Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Özbəkistanın paytaxtında spirtli içki satılmayan 'halal' restoranlar bağlanır


Restoranlar Daşkəndin ayrı-ayrı səmtlərində olsa da, onları birləşdirən ortaq özəllik - spirtli içki satmamaları, müştəriləri namaz otağı ilə təmin etmələridir.
Restoranlar Daşkəndin ayrı-ayrı səmtlərində olsa da, onları birləşdirən ortaq özəllik - spirtli içki satmamaları, müştəriləri namaz otağı ilə təmin etmələridir.

AzadlıqRadiosunun özbək xidmətinin yazdığına görə, Özbəkistanın paytaxtı Daşkənddə hökumət nümayəndələri spirtli içki satmayan 12-yə yaxın restoranı qapadıblar. Restoran sahiblərinin iddiasına görə, onlara deyilib ki, spirtli içki satmağa başlasalar, müəssisələrini yenidən aça bilərlər.

Bu, son aylarda ölkədə müsəlmanların din azadlığının məhdudlaşdırılması yönündə atılan daha bir addımdır. Müşahidəçilər bu yanaşmanı hökumətin Özbəkistanda dini radikallaşmadan narahatlığı ilə əlaqələndirirlər.

"İşçilərimizin dini baxışlarını sorğu-suala çəkdilər"

Sözügedən "halal" restoranlara öncədən bildirilmədən reyd keçirilib. Reydə polis, güvənlik xidmətləri, vergi əməkdaşları, səhiyyə və qida təhlükəsizliyi müfəttişləri qatılıblar.

"Qida təhlükəsizliyi müfəttişləri mətbəxi təftiş etdilər, vergi müfəttişləri …sənədləri yoxladılar. Güvənlik əməkdaşları ibadət otağımızı yoxladılar, işçilərimizin dini baxışlarını sorğu-suala çəkdilər, hətta onların mobil telefonlarını gözdən keçirdilər", - sahibkarlardan biri restoranında baş verənləri belə anladıb.

Kimliyinin bilinməməsi şərti ilə danışan həmin şəxs polis və güvənlik əməkdaşlarının reydə icazə verilməsi barədə heç bir rəsmi sənəd təqdim etmədiyini də söyləyib.

Sahibkarın sözlərinə görə, daha sonra restoranı "müvəqqəti" bağlayan qida təhlükəsizliyi müfəttişləri bu qərarı əsaslandırmaqdan ötrü heç bir səbəb göstərə bilməyiblər.

Restoran sahibi qida təhlükəsizliyi və sanitariya qaydalarına diqqətlə əməl etdiyini, müəssisənin hər zaman dərindən təmizləndiyini, əməkdaşların təmiz, ağ uniforma geydiyini deyir.

Özbəkistan plovda dünya rekordu vurdu
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Kafe və restoranlarını hökumətin qapatdığı bir neçə başqa sahibkar da AzadlıqRadiosunun özbək xidmətinə bənzər reydlərdən söz açıblar.

Restoranlar Daşkəndin ayrı-ayrı səmtlərində olsa da, onları birləşdirən ortaq özəllik - spirtli içki satmamaları, özlərini "halal" tipli restoran kimi tanıtmalarıdır. Bu restoranlarda müştərilərdən ötrü namaz otağı da var.

AzadlıqRadiosu iddialarla bağlı Daşkənd şəhər rəhbərliyinə üz tutsa da, heç bir cavab ala bilməyib.

"Vəziyyət gizlincə yoxlanır"

İnsan haqları qurumları Özbəkistan hökumətini din azadlığı sahəsində islahat və vədləri gerilətməkdə suçlayır.

Anonimlik şərti ilə danışan restoran sahibləri hökumət nümayəndələrinin reydlərdən öncə həmin məkanlara gələrək gizlincə vəziyyəti yoxladığını deyirlər.

"Onlar müştəri sifəti ilə gəlib namaz otağının olub-olmadığını, restoranda spirtli içki satılıb-satılmadığını yoxlayırlar", - bir kafe sahibi bildirib.

İş adamlarının fikrincə, hökumət nümayəndələri reyd keçirəcəkləri müəssisələrin siyahısını bu gizli "qeyri-rəsmi" ziyarətlərin nəticələrinə dayanaraq tərtib ediblər. Onların sözlərinə görə, eyni ərazidə spirtli içki satan kafe və restoranların heç birinə reyd təşkil olunmayıb.

Bir sahibkarı kafeteriyasının bağlanmasından bir neçə gün sonra "antiterror" rəsmiləri müəssisəsinin gələcəyini müzakirə etmək üçün çağırıb.

Qadağaya baxmayaraq, toylar yenə dəbdəbəli keçirilir
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

"Dedilər, spirtli içki satsan, işini problemsiz sürdürə bilərsən"

Onun iddiasına görə, güvənlik əməkdaşları ona spirtli içki satmaq üçün lisenziya alıb, məkanın içərisində kiçik bar açmağı məsləhət görüblər: "Dedilər, spirtli içki satsan, işini problemsiz sürdürə bilərsən. Özləri də söylədilər ki, bizə müqavimət göstərməsən, sənin üçün daha yaxşı olar".

Digər kafe sahibləri də buna bənzər iddiaları dilə gətiriblər. Onların sözlərinə görə, güvənlik əməkdaşlarının bu "ultimatum"u eyham şəklində olub və hədədən çox, məsləhət kimi səslənib.

"Sizi anlayırıq, biz də müsəlmanıq; amma bu vacibdir, axı əcnəbi turistlər içki istəyirlər", - bir işadamının iddiasına görə, məmurlar ona belə deyiblər.

Bəzi biznes sahibləri isə sosial mediada bildiriblər ki, hökumət nümayəndələri onlara müəssisələrinin üzərindən "halal" işarəsini götürməyi tapşırıblar.

Bir kafe sahibi AzadlıqRadiosuna bildirib ki, onun spirtli içki satmamaq qərarının dini inancı ilə heç bir bağlantısı yoxdur.

"Onda mən özümə dedim ki…"

O, daha öncə sərxoş müştərilərin savaş çıxardığı, bir-birini bıçaqla hədələdiyi restoranda çalışdığını deyir. Üstəlik, keçmiş iş yerində spirtli içkidən zəhərlənmə olayının da baş verdiyini unutmur: "Onda mən özümə dedim ki, öz restoranımı açanda, spirtli içki satmayacağam".

Yeddi il öncə hakimiyyətə gələn Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilk vaxtlar dini azadlıqlarla bağlı bir çox qadağalara son qoyduğu üçün bəyənilirdi. Mirziyoyevin hökuməti İslam Kərimovun vaxtında dinc dini əqidəsinə görə həbsxanaya salınan yüzlərlə insanı azad etmiş, minlərlə vətəndaşı da güvənlik xidmətlərinin dini ekstremistlərlə bağlı qara siyahısından çıxarmışdı. Ancaq son aylarda dindarların sorğu-suala çəkilməsi, kişilərin saqqallarının zorla qırxılması barədə xəbərlər yayılır.

AzadlıqRadiosu azanla da bağlı məhdudiyyətlərin başlandığını bildirmişdi. İslam Kərimovun uzun hakimiyyəti dövründə də azanla bağlı ciddi qadağalar tətbiq edilmişdi.

XS
SM
MD
LG