhkəmə reportajı


Müdafiə Nazirliyinə informasiya texnologiyaları sahəsində xidmət göstərən şirkətə köçürmələrdə böyük korrupsiya olduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Müdafiə Nazirliyinin vəzifəli şəxslərilə bağlı istintaqda da araşdırılan məsələlərdən biri olub.

Müdafiə Nazirliyinin 8 ildir informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlıq etdiyi şirkətin təmsilçisi Ülfət Abbasov yeyintilər olduğunu məhkəmədə də təsdiqləyib. O, oktyabrın 27-də nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş, polkovnik Məlikməmməd Qurbanovun məhkəməsində ifadə verib.

Külli miqdarda yeyintidə təqsirləndirilən M.Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

"4 faizin də 3-ü Maliyyə İdarəsinə çatırdı..."

Ülfət Abbasov deyir ki, nazirlikdəkilər əməkdaşlıqdan ötrü şərt qoyublar. Şərt də belə olub ki, müqavilədə qiymət 4 faiz artıq göstərilir və həmin məbləğ köçürülür. Sonradan şirkətin bank hesabına köçürülmüş məbləğ nağdlaşdırılanda 4 faizlik əlavə pul nağd şəkildə onlara geri qaytarılır.

“Bizdən 4 faiz “otkat” istəyirdilər. Biz də razılaşdıq, müqavilədə qiymətlər 4 faiz şişirdilib artıq göstərilirdi. Bu 4 faizin də 3 faizi Maliyyə İdarəsinə çatırdı, 1 faizi xəzinədarlığa...”, - şirkətin təmsilçisi belə deyib.

Təqsirləndirilən polkovnik Qurbanov deyir ki, Ü.Abbasovu bir dəfə qəbul edib. Bu da Müdafiə naziri Zakir Həsənovun və o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun göstərişiylə baş tutub. Onun sözlərinə görə, həmin görüş də kiberhücumlarla bağlı idi:

“Mən bu adamla bir dəfə görüşmüşəm. Onda da söhbətimiz kiberhücumlarla bağlı olub. Vəssalam...”.

Ü.Abbasovsa deyir ki, pulun bir hissəsinin geri qaytarılması məsələsini o dövrdə Məlikməmməd Qurbanovun müavini, sonradan həmin qurumun - Satınalmalar və Təchizat İdarəsinin rəisi olan Elnur Kazımovla razılaşdırıblar.

Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı ötən il başlanan araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində bir cinayət işi üzrə aparılıb. Məsuliyyətə cəlb olunanların işləri məhkəməyə göndərildikcə, ümumi cinayət işindən də ayrı-ayrı işlər ayrılıb. Söhbət Müdafiə Nazirliyi sistemində toplam 143 milyon manatlıq mənimsəmədən gedir.

Təqsirləndirilən M.Qurbanov məhkəmədə ifadə verərkən, qiymət şişirtməsi olduğunu etiraf etmiş və demişdi ki, nazirliyin tabeliyindəki qurumlar üçün ərzaq, avadanlıq alışında qiymət şişirtməsi nəticəsində 5 il ərzində əldə olunan təxminən 20 milyon manat olardı. Onun sözlərinə görə, həmin vəsaiti də iş otağında ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqova verib.

Müdafiə Nazirliyinin vəzifəlilərinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Həbs edilənlər özlərini qismən təqsirli bilirlər. Onlar rəqəmlərin şişirdildiyini, bəzi ittihamların onlara aidiyyəti olmadığını deyirlər.

XS
SM
MD
LG