Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:57

Nardaranda ata və 3 oğlun həbsdə olduğu bir ailə var


Nardaran məhbusunun yaxını məhkəmə qarşısında
Nardaran məhbusunun yaxını məhkəmə qarşısında

Nardaranda Şahbazovlar ailəsinin dörd üzvü həbsdədir – ata və üç oğlu. Ata Atabala Şahbazov Nardaranda 6 nəfərin ölümüylə nəticələnmiş polis əməliyyatından az sonra həbs olunub və silah ittihamıyla 2 il 9 ay azadlıqdan məhrum edilib.

Üç oğuldan Əli Şahbazov atadan dərhal sonra həbs olunub və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə ikinci qrupun tərkibində, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və daha on nəfərlə birlikdə məhkəməsi davam edir.

Buna da bax:​ Vəkil: 'Hakim mikrofonu bağladı…' [yenilənib]

“SƏN TUTULMALISAN”

Digər oğul Fail Şahbazov isə 2016-cı ilin noyabrında həbs olunub. Ona da qanunsuz silah saxlama ittihamı verilib və hazırda Sabunçu Rayon Məhkəməsində mühakimə olunur.

Mayın 16-da keçirilən məhkəmədə Fail Şahbazov bildirib ki, ondan silah-sursat tapılması haqda ittihamda yazılanlar yalandır. Əslində o, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və digərlərinin məhkəməsində aktiv iştirakına, məhkəmədə baş verənlər haqda sosial şəbəkələrdə məlumatlar paylaşdığına, Nardarandakı polis əməliyyatında dünyasını dəyişmiş 4 nəfər qəsəbə sakininin məzarının dağıdıldığını göstərən şəkilləri yaydığına görə həbs olunub. F. Şahbazovun dediyinə görə, noyabrın 23-də Taleh Bağırovgilin məhkəməsinə gedəndə 42-ci polis bölməsindən ona zəng gəlib, harada olduğunu soruşublar. Gəlib məhkəmənin yanından götürüb bölməyə aparıblar:

Buna da bax: Nardaran məhbusunun qardaşı saxlanıb

"Orada hədə-qorxu gəlib dedilər ki, ‘sosial şəbəkədə aktivlik göstərirsən, şəkillər paylaşırsan, sən tutulmalısan’. Şərt qoydular ki, etiraf eləsəm, inzibati həbs veriləcək, əks halda, cinayət işi açılacaq. Mən də razılaşdım və polisə müqavimət adıyla 30 gün müddətinə inzibati həbs olundum".

“6 GÜNƏ BÖYRƏKLƏRİM SIRADAN ÇIXIB”

Fail Şahbazov deyir ki, müvəqqəti saxlama təcridxanasında olduğu müddətdə bir neçə dəfə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib ona işgəncə veriblər: "15 dekabr 2016-cı ildə yenə də məni döydülər, işgəncə verdilər, dişimi sındırdılar. Qış vaxtı məni lüt saxlayıblar, 6 günə böyrəklərim sıradan çıxıb. Dedilər ki, ya silaha qol çəkəcəksən, ya da evə narkotik qoyub ailə üzvlərinin hamısını tutacağıq. Mən də məcbur oldum polislərin dediyi ilə razılaşdım".

Buna da bax:​ Nardaran məhbusunun 'kars'a salındığı bildirilir

Amma məhkəmədə dindirilən Sabunçu Polis İdarəsinin əməkdaşı Elçin Məmmədov iddia edir ki, dekabrın 14-də onlara Fail Şahbazovun odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olub. Həmin vaxt inzibati həbs olunanların müvəqqəti saxlama yerində olan Fail Şahbazov Sabunçu rayon Polis İdarəsinə etap edilib və orada etiraf edib ki, odlu silah gizlədib: "Nardaran qəsəbəsində bağlar ərazisində keçirilən baxış nəticəsində palma ağacının altında qara sellofanda bükülü vəziyyətdə 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası aşkar olunub".

“POLİSLƏR BİZİM AİLƏYLƏ DÜŞMƏNÇİLİK EDİR”

Fail Şahbazov polis əməkdaşının yalan danışdığını bildirib. Deyib ki, polislər onların ailəsinə qarşı düşmənçilik edir: "Mən ötən iclasda ailəmizdən 3 nəfərin həbs olunduğunu demişdim, artıq ailənin 4-cü üzvü – o biri qardaşım da şərlənərək həbs olunub. Polislər bizim ailəylə düşmənçilik edir".

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror Fail Şahbazova 2 il 9 ay həbs cəzası verilməsini təklif edib.

Buna da bax: Şahid ifadəsindən: 'O, həmişə Nardarana qara avtomobili ilə gəlirdi...'

F. Şahbazovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə mayın 23-nə qədər vəkilə vaxt verib.

Fail Şahbazovun daha bir qardaşı Natiq Şahbazov mayın 8-də həbs olunub. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunur ki, N. Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ Polis Nardaranda yenə silah tapdığını deyir

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG