Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:58

Su ayaqlar altına axır, adamlarsa suyu pulla alır


İçməli sudan yaranan gölməçələrdən biri.
İçməli sudan yaranan gölməçələrdən biri.

-

«Qəsəbəyə gələn ana su xətti bir neçə yerdən partlayıb. 3 aydır ki, içməli su qəsəbənin küçələri ilə axır. Əməlli- başlı gölməçə əmələ gəlib. Hətta iki heyvanımız da həmin gölməçədə boğulub».

«ADAMLAR QARNINA ÇÖRƏK TAPMIR»

Bunu AzadlıqRadiosuna Hacıqabulun Nəvai qəsəbəsinin sakinləri deyir. Qəsəbə məktəbinin yaxınlığında yaşayan Həbib Nəzirovun sözlərinə görə, 3 ay əvvəl sıradan çıxmış su xəttinin təmir olunmamasının özəl səbəbi var:

«Arada gəldilər, dedilər, «pul yığın verin, təzə su xətti çəkək». Biz də etiraz elədik, dedik, qəsəbədə işsizlikdir, adamlar qarnına çörək tapmır, dövlət özü düzəltsin. Dedilər, «özünüz bilin, gedirik, nə vaxt pul tapsanız, xəbər eləyin, gələk düzəldək»».

Qəsəbə sakini Əhməd Əhmədov deyir, yayın istisində içməli su ayaqlar altına axır, adamlarsa içməyə su tapmır:

«Su maşını gəlir, suyu baha qiymətə alırıq. Birinci qrup anadangəlmə əliləm. Qoca atamın himayəsində qalıram. 74 manat pensiya alıram, onu da qəpiyinəcən su maşınına verirəm. Allah heç kəsi susuzluqla imtahan eləməsin».

Sıradan çıxan su xətlərindən biri.
Sıradan çıxan su xətlərindən biri.

«DÜNYADAN XƏBƏR TUTMAQ İSTƏYİRƏM»

Nəvaidə təkcə su xətləri yox, telefon xətləri də istismar müddətini çoxdan başa vurub. Həbib Nəzirov deyir, hər ay atasının pensiyası ilə internet və telefona görə 20 manat ödəyir. Ancaq heç birindən yararlana bilmir:

«İnternet həyatımda vacibdir. Mən də hamı kimi dünyadan xəbər tutmaq istəyirəm. Başımı qatan yeganə vasitədir. Gəl ki, Nəvaidə internetə xərclənən pul havaya atılmış kimi şeydir. Telefona gəlincə, halım tez-tez pisləşir, həkim çağırmalı olurlar, əl atırsan, telefon işləmir. Məlum olur ki, telefon xətlərində problem var. Və bu vəziyyət illərdir ki, davam edir».

Hacıqabul rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Nəvaidəki su xətlərinin təmiri ilə bağlı müvafiq qurumlara məktub göndərilib. Yaxın günlərdə problem həll olunacaq.

Rayonun Telekommunikasiya Qovşağından da sakinlərə keyfiyyətli xidmət göstərmək məqsədilə yaxın vaxtlarda qəsəbədəki telefon xətlərinin yenilənəcəyini deyirlər.

XS
SM
MD
LG