Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:54

Nardaranda yol mübahisəsi


İllüstrasiya
İllüstrasiya

►"Bu, sadəcə, vətəndaşı ələ salmaqdır”

Nardaran qəsəbəsi, Ləhiş bağlar massivindəki bir neçə bağ evinə gedən yol bağlanıb. Səbəb də odur ki, qonşuluqda bina tikilir və bu yol tikilməkdə olan binanın gələcək sahibinə necə deyərlər, “mane olur”.

5216 saylı bağ evinin sahibi Emin Nəbiyev 1 ildir ki, Nardarandakı bağ evinin qonşuluğundan keçən bağlararası yolun açılması üçün əməlli- başlı mübarizə aparır.

Onun sözlərinə görə, mübahisə obyektinə çevrilən bağlararası yol qonşusu tərəfindən zəbt olunaraq daş hasara alınıb. Deyir, qonşu ərazidə qeyri-qanuni bağ evi inşa edir. Emin Nəbiyev Sabunçu İcra Hakimiyyətinə müraciət edib ki, yolun açılaraq əvvəlki vəziyyətinə qaytarılması üçün tədbir görülsün. Lakin bir ilə yaxındır etdiyi müraciətlər nəticə verməyib:

“2015-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin və Sabunçu rayon icra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirildi. Rəy də verildi ki, yol qanunsuz zəbt olunub, ərazidə tikinti işləri dayandırılmalıdır. Lakin iş dayandırılmadı, yolun yerində ev tikintisi bu gün də davam edir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“GOOGLE EARTH” TƏSVİRLƏRİ

Emin Nəbiyevin sözlərinə görə, Sabunçu rayon İcra Hakimiyyəti dövlət əmlakı olan yolun satılmasında iştirakını gizlətməyib:

“Bağlararası yolun qanunsuz zəbt olunması faktını təkzib etmək üçün rayon rəhbərliyi gülünc arqumentlərə əl atıb. Bakı Şəhər İcra Hakimiyyətindən yolun zəbt olunduğunu təsdiqləyən rəyi qarşılığında Sabunçu Rayon İcra Hakimiyyəti görün nə edib. 3D formatlı, internet istifadəçiləri üçün nəzərdə tutulan “Google Earth” kompüter əlavəsindən ərazinin yer səthinin fəza şəkillərini çıxararaq mənə göndəriblər. Hətta orta məktəbdə belə rəsmi tədris vasitəsi hesab edilməyən bu internet proqramının şəkillərini dövlət sənədi kimi təqdim ediblər. Mənə yolladıqları məktubda isə yazıblar ki, “torpaq sahəsinin planı və ölçüşündə iddia etdiyiniz yol əksini tapmayıb”. Bu, sadəcə, vətəndaşı ələ salmaqdır”.

Sabunçu rayon icra hakimiyyəti yolun açılmasını tələb edən bağ sahibinin, az qala, özünü borclu çıxarıb. Ona yolladığı məktubda irad tutub ki, gərək torpaq sahəsini özəlləşdirdikdən sonra tikəcəyi bağ evinin eskiz layihəsini və torpaq sahəsinin sənədlərini icra hakimiyyətinə təqdim edib tikintiyə icazə alardı.

“YOLSUZ QALMALIYAM?”

“Neyləyəcəkdilər? Torpağımda ev tikməyə qoymayacaqdılar ki, nə vaxtsa evimə gələn yolu kiməsə satacaqlar? O vaxt müraciət etməmişəmsə, deməli, indi yolsuz qalmalıyam ki, kimsə orda ev tikir? Cavablarından heç nə anlamıram. Yaxşı olar ki, mənə hədə-qorxu gəlmək, şantaj etmək, bağ sənədlərimdə qüsur axtarmaq əvəzinə, öz səhvlərini düzəldib satdıqları yolu adamlara qaytarsınlar”.

Emin Nəbiyev hüquq- mühafizə orqanlarına şikayət edib. Ancaq Sabunçu rayon polis İdarəsində şikayətinə hər dəfə xitam verilib. Belə ki, Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsi hər dəfə Sabunçu RPİ-nin çıxardığı xitam qərarını ləğv edir, araşdırılması üçün təkrar həmin idarəyə göndərir. Ancaq idarə hər dəfə cinayət işi başlanmasını rədd edir.

Sabunçu rayon icra Hakimiyyətindən bildiriblər ki, Emin Nəbiyevin bağ evinə dair sənədləri qaydasında deyil və bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunub. Digər bağ evinin inşasının isə vətəndaşın mübahisələndirdiyi yola heç bir maneçiliyi yoxdur.

XS
SM
MD
LG