Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:08

Taciklər, digər ortaasiyalılar qonşu Özbəkistana müalicəyə gedir


Özbəkistan turizm sənayesinin bir hissəsi kimi tibb turizmini təbliğ edir.
Özbəkistan turizm sənayesinin bir hissəsi kimi tibb turizmini təbliğ edir.

Gözündə katarakta əməliyyatı etdirən Ranoxon Burhonova sağalmaq üzrədir. Nisbətən sadə sayılan bu əməliyyat Burhonovanın doğulduğu Tacıkistanın bir çox xəstəxanalarında aparılır. Buna baxmayaraq, ölkənin şimalındakı Soqd vilayətindən olan 59 yaşlı keçmiş tibb bacısı əməliyyatdan ötrü Özbəkistana üz tutub.

"Sentyabrda Daşkənddə əməliyyata 800 ABŞ dolları ödədim", – o deyir. Sonra da əlavə edir ki, "Tacıkistan və Özbəkistanda qiymətlər aşağı-yuxarı eynidir. Lakin mənim üçün əsas məsələ keyfiyyətli tibbi qayğıdır".

Burhonova deyir ki, tacıkistanlı həkimlərə etibarını itirib, çünki onlar səhv diaqnozlar qoyur, apardıqları əməliyyatlar mənfi fəsadlara gətirib çıxarır.

"Demirəm ki, Tacıkistanda yaxşı həkimlər yoxdur. Ancaq risk etmək istəmirəm. Özü də məsələ görmə qabiliyyətimdən gedirsə", – o deyib.

Burhonova əməliyyatdan altı həftə sonra oftalmoloq ilə ənənəvi görüş üçün Daşkəndə qayıtmağa planlaşdırır.

Özbəkistan bir çox orta gəlirli, daha yaxşı keyfiyyət, əlçatan müalicə axtarışında olan tacikistanlı və digər ortaasiyalıların əsas tibb turizmi istiqamətinə çevrilib. Bəzi pasiyentlər ölkələrində əlçatmaz olan ixtisaslaşmış tibbi xidmət axtarışındadır.

Özbəkistan rəsmilərin statistikasına görə, bu ilin yanvarından avqustunadək tibbi müalicə almaq üçün ölkəyə 57 mindən çox Tacıkistan vətəndaşı səyahət edib. Ötən il analojı dövrdə bu rəqəm 28 mindən çox idi ki, bu da 100 faiz artım deməkdir.

Tacıkistanlı pasiyentlər Özbəkistana özəl tibbi klinikalarda müalicə almaq üçün 2018 ildən sonra üz tutmağa başlayıb. Həmin il rəsmi Daşkənd Orta Asiyadakı qonşu ölkə vətəndaşlarına ölkəyə üç aylıq vizasız səyahət imkanı verib.

Rəsmi səyahət saytları xarici xəstələrin cəlbi üçün Özbəkistan klinikalarını, xəstəxanalarını və sanatoriyalarını təbliğ edir.
Rəsmi səyahət saytları xarici xəstələrin cəlbi üçün Özbəkistan klinikalarını, xəstəxanalarını və sanatoriyalarını təbliğ edir.

Sərhədlər açılandan sonra...

Koronavirus pandemiyası zamanı qapalı sərhədlər açılandan sonra tibb turizmi son illər çiçəklənməyə başladı. Maddi baxımdan sərfəli qalma yerləri, ucuz qidalanma, bürokratik və dil əngəllərinin olmaması - Orta Asiyada rus dili geniş istifadə olunur, - xarici pasiyentlərin gözlərində Özbəkistanı çox cəlbedici edib.

Özbəkistana tibbi müalicəyə gedən bir çox tacıkistanlı orta sinif nümayəndələridir. Onlar il ərzində tibbi konsultasiya, müalicə və həkimlə sonrakı görüşlər üçün qonşu ölkəyə bir neçə dəfə gedə bilir. Daha imkanlı şəxslər Çin, İran və Rusiyadakı klinikalara üz tutur.

Şəxsi səbəblərə görə soyadının açıqlanmasını istəməyən 48 yaşlı tacıkistanlı Nazokat hər üç aydan bir müalicəsinin necə keçdiyinə nəzarət üçün Daşkəndə üz tutur. Onun uzun sürən Hepatit-C yoluxmasından sonra səhhətində yaranan problemi Tacikistandakı xəstəxanalardan biri aşkar edə bilməyib. Bunun üçün qonşu Özbəkistana üz tutmağa qərar verib. Burada isə noyabrda ona "dördüncü dərəcə ağciyər fibrozu" diaqnozu qoyulub.

"Tacikistanda altı aylıq müalicə ilə virusa qalib gəldim. Lakin özümü yaxşı hiss etmirdim. Qohumlarım məsləhət gördü ki, Daşkənddəki həkimlərə baş çəkim", –o, AzadlıqRadiosuna bildirib.

"Bu mənim həyatımı xilas etdi. İndi bilirəm ki, mənim üçün az qala gec olacaqdı. Sirroz olmağa yaxın idim", – Nazokat deyir.

Camoliddin Abdullozoda
Camoliddin Abdullozoda

Düşənbə Özbəkistanın statistikasını təkzib edir

Tacikistan hakimiyyəti müalicə üçün xaricə üz tutan ölkə vətəndaşlarının sayının daimi artımı bərədə Özbəkistanın statistikasını təkzib edir.

Ötən il rəsmi Daşkənd ölkəyə gələn tacıkistanlıların sayının 43 mindən yuxarı olduğunu açıqlayanda qonşu ölkə bunun mümkün olmadığını deyərək rədd etmişdi.

"Bu rəqəmlər həqiqəti əks etdirmir", –ölkənin səhiyyə naziri Camoliddin Abdullozoda o vaxt Özbəkistanın bəyanatına reaksiya vermişdi. "Bu rəqəmlər sərhəd-keçid məntəqələrini adlayan vətəndaşların sayından götürülüb", – o söyləyib.

Abdullozoda əlavə edib ki, sərhədi keçən bir çox vətəndaşlar səyahətin məqsədini, doğru olub-olmasa belə, tibbi müalicə kimi göstərib. Tacikistanlı nazir ölkəsində 2023-cü ildə 896 min pasiyentin xəstəxanalara yerləşdirildiyini və ölkədə səhiyyənin qənaətbəxş səviyyədə olduğunu deyib. Onlardan 315 minə yaxın şəxs cərrahiyə əməliyyatı olub. Lakin bir çox tacikistanlı böyük şəhərlərdən kənarda mütəxəssis qıtlığından şikayət edir. Minlərlə mütəxəssis son illərdə daha yaxşı qazanc üçün Rusiyaya üz tutub.

Regional hab

Özbəkistan hökuməti tibb turizmini səyahət sənayesinin bir hissəsi kimi dəstəkləyir. 2019-cu ildə hökumət xaricilər üçün sadələşdirilmiş tibb vizası prosedurları tətbiq edib. Bununla yanaşı, rəsmi səyahət saytları əcnəbi pasiyentlərin cəlbi üçün ölkədəki xəstəxanalar və sanatoriyaları təbliğ edir. Əcnəbi pasiyentlərin əksəriyyəti taciklər olsa da, tibbi müalicə almaq üçün Özbəkistana qazax, qırğız, türkmən və rusiyalılar da üz tutur.

Rəsmi rəqəmlərə əsasən, yanvar-avqust aylarında 8 min 542 Qazaxıstan, 6 min 704 Qırğızıstan, 1 min 299 Rusiya və 672 Türkmənistan vətəndaşı müalicə üçün Özbəkistana gəlib. Rəqəmlər ötən ilin analojı dövrü ilə müqayisədə artımı göstərir. O vaxt Qazaxıstan və Rusiya pasiyentlərinin sayı, müvafiq olaraq, 7 min 200 və 800 idi. Qırğızıstan və Türkmənistandan olan tibb turistlərinin sayı isə iki dəfə artıb.

XS
SM
MD
LG