Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:45

İlk dəfədir təbii qaz gəlirləri neft gəlirlərini ixracatda qabaqlayıb


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

Dövlət Gömrük Komitəsi 2023-cü ilin birinci yarısı ilə bağlı ticarət göstəricilərini açıqlayıb. Rəsmi rəqəmlərə görə, ilk yarımildə Azərbaycanın ixracı 17 milyard 968 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarım milyard dollar və ya üç faizə yaxın azalma deməkdir. Ölkənin idxalı isə, əskinə, artıb. 2023-cü ilin ilk yarısında Azərbaycanın idxalı 8 milyard 198 milyon dollar olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faizə yaxın artım deməkdir. Ölkənin ixracının azalması, idxalınsa artması ticarət saldosuna da ciddi təsir göstərib. İdxal və ixrac əməliyyatlarının müsbət saldosu ötənilki 12.1 milyard dollardan bu il 9.8 milyard dollara enib.

İlk dəfə qaz gəlirləri daha çox olub

Gömrük Komitəsinin budəfəki hesabatı Azərbaycanın xarici ticarət əməliyyatlarında təbii qaz gəlirlərinin ixracda neft gəlirlərini ötməsi ilə də diqqət çəkib. Rəsmi rəqəmlərə görə, ilk yarımildə Azərbaycan xam neft satışından 7.8 milyard dollar, təbii qaz satışından 8 milyard dollar gəlir götürüb. Deməli, ixracda xam neftin payı 43.4 faiz, təbii qazın payı 44.7 faiz olub. Müqayisə üçün: Ötən ilin ilk altı ayında xam neft ixracının toplam ixracdakı payı 50.7 faiz, təbii qazın payı 40.2 faiz idi. Neft məhsulları da nəzərə alınsa, bu il Azərbaycanın toplam ixracının 90.13 faizi neft və qaz sənayesi ilə bağlı olub.

Enerji qiymətləri necə dəyişib?

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən bəlli olur ki, ötən illə müqayisədə həm xam neftin, həm də təbii qazın ixracı həcmcə aşağı düşüb. Ancaq neftdən fərqli olaraq, təbii qaz qiymətlərinin artması Azərbaycanın qaz ixracından gəlirlərini yüksəldib. Ötən ilin ilk altı ayında Azərbaycan xarici ölkələrə 12.9 milyon ton neft satıb. Bu satışa görə ölkənin gəliri 9.4 milyard dollar olub. Deməli, ötən il hər ton neftin satışı ölkəyə ortalama 725 dollar qazandırıb. Bu ilsə Azərbaycan xarici ölkələrə 12.8 milyon ton neft ixrac edib və qarşılığında 7.8 milyard dollar gəlir götürüb. Deməli, bir ton neftin orta ixrac qiyməti təxminən 610 dollar olub və ötən illə müqayisədə 115 dollar azalıb.

İlk yarımildə Azərbaycan xarici ölkələrə 10.9 milyard kubmetr təbii qaz göndərib. Ötən il bu rəqəm 11.3 milyard kubmetr idi. Ölkənin təbii qaz ixracından əldə etdiyi gəlir ötən illə müqayisədə 7.4 milyard dollardan 8 milyard dollara yüksəlib. Başqa deyimlə, hər min kubmetr qazın orta ixrac dəyəri 655 dollardan 733 dollara yüksəlib.

Qaz ixracının artması problemləri çözürmü?

Ekspertlər uzun illərdir bildirir ki, Azərbaycan iqtisadiyyatının əsas problemi resurs asılılığıdır. Hər il ölkənin ixracının təxminən 90 faizi, büdcəninsə 50 faizi enerji gəlirləri hesabına təmin edilir. Bu baxımdan, Azərbaycan dünyada enerji gəlirlərindən ən çox asılı olan ölkələrdən sayılır. Hökumət də problemin fərqindədir və indiyədək bir çox strateji inkişaf sənədlərində neftdənkənar sektoru gəlişdirməklə ölkənin ixrac gəlirlərini artırmağı hədəfləsə də, bu hədəfə çata bilməyib. Artıq ölkənin təbii qaz gəlirlərinin neft gəlirləri qədər çoxalması dünya bazarlarında neftin kəskin dəyər itirdiyi dövrlərdə ölkə iqtisadiyyatının qarşılaşdığı riskləri nisbətən azalda bilər. Di gəl, nəzərə almaq lazımdır ki, təbii qaz ixracı da enerji sektoru ilə bağlıdır və neft bazarı üçün mövcud olan risklər bu bazar üçün də keçəlidir. Bu üzdən, enerji sektorundan kənar sahələr gəlişmədikcə, Azərbaycan iqtisadiyyatı üçün bu risklər hər zaman aktuallığını saxlayacaq.

Unutmaq olmaz ki, son dövrlər təbii qazın kəskin bahalaşması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ukraynaya hücumdan sonra bir çox Qərb ölkəsi Rusiyadan idxalı dayandırıb və eyni zamanda alternativ enerji istehsalını genişləndirib. Bu baxımdan, yaxın gələcəkdə artıq ənənəvi enerjidaşıyıcılar dünyanın enerji tələbində indiki qədər əvəzsiz rol oynamayacaq. Digər tərəfdən, son illərdə Azərbaycanın neft hasilatı da aramsız azalır. Bu amil də ölkənin enerji gəlirlərinə təsirsiz ötüşmür.

Dünya Bankından xəbərdarlıq

Dünya Bankı Azərbaycan iqtisadiyyatına dair sənədində də belə risklərin törətdiyi təhlükələrdən söz açır. Bank bildirir ki, Azərbaycanda aktivlərin şaxələnməsi gərəkən səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur. Hazırda ölkənin ixrac gəlirlərinin 90 faizi məhz neft-qaz sektoru hesabına formalaşır. Belə bir şəraitdə Dünya Bankının uzunmüddətli artım simulyasiyası onu göstərir ki, sadalanan problemləri çözməkdən ötrü hər hansı ciddi siyasət tədbiri görülməzsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı cəmi 0.5 faiz ola bilər. Adambaşı göstərici baxımından bu proqnoz hətta həmin səviyyədən də aşağıdır. Dünya Bankı adambaşı ÜDM artımının 1 faizdən aşağı səviyyədən başlanmasını və 2030-cu illərin ortasında sıfıra düşməsini proqnozlaşdırır. Nəticədə adambaşı ÜDM 2020-ci ildə 5 min 900 ABŞ dollarından 2050-ci ildə 6 min 500 ABŞ dollarına yüksələcək. Bu isə 30 il ərzində məcmu artımın yalnız 11 faiz olması anlamına gəlir. 30 illik zaman müddətində 11 faizlik artım çox aşağı göstərici sayılır.

Dünya Bankı ekspertlərinin fikrincə, hökumət qeyri-neft/qaz sektorunda məhsuldarlığın artırılmasına və insan kapitalının inkişafına çalışsa, artım bərpa edilə bilər. Azərbaycan iqtisadiyyatını qarşıdakı illərdə gözləyən təhlükələrdən iqtisadi idarəetmənin təkmilləşdirilməsi, institusional kapitala yatırımların artırılması da xilas edə bilər. Bütün bunlar gerçəkləşdirilməsə, təbii qaz gəlirlərinin artımı da ölkədə dayanıqlı iqtisadi inkişafa gətirib çıxarmayacaq.

XS
SM
MD
LG