Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:22

'Əlilə yardım edilməsə, məhv olacaq'


Əlil arabası.
Əlil arabası.

«Qarabağ qazisinin durumu acınacaqlıdır, ona yardım göstərilməsə, məhv olacaq».

Ağdaş rayonu, Qaraoğlan kəndinin sakinləri AzadlıqRadiosuna həmkəndliləri olan I qrup Qarabağ müharibəsi əlili Təhməz Həbibovun sosial durumundan yazıblar. Sakinlər əlilə dövlət tərəfindən yardım olunmazsa, tezliklə həyatını acınacaqlı şəkildə itirə biləcəyindən narahatdırlar.

«EV BAŞINA UÇACAQ»

Məktubdan: «Bu adam gəncliyini, sağlamlığını, hər iki ayağını müharibədə qoyub gəlib. Həm həyatında, həm də canında müharibənin ağrılarını daşıyır. İki oğlu var, illərdir ki, əlil arabasında icra hakimiyyətinin, başqa qurumların qapılarına gedib gəlir. Özünə yardım etmirlər, heç olmasa, iki övladına iş versinlər. Vallah, durumları o qədər ağırdır, deyiləsi deyil. Qohum-qonşunun yardımı ilə bir ailənin problemlərini həll etmək mümkün deyil».

Təhməz Həbibov mütəmadi müalicələr almalıdır, ancaq imkansızlıq yol vermir. Dərd bununla da bitmir. Yaşadığı ev, az qala, başına uçacaq. Kənd sakini Tofiq Aslanov: «Hələ siz gəlin əlilin qaldığı evə baxın... Bir gün başına uçacaq. Vətənə görə döyüşmək, əlil olmaq şərəfdir, ancaq o əlilə belə yanaşma şərəfsizlik... Şəxsən mən onunla üz-üzə gələndə xəcalət çəkirəm. Kömək edə bilmədiyim üçün sıxılıram».

«NƏZƏRƏ ALINACAQ»

Kənd sakinləri yığışıb əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimova müraciət yazıb göndəriblər.

Ağdaş rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, müharibə əlilinin evinin qəzalı durumundan xəbərsizdirlər: «Araşdırma apararıq, adını siyahıya alarıq, bəlkə də siyahıdadır. Araşdırıb məlumat verərik. Müharibə əlilləri və şəhid ailələri üçün evlər tikiləndə, Təhməz Həbibov da nəzərə alınacaq».

Ağdaş rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən də bildirildi ki, müharibə əlilinin durumuyla maraqlanıb imkan daxilində yardım edəcəklər. «Müharibə əlili kimi dövlət tərəfindən qayğılarla əhatə olunur. Ancaq yenə də ailəyə baş çəkəcəyik», – mərkəzdən bildirilib.

XS
SM
MD
LG