Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

'...Onların ailə üzvlərinin də azadlıqları təhlükə altına düşür'


Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?

Bugünlərdə Azərbaycanda müxalif Müsavat Partiyası başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs olunub, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi olaraq həbsə səbəb 20 gün əvvəl baş vermiş avtomobil qəzası göstərilir. Həmin qəzada heç kimin ölmədiyi və ciddi xəsarət almadığı deyilir.

O.Hacılının həbsindən sonra sosial şəbəkələrdə Azərbaycanda müxalifətçiləri, azad jurnalistləri, fəalları susdurmaq üçün onların ailələrinin, yaxınlarının hədəf seçildiyi barədə fikirlər yenidən yayılmaqdadır. Bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, illər öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin qaynının həbsi də ondan qisas almaq məqsədi güdürdü. O, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham edilərək 7.6 il həbs edilmişdi. Belə misallar çox çəkilir...

F.Mustafa
F.Mustafa

"Görünür, hansısa əlahiddə bir məsələ olub..."

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a O.Hacılının həbsi ilə bağlı bildirib ki, bu işin detalları, qəzanın hansı şəraitdə törədildiyi barədə məlumatlı deyil: "Əgər orada hansısa bir qanunazidd, yaxud da qanunda araşdırıcı şərtlər yoxdursa, qəzaya görə həbs məsələsi o qədər də aktual deyil. İndiyə qədər bu cür qəzalarda belə bir tədbirlər görülməyib. Görünür, hansısa əlahiddə bir məsələ olub ki, qəzanı törədən şəxsin durumu bunu şərtləndirib".

Komitə üzvü bunun siyasi motivli olduğunu düşünmür: "Yəqin ki, məsələ araşdırılıb öz həllini tapar. Ümid edirəm ki, burada əgər ölüm və ciddi bir xəsarət yoxdursa, azadlıqdan məhrum etmədən istintaqın aparılmasını təmin etmək mümkün olacaq".

"Azərbaycanda siyasətlə məşğul olmaq təhlükəlidir"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda siyasətlə məşğul olmaq, hakimiyyətin bu və ya digər qollarına iddia ortaya qoymaq faktiki olaraq təhlükəli bir fəaliyyət sahəsidir: "İşin daha da çətin cəhəti ondan ibarətdir ki, siyasi mübarizə aparanlar təkcə öz həyatları, azadlıqları ilə risk altına düşmürlər, onların yaxınları, ailə üzvlərinin də təhlükəsizliyi, azadlıqları təhlükə altına düşür. Təsadüfi deyil ki, zaman-zaman təzyiq, bəzi hallarda qisas kimi siyasi xadimlərin ailə üzvlərini də hazırkı sistem repressiyaya məruz qoyur".

R.Səfərov
R.Səfərov

Onun qənaətinə görə, Müsavat başqanının oğlunun həbsi buna bariz nümunədir: "Heç kimdə şübhə yoxdur ki, Orxan Hacılı məhz Arif Hacılının oğlu olduğu üçün təsadüfi avtonəqliyyat hadisəsi nəticəsində həbs olunub, baxmayaraq ki, bu, ən uzağı inzibati qaydada həll olunmalı idi".

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti müxalif partiyaların, vətəndaş cəmiyyəti institutlarının və azad medianın fəaliyyətini kifayət qədər çətinləşib: "Amma buna baxmayaraq, hakimiyyət təqibləri davam etdirir. Çünki qeyri-demokratik rejimlər güclü və yaxud zəif müqavimətdən asılı olmayaraq, əgər öz mandatını xalqdan götürmürsə, bütün dövrlərdə repressiya tədbirlərini davam etdirir".

Mövzu ilə bağlı hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların deməsinə görə, heç kim yaxınlarının siyasi mövqe və fəaliyyətinə görə ayrıseçkiliyə məruz qalmır.

XS
SM
MD
LG