Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Neft şirkəti Bakı sakinini 20 ildir yaşadığı evdən çıxarmağa çalışır


Neft buruğu yaxınlığında ev
Neft buruğu yaxınlığında ev

Bakı sakini Qeybəli Məmmədov 20 ilə yaxındır ki, ailə üzvləriylə birlikdə bir evdə yaşayır. İndi neft şirkəti tələb edir ki, onlar evdən çıxsın. Üstəlik, evi də özləri söksünlər, ərazini neft şirkətinə təhvil versinlər. «Binagadi Oil Company» bu tələblə məhkəmədə iddia qaldırıb. Göstərib ki, həmin ev «şirkətin saziş hüdudları daxilində», özbaşına inşa edilib. Yəni, həmin ərazi bu şirkətə məxsusdur.

Q.Məmmədov isə deyir ki, əlində sənədləri var. Onun sözlərinə görə, 3 avqust 2000-ci ildə Binəqədi rayon İcra Hakimiyyətinin 1107 saylı sərəncamıyla onun adına Sulutəpə qəsəbəsində 600 kvadratmetr torpaq sahəsi ayrılıb. O ərazidə də ev tikib: «19 ildən çoxdur ki, biz o ərazidə, o evdə yaşayırıq. Evə qaz, su, elektrik xətləri çəkmişik, illərdir onlardan istifadə edirik, pulunu ödəyirik. Bu illər ərzində heç kim bizə heç nə deməyib».

Üç ildir ki, neft şirkəti ilə Q.Məmmədov arasında məhkəmə çəkişməsi gedir. Hələ də bu proses davam edir.

Avropa Məhkəməsinin qərarına istinad olunub

Neft şirkəti 2017-ci ildə Binəqədi rayon Məhkəməsində iddia qaldırıb. Q.Məmmədov torpaq sahəsinin ona ayrılması barədə icra hakimiyyətinin sərəncamını da məhkəməyə təqdim edib. Bu məhkəmədə aylarla davam edən araşdırmalardan sonra iddia təmin olunmayıb.

Şirkət qərardan narazı qalıb, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində bu işlə bağlı məhkəmə prosesi bir ildən çox çəkib. Axırda da neft şirkəti haqlı sayılıb - 2019-cu ilin yanvarında Q.Məmmədov və ailə üzvlərinin evdən çıxarılması, tikintinin onların hesabına sökülməsi və ərazinin boşaldılıb «Binagadi Oil Company»yə təhvil verilməsi barədə yeni qərar çıxarılıb.

İş gəlib Ali Məhkəməyə çıxıb. Bir ildən sonra da bu instansiyada ev sahibinin kassasiya şikayətinə baxılıb. Onun şikayəti təmin olunub. Yanvarın 25-də Ali Məhkəmə şirkətin xeyrinə olan qərarı ləğv edərək, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Ali Məhkəmə bu qərarı verərkən Avropa Məhkəməsinin «Öner Yıldız Türkiyəyə qarşı» qərarına istinad edib. 2004-cü ildə çıxarılan o qərarda Avropa Məhkəməsi sənədləri olmayan gecəqonduda yaşayanların o tikili ilə bağlı mülkiyyət hüququnu tanıyıb. Avropa Məhkəməsi hesab edir ki, əgər şəxs uzun müddət bir yerdə yaşayır, kommunal xidmətlərdən istifadə edib, haqqını ödəyirsə, deməli, dövlət avtomatik onun mülkiyyət hüququnu tanımış olur. Bu halda, şəxsin həmin əmlakdan məhrum edilməsi onun mülkiyyət hüququnun pozulmasıdır.

20 ilə yaxındır yaşadığı evdən çıxarılmaq təhlükəsiylə üzləşən Q.Məmmədovun işinə yaxın vaxtlarda apellyasiya məhkəməsi yenidən baxacaq.

XS
SM
MD
LG